Menu

Milli Məclisin sədri Avropa Parlamentinin rəhbərinə cavab verib

21.02.2023, 14:19
Milli Məclisin sədri Avropa Parlamentinin rəhbərinə cavab verib

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri Roberta Metsola tərəfindən ona ünvanlanmış məktuba cavab verib.

Milli Məclisin sədri cavab məktubunda bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı yüksək səviyyəli münasibətlər və bu münasibətlərin daha da inkişaf etdirilməsi perspektivləri fonunda hakimiyyətin qanunverici qolları arasında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Məclisi həmişə Avropa Parlamenti ilə qarşılıqlı fəaliyyətin dərinləşməsinə hazır olduğunu nümayiş etdirib.

S.Qafarova məktubda Avropa Parlamenti sədrinin təmsil etdiyi qurumun Milli Məclislə qarşılıqlı hörmət ruhunda yaxşı münasibətlər qurmağa davam etmək öhdəliyinə dair sözlərini müsbət qiymətləndirib.

Bununla belə, Azərbaycan parlamentinin sədri qeyd edib ki, beynəlxalq əməkdaşlıq mexanizmlərində də təmsil olunan parlament üzvlərimizin öz səlahiyyətlərinə daxil olan məsələlər barədə fikirlərini sərbəst ifadə etmək hüququ var. Parlamentimizdə senzura qəbuledilməzdir.

Cavab məktubunda deyilir ki, Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsindəki (PƏK) nümayəndələri avropalı tərəf müqabilləri ilə dialoqun daha da genişləndirilməsi niyyətinə əsaslanaraq, öz həmkarları ilə fəal ünsiyyətdə olmuş və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yönəlmiş yeni təşəbbüslər üzərində çalışmışlar. Biz Avropa Parlamenti tərəfindən də eyni səviyyədə münasibət görmək istərdik. Qərəzli bəyanatlarda və qətnamələrdə ifadə olunan yalan, qərəzli və birtərəfli ittihamlar konstruktiv tənqid kimi qəbul edilə bilməz və yuxarıda ifadə olunan məqsədlərə xidmət etmir. Həmçinin, PƏK Milli Məclislə Avropa Parlamenti arasında birgə səylər vasitəsilə əməkdaşlığın möhkəmləndirilməsinə kömək edən platforma olmalıdır.

Parlamentin sədri iki qurum arasındakı əməkdaşlığın qarşılıqlı etimad və anlaşma əsasında güclənəcəyinə ümidvar olduğunu bildirib.

Şərhlər

dadaşyev 2023-02-22 01:39:10

“Tərəf müqabili” ifadəsi dilimizə elə yeriyib ki,ifadənin yanlış olduğunun fərqinə varmırıq.”Tərəfe-müqabil”,yəni əks tərəf,qarşı tərəf deməkdir,odur ki ”müqabil tərəf” deyəcəyimiz halda “tərəf müqabili” deyirik.Necə yəni “tərəf müqabilimiz”? ”Tərəf əksimiz”,”tərəf qarşımız” nə demək olur yəni?Türklər önəmli bir yerə,məsəla,elçiliyə gedəndə deyərlər “əfəndim,səbəbi-ziyarətmiz budur ki”.Yəni ziyarətimizin səbəbi.”Tərəfe-müqabil” də o tipdən.Televiziyada bir ifadə də çox işlənməkdədir.”Sözün əsl mənasında” ifadəsi.Tamamən yersiz işlədirlər bunu.Deyir ki filankəsin maşını sözün əsl mənasında yandı.Necə yəni sözün əsl mənasında?Yandısa yandı.Əgər birisi kredit almaqla yandısa,bu,sözün əsl mənası deyil,yəni zibilə düşdü,bank xirtdəyindən yapışdı evini-maşınını satmalı oldu,məcazi mənada yandı.Yox əgər birisi üstünə benzin töküb özünü yandırdısa,demək sözün əsl mənasında yandı.Və ya “belə deyək dəə” ifadəsi.Deyir “filan rayonda qar hələ də,belə deyək də,yağır”.A balam,necə yəni belə deyək?Qardı da,yuxarıdan aşağı düşür,demək yağır.Belə deməyib başqa nə cür demək olar ki bunu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol