Menu

“Ukraynanın qələbəsi Azərbaycanın qələbəsinə bənzəyəcək...” - "Azərbaycan Ordusu da sona qədər getmədi..."

21.02.2023, 13:00
“Ukraynanın qələbəsi Azərbaycanın qələbəsinə bənzəyəcək...” - "Azərbaycan Ordusu da sona qədər getmədi..."

Məlum olduğu kimi, hələ 2014-cü ildən bəri Ukraynanın Rusiya işğalına qarşı davam edən müharibəsi bir çox cəhətlərinə görə bizim ölkənin erməni işğalına qarşı apardığı mübarizəyə bənzəyir. Hər iki ölkə Rusiyanın birbaşa silahlandırdığı, himayə etdiyi və maliyyələşdirdiyi separatizm və terrorçuluqla mübarizə aparmalı olub. Lakin 2020-ci ilin payızında Azərbaycan böyük ölçüdə işğalçı Ermənistan üzərində qələbə çalsa da, Ukrayna hazırda bu savaşın ən qaynar dövrünü yaşamaqdadır.

“AzPolitika.info” xəbər verir ki, tanınmış ukraynalı politoloq Mixail Şeytelman yerli televiziyalardan birinə açıqlamasında Rusiya-Ukrayna müharibəsinin başa çatması perspektivləri barədə maraqlı proqnoz verib. 

Şeytelman deyib ki, ümumilikdə Rusiya məğlub olsa da, böyük ehtimalla Ukraynanın tam qələbəsi və Krım da daxil olmaqla bütün torpaqlarını qeyd-şərtsiz geri qaytarması mümkün olmayacaq: “Mən inanıram ki, müharibə 2023-cü ildə bitəcək... Ancaq bu qələbə (boks dili ilə desək) nokautla deyil, xallar əsasında qələbə olacaq”.

Jurnalist Şeytelmandan fikrini konkretləşdirməsini istədikdə politoloq Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibəni misal gətirib: “Nokautla qələbə o olardı ki, Ukrayna Ordusu Sevastopolda addımlayardı. Bu, tam qələbə olardı. İndi isə bizim üçün ən yaxın tarixi analoqa baxaq – 2020-ci ilin Ermənistan-Azərbaycan müharibəsi. Azərbaycanın tam qələbəsi o olardı ki, Azərbaycan Ordusu Xankəndində addımlayardı. Ancaq o, (sona qədər) getmədi. Baxmayaraq ki, Azərbaycan birmənalı olaraq, bu müharibədə qalib gəldi, təxmini olaraq bütün ərazilərini geri qaytardı. Bir daha təkrarlayıram, təxminən bütün ərazilərini. Ancaq tam qələbə nöqtəsi olmadı. Daha doğrusu, bir nöqtədə Ermənistan məğlub olaraq dedi ki, bu məsələni bitirək, biz sizin istədiyiniz təxminən bütün əraziləri qaytarırıq. Hamısını yox, təxminən hamısını… Hesab edirəm ki, bizdə də buna bənzər, bu ruhda bir vəziyyət, anlaşma olacaq – Ukraynaya(torpaqların) hamısı olmasa da, təxminən hamısı qaytarılacaq”.

Şeytelman əlavə edib ki, Qərbin son addımları və qərarları, Ukraynaya verilən birmənalı dəstək və silahlanma bəyanatları, Münhen konfransı, ardınca Co Baydenin Kiyevə səfəri və s. artıq Ukraynanın Rusiya üzərində tezliklə qələbə çalmasına dair qərar verildiyinin göstəricisidir.

C.Məmmədov

“AzPolitika.info”   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol