Macarıstanın Baş naziri Viktor Orban Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin birinci ildönümü ilə bağlı öz “twitter” səhifəsində paylaşım edib.
“AzPolitika.info” xəbər verir ki, Baş nazir tərəfləri danışığa dəvət edib və eyni zamanda bildirib ki, Rusiyanın qalib gəlməsi mümkün deyil: “Rusiya qalib gələ bilmir, çünki bütün Qərb dünyası Ukraynanın tərəfindədir. Eyni zamanda, Rusiya nüvə dövlətidir, nüvə dövlətini isə küncə sıxışdırmaq olmaz, çünki bu, nüvə müharibəsinə təhrik edə bilər. Bizə atəşkəs və sülh danışıqları lazımdır. Nə qədər tez olsa, bir o qədər yaxşıdır”.
Qeyd edək ki, bu, Orban bundan öncə də oxşar məzmunda çıxış edərək, Rusiyanın nüvə silahına işarə vurmuşdu. Lakin rusiyapərəst Baş nazir Rusiyanın adi müharibədə qalib gələ bilməyəcəyini ilk dəfə belə açıq şəkildə bəyan edib.
Xatırladaq ki, bu gün BMT-də Rusiyanın Ukraynadan qoşunlarını çıxarmasını tələb edən qətnamənin qəbulu zamanı Macarıstan bu qərarın lehinə səs verib.
“AzPolitika.info”


Şərhlər