Menu

Milli Məclisə yeni qanun layihəsi təklif edildi – Komitə sədri məqsədi və gözləntiləri açıqladı

24.02.2023, 18:24
Milli Məclisə yeni qanun layihəsi təklif edildi – Komitə sədri məqsədi və gözləntiləri açıqladı

Bu gün Milli Məclisin plenar iclası keçirilib.

“AzPolitika.info” xəbər verir ki, iclasda qurumun Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun layihəsini təqdim edib.

Layihə barədə danışan millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan enerji siyasəti həm ölkəmizin, həm regionun, həm də Avropanın həyatında mühüm rol oynayır. Onun sözlərinə görə, təklif olunan layihə Azərbaycanın bu sahədə sürətli inkişafına öz müsbət töhfəsini verəcək.

S.Qurbanov vurğulayıb ki, ölkəmizdə aparılmış sahibkarlığın inkişafı tədbirləri nəticəsində özəl sektorun formalaşması və inkişafı bu sahədə yaranan münasibətləri tənzimləyən yeni qanunların qəbul edilməsini tələb edir: “Eyni zamanda elektroenergetika sektorunda liberal bazar modelinə keçid və yeni sahibkarlıq subyektlərinin yaranması üçün də hüquqi bazanın yaradılması vacibdir. Nəzərə almaq lazımdır ki, qüvvədə olan “Elektroenergetika haqqında” Qanun 1998-ci ildə qəbul edilib. Ötən müddət ərzində dünyada elektroenergetika sektorunda baş vermiş inkişaf və dəyişikliklər, həmçinin ölkəmizin elektroenergetika sektorunda qonşu və Avropa ölkələri ilə əməkdaşlığının inkişafı istiqamətində görülmüş işlər beynəlxalq təcrübəyə uyğun yeni qanunun qəbulunun zəruri olduğunu göstərir”.

Komitə sədri qeyd edib ki, layihənin irəli sürülməsində məqsəd elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan münasibətləri tənzimləmək, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməkdir.

“Qanunun qəbulu növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetindən ikisi: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat və təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi üzrə strateji çərçivəyə uyğun olmaqla yanaşı “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının hər iki prioriteti üzrə tədbirlər planına daxil edilmiş tədbirlərin icrasına müsbət təsirini göstərəcək”, - Komitə sədri əlavə edib.

Sadiq Qurbanovun sözlərinə görə, layihə hazırlanarkən beynəlxalq təcrübə, respublikamızda bazar iqtisadiyyatının mövcud inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri nəzərə alınıb: “Layihə hazırlanarkən nümunə kimi hansısa konkret bir ölkə seçilməmiş və onun qanunvericiliyindən istifadə edilməyib. Layihədə Avropa İttifaqına üzv olan ölkələrin, Türkiyənin və bəzi post-sovet ölkələrindən Rusiya, Moldova, Ukrayna, Qazaxıstan, Gürcüstanın təcrübəsindən istifadə edilib. Avropa İttifaqına üzv olan ölkələrin elektroenergetika qanunvericiliyi Avropa İttifaqının enerjiyə aid direktivlərinə uyğun hazırlandığından və bəzi post-sovet ölkələrinin qanunvericiliyi hazırlanarkən həmin ölkələrin təcrübəsindən istifadə olunduğundan ilk növbədə Avropa İttifaqının daxili elektrik enerjisi bazarının ümumi qaydalarına dair direktivinin aşağıdakı əsas prinsipləri layihədə rəhbər tutulub:

Subyektlərin ayrılması - elektrik enerjisinin istehsalçısının, ötürücüsünün, paylayıcısının və satıcısının ayrı-ayrı subyektlər olması nəzərdə tutulur. Bu subyektlər arasında yaranan münasibətlərin müqavilə əsasında həyata keçirilməsi bazar iqtisadiyyatının mahiyyətinə uyğun olmaqla layihənin tələblərindən biridir.

Elektroenergetika subyektlərinin ayrılması da rəqabət mühitinin yaranması imkanlarını artırır. Qüvvədə olan qanunda isə subyektlərin ayrılması tələbi yoxdur. Məsələn, hal-hazırda qüvvədə olan “Elektroenergetika” haqqında Qanunda enerji istehsalı, nəqli və paylanması ilə əlaqədar fəaliyyət növləri nəzərdə tutulsa da, enerjinin satıcısı kimi ayrıca subyektlərin yaradılması mümkünlüyü göstərilmir;

Bazara girişin təmin edilməsi - elektroenergetika subyektlərinin elektrik enerjisi bazarında sərbəst iştirakı nəzərdə tutulur. Layihədə topdan və pərakəndə satış bazarlarının subyektləri müəyyən edilmiş və bazarda malın alqı-satqısı və xidmətlərin göstərilməsi proseduru öz əksini tapıb. Qüvvədə olan qanunda isə topdan və pərakəndə satış bazarlarını tənzimləyən müddəalar demək olar ki, nəzərdə tutulmayıb;

Tənzimləyici orqanın yaradılması. Tənzimləyici elektroenergetika sektorunda qiymətləri müəyyənləşdirən, elektrik enerjisi bazarını tənzimləyən orqan hesab edilir. Topdansatış bazarında qiymətlər qiymət tələbnamələri əsasında formalaşsa da bəzi tariflərin tənzimlənməsi, icazələrin verilməsi, mübahisələrin həlli və sair üçün tənzimləyiciyə ehtiyac vardır. Layihədə bazar münasibətlərinin yaranmasında tənzimləyicinin iştirakı nəzərdə tutulub;

Sərbəst istehlakçıların elektrik enerjisi təchizatçısını seçmək hüququnun təmin edilməsi istehlakçıların etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsi hüququnun həyata keçirilməsinə xidmət edir. Layihəyə əsasən istehlakçı təchizatçı ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra onun enerji ilə təchizatı təchizatçı i ilə paylayıcı arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bu o deməkdir ki, sərbəst istehlakçı həmin ərazidə fəaliyyət göstərən və sərfəli qiymət və keyfiyyətli xidmət təklif edən istənilən təchizatçı ilə müqavilə bağlamaqda sərbəstdir;

Rəqabət mühitinin formalaşdırılması bazar iqtisadiyyatının əsas tələblərindən biri kimi elektrik enerjisi istehlakçılarının keyfiyyətli və münasib qiymətli enerji və xidmətlərlə təmin edilməsinə şərait yaradır. Elektroenergetika sahəsində yeni subyektlərin yaradılmasına və fəaliyyətinə imkan verilməsi dolayısı ilə bu sahədə rəqabət mühitinin formalaşdırılmasına zəmin yaradır. Bunun üçün layihədə elektrik enerjisinin istehsalı və təchizatı sahələrində rəqabət mühitinin formalaşmasına imkan verən müddəalar nəzərdə tutulub”.

Millət vəkili əlavə edib ki, layihədə elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, birinci mərhələyə aid tədbirlərin 18 ay müddətində, ikinci mərhələyə aid tədbirlərin 3 il müddətində həyata keçirilməsi təklif olunur, üçüncü mərhələdə isə qanun layihəsinin bütün müddəalarının qüvvəyə minməsi və elektrik enerjisi bazarının bütün elementlərinin tətbiq olunması nəzərdə tutulur.

Komitə sədri daha sonra bildirib ki, hazırlanmış layihə aşağıdakı nəticələrin əldə edilməsinə imkan verəcək:

- Liberallaşdırma başa çatdırılır və tənzimlənən fəaliyyət növləri (ötürmə və paylama) rəqabətqabiliyyətli fəaliyyət növlərindən (istehsal və satış) ayrılır, istehsalda və satışda müstəqil subyektlər yaranır, yeni yaranan subyektlərin paylayıcı və ötürücü elektrik şəbəkələrindən bərabərhüquqlu və şəffaf istifadəsi təmin edilir;

- Dövlət elektroenergetika müəssisəsi və enerjitəchizat müəssisəsi bölünür, onların bazasında enerjisistemin idarə edilməsini həyata keçiriən ötürücü sistem və enerjinin paylanmasını təmin edən paylayıcı sistem operatorları yaradılır;

- Elektrik enerjisinin qiymətləri sərbəstləşir və qiymətlər bazar (topdansatış və pərakəndəsatış) vasitəsilə müəyyənləşdirilir (ötürmə və paylama tarifləri, elektrik enerjisinin sərbəst istehlakçılara təchizatı tarifləri dövlət tərəfindən tənzimlənir);

- Müstəqil bazar operatoru tərəfindən mərkəzləşdirilmiş bazarın, ötürücü sistem operatoru tərəfindən balanslaşdırıcı və köməkçi xidmətlər bazarının işi təşkil edilir;

- Bütün sahə üzrə dövlət tənzimlənməsini Tənzimləyici həyata keçirir;

- Dövlət subsidiyaları və dövlət investisiyasının cəlbi dayandırılır, xərclər və investisiyalar bazarda formalaşan qiymətlər və xərc əsaslı tariflər hesabına təmin edilir;

- Rəqabətin formalaşması investisiyanın cəlbi və enerjinin qiyməti üçün əlverişli mühit yaradır”.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol