Zəlzələdən 261 saat sonra növbəti möcüzə yaşandı - 2 nəfər dağıntılar altından sağ çıxarıldı

Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcıdır.

Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri də tviterdə sevincini paylaşıb: “Bu gecə bir daha gözümüz aydın. 33 yaşlı qardaşımız Mustafa dağıntılar altından zəlzələnin 261-ci saatında qurtarılıb. İlkin tibbi müdaxilə Hatay Səhra Xəstəxanasında edilir”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4 700-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 38 044 nəfər dünyasını dəyişib.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar