"LAÇIN YOLUNDA DÖVLƏT SƏRHƏDİNƏ NƏZARƏTİ BƏRPA ETMƏLİYİK!...” – "Bu halda Rusiya bizim qarşımızı kəsə bilməz”

İlham İsmayıl: “Rusiya hərbi kontingentinə maşınlara baxış rejimini yaratmaq haqqında xəbərdarlıq edilməli, aksiya iştirakçılarının sayını artırmaq, azərbaycanlı qaçqınların nümayəndələrini aksiya yerinə cəlb edib, “evimə gedirəm” şüarlarını qaldırmaq lazımdır”

Elxan Şahinoğlu: “Yola davam etməliyik, başlıca hədəfimiz Qarabağın tamamında suverenliyimizin bərpasıdır”

Dünən Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovun diqqətçəkən bəyanatı Laçın yolu ilə bağlı idi.

O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 9-10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır: “Bu isə o deməkdir ki, Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz təmaslarımızda, hər şeydən öncə, sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var. Biz bu gün buna toxunduq. Texniki detallar əhəmiyyətinə görə ikinci dərəcəlidir”.

Bu bəyanatı şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Lavrovun Bakı səfərindən əsas gözlənti Laçın yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması haqqında razılığın əldə olunması idi, amma bu alınmadı.

Onun sözlərinə görə, ermənilər Rusiyanın bu mövqeyindən razı qaldıqlarını gizlətmir, nəticədən çox razı qalan parlamentin sədri Alen Simonyan Laçın yolunda azərbaycanlıların etiraz aksiyasının Azərbaycanın əleyhinə işlədiyini və tezliklə Haaqa Məhkəməsinin qərarına əsasən yolun açılacağını qeyd edib.

Ekspert xatırladır ki, ümumiyyətlə, bir sıra Rusiya rəsmiləri fevralın son gününü Ermənistana həsr edib və ermənilərin maraqlarına uyğun addımlar atıblar: “Rusiyanın Ermənistandakı səfirliyi Sumqayıt hadisələrinin 35 -ci ili münasibətilə başsağlığı verərək “Sumqayıt faciəsini bu günlərdə kədərlə yad edirik” bildirib. Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Moskvada Ermənistan müdafiə nazirinin müavini general Karen Brutyanı qəbul edib və perspektiv hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xankəndidə Rusiya hərbiçiləri 12 məktəbdə olub və 700 ailəyə ərzaq yardımı göstərib. Amma, əsas xidməti təbii ki, Lavrov Bakıda göstərdi və ermənilərin həyəcanla izlədikləri nəzarət buraxılış məntəqəsinin yaranmasına Rusiya imkan vermədi”.

Təhlilçi qeyd edir ki, Ermənistan hakimiyyətinin Rusiyanın maraqları əleyhinə atdığı son hərəkətlərə - KTMT sənədinə imza atmamaq, KTMT təliminə Ermənistan ərazisində icazə verməmək, xarici işlər nazirlərinin Moskva görüşünə getməmək, Avropa İttifaqının komissiyasını iki illiyinə Ermənistana dəvət etmək və s. anti - Rusiya mövqelərə Moskvanın necə reaksiya verəcəyi maraqlı idi: “Bu barədə sual etmişdik ki, Rusiya “günah yuyacaq”, yoxsa “günahkarı cəzalandıracaq”? Məlum oldu ki, Rusiya ermənilər qarşısında “günahlarını yumağa” üstünlük veriblər. Azərbaycan Fərrux dağındakı mövqedən geri çəkilməyəcəyini bildirəndə Rusiya parlamentinin deputatı Delyagin “Bakıya atom bombası atmalıyıq” bəyanatı ilə çıxış etmişdi. Amma erməni nə qədər rusu söysə də, Putini sonuncu dəfə İrəvandan çox urvatsız yola salsa da, “gözün üstə qaşın var” deyən olmadı. Əksinə, Lavrov Azərbaycana öz sərhədində nəzarət-buraxılış məntəqəsini yaratmağa imkan verməyərək, 10 noyabr razılaşmasına istinad etdi. Həmin razılaşmadakı başqa bəndləri – erməni silahlı qüvvələrinin çıxarılmasını, azərbaycanlı qaçqınların keçmiş “dağlıq Qarabağ” ərazisinə qayıtmasını, Zəngəzur yolunun açılmasını isə yada salmadı”.

İ.İsmayıl əlavə edir ki, ABŞ-ın, Avropa İttifaqı yetkililərinin anlaşıqla qarşıladıqları məsələyə Rusiya etiraz etdi, gedən sülh arabasının təkərinə çomaq uzatdı.

“Nə etməliyik” sualına cavabında təhlilçi bildiridi ki, Brüssel formatına üstünlük verməliyik və əlbəttə ki, Laçın yolundakı etiraz aksiyamızı davam etdirməliyik: Vardanyanın vəzifədən getməsi bu işin kompensasiyası ola bilməz! Qarabağdakı erməni silahlı qüvvələrinə hər gün ərzaq, hərbi geyim, digər gündəlik təminat malları daşıyan Rusiya hərbi kontingentinə maşınlara baxış rejimini yaratmaq haqqında xəbərdarlıq edilməli, ümumiyyətlə aksiya iştirakçılarının sayını artırmaq, azərbaycanlı qaçqınların nümayəndələrini aksiya yerinə cəlb edib, “evimə gedirəm” şüarlarını qaldırmaq lazımdır. Ağdamın Mərzili kəndində yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzini Laçın yolundakı dövlət sərhədinə yerləşdirmək və sərhəd nəzarət funksiyasını müvəqqəti olaraq bu quruma həvalə etmək haqqında Rusiya ilə təcili danışıqlara başlamaq lazımdır. Necə olur ki, Ermənistan Rusiyanın bütün etirazlarına baxmayaraq Avropa İttifaqının komissiyasını gətirib Rusiya sərhədçilərinin gözünün qarşısına qoya bilir, biz öz sərhədimizə legitim “monitorinq mərkəzini” yerləşdirə bilmirik? Bizə imkan vermirlərsə, Türkiyə nümayəndələrinin, eləcə də Rusiyanın da təmsil olunduğu “monitorinq mərkəzi”nə niyə etiraz edilməlidir? Rusiyanın formal nəzarətinə son qoyub, Türkiyə nümayəndələrinin nəzarəti altında qanunsuz yüklərin daşınmasının qarşısı alına bilər. Avropa İttifaqının komissiyasına dözən Rusiya buna da etiraz etməsin”.

Ekspert vurğulayır ki, Rusiya yenə etiraz edəcək, o zaman biz sərhədimiz və Qarabağın qalan ərazilərində suveren hüquqmuzu, dövlət nəzarətimizi yaratmaq üçün qərar verməliyik.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Lavrovun Bakıya gəlməsi növbətçi səfər idi: “Rusiyalı baş diplomat rəsmi Bakının, rəsmi Bakı isə onun nəbzini yoxladı. Rusiyanın xarici işlər naziri az qala hər il Azərbaycana gəlir, müxtəlif açıqlamalar verib geri qayıdır. Lavrov və ya digərləri əlimizi-qolumuzu bağlamayıblar, yola davam etməliyik, başlıca hədəfimiz Qarabağın tamamında suverenliyimizin bərpasıdır. Rusiyadakı dairələr bunda maraqlı olmasalar da, qarşımızı kəsə bilməyəcəklər”.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

RR 2023-03-02 08:36:23

men biler diqlarnan , rusdarin bu, bir oyunudu))

dadaşyev 2023-03-02 00:55:51

Laçın yolunda dövlət sərhəd nəzarət-buraxılış məntəqəsini qurmaqda iki il dörd ay gecikmişik.2020-ci ilin 10 noyabrındaca, zəfər ruhuyla o sərhədə çıxdığımızda kimsələri dinləmədən qurmalıydıq sərhəd dirəklərini,çünki dünyanın əksər ölkələrinin bizi haqlı hesab etdiyi və diqqətlə savaşı izlədiyi həssas zaman idi; biz əgər o zaman sərhəd dirəklərimizi qursaydıq bir neçə düşmən ölkədən başqa kimsə bizə məntiqi irad tuta bilməzdi.Madam ki haqlıydıq torpaqlarımızı işğaldan azad etməkdə,demək ki sərhəd dirəklərimizi qurmaqda da bizi haqlı hesab edəcəkdilər,belə ki hər bir dövlətin öz sərhədində sərhəd dirəklərini qurmaq və nəzarət-buraxılış məntəqəsi qoymaq o dövlətin təməl haqqıdır,buna nə deyib qarşı çıxmaq olar?İndi də gec deyil,sadəcə,indi vəziyyət bir az ruscadı,bir az fransızcadı,bir az hindcədi.Farscadı demirəm,çünki fars tarix boyunca türkə nəsə pislik eləmək istədiyində türklər o saat onları başa salıblar ki,a gədə,a pədərsüxtə,a kəlbi-əqur,nə qədər hündürə tullanmaq istəsən də əndamından yuxarı tullanammazsan,çünki dar ağızdan gen öskürmək olmaz.O kadar net yani kardeşim.

Son yazılar