“BİZİ MƏHV ETMƏK İSTƏYİRLƏR...” – Priqojin Şoyqu və Gerasimovu vətənə xəyanətdə ittiham etdi

“Vaqner PMC” şirkətinin təsisçisi və sponsoru, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini kəskin ittiham edən bəyanat yayıb.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Priqojin bildirib ki, hərbi rəhbərlik onun şirkətini məhv etməyə çalışır, bu isə vətənə xəyanətə bərabərdir. Priqojin iddia edib ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov “Vaqner” qırıcılarına döyüş sursatının verilməsini qadağan ediblər. 

"Baş Qərargah rəisi və Müdafiə naziri sağa-sola əmrlər verirlər ki, “Vaqner PMC” nəinki döyüş sursatı, hətta hava nəqliyyatı vermək qadağandır. İndi məlumat gəlib ki, onlar bizə hətta istehkamçı kürəkləri vermək istəmirlər ki, uşaqlar səngər qaza bilsinlər. Buna PMC-ləri məhv etmək cəhdindən başqa ad vermək olmaz”, - Priqojin bildirib.

Xatırladaq ki, Priqojinlə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi arasında münaqişə uzun müddətdir ki, davam edir. Ötən ilin dekabr ayında PMC-nin muzdlu döyüşçüləri video çəkərək Baş Qərargah rəisi Valeri Gerasimovu təhqir ediblər və ondan döyüş sursatları tələb ediblər. 

Ötən gün Priqojin Ukraynanın Baxmut şəhəri yaxınlığında döyüşən “Vaqner PMC” döyüşçülərinin mərmi təchizatında böhran yarandığını açıqlayıb. Lakin Müdafiə Nazirliyinin rəhbərlərinə qarşı birbaşa ittihamlar səsləndirməyib.

Priqojin eyni zamanda iddia edir ki, Rusiya ordusunda mərmi çatışmazlığı yoxdur. Onun sözlərinə görə, bu sursatın gətirildiyi anbarları, dislokasiya nömrələrini və hətta qutularının yerini bilir, lakin onun bütün tanışları və əlaqələri bu mərmilərin Baxmutu götürməyə çalışan “Vaqner PMC” döyüşçülərinə verilməsinə nail ola bilmir.

Priqojinin sözlərinə görə, 2022-ci ilin payızında Ukraynadakı rus qoşunlarına general Surovikin komandanlıq edərkən, PMC-nin mərmi problemi yox idi: “Hərbi sənaye çalışsa da, döyüşçülərim hərbi rəhbərliyin günahı üzündən ölür. Mən demirəm ki, rus əsgərləri cəbhədə həlak olanda sən səhər yeməyini qızıl qablarda yeyirsən, qızlarını Dubaya dincəlməyə göndərirsən...”

Daha əvvəl media yazmışdı ki, “Vaqner PMC” ölən əsgərlərin cəsədlərini Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasındakı münaqişə səbəbindən döyüş bölgəsindən çıxara bilmir.

Rusiya Müdafiə Nazirliyinin hesabatlarında “Vaqner PMC” döyüşçülərinin Ukraynaya qarşı müharibədə iştirakı qeyd olunmur.

Fevralın 21-də Federal Məclisə müraciətlə çıxış edən Rusiya Prezidenti Vladimir Putin də Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edən bölmələr arasında “Vaqner PMC”nin adını çəkməyib.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Camal 2023-02-24 12:36:50

Keçin Ukrayna tərəfə...

Son yazılar