"TƏXRİBATLARIN ARXASINDA RUSİYA DURUR" - "Sülhməramlıların Qarabağda qalması qanunsuzdur"

“Rusiya siyasətinin əsas məqsədi iki ölkə arasında münaqişənin davam etməsindən ibarətdir, sülhməramlıları da bu siyasətin alətidi"

"Sülhməramlıların öz hesabatlarında separatçıların törətdiyi insident haqqında məlumat qeyd etməməsi isə birbaşa olaraq öz günahlarını ört-basdır etməkdən ibarətdir"

Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanılması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində Ordumuzun 2 hərbi qulluqçusu şəhid olub. Düşmən tərəfdən isə 3 təxribatçı məhv edilib, biri ağır yaralanıb.

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qanunsuz erməni silahlı dəstələrinin hərbi daşımalarına dair yeni görüntülər əldə edilib. Görüntülər “Caliber” kanalında yayılıb. Kanal bildirir ki, görüntülər martın 7-də qeydə alınıb. Videoda qanunsuz silahlı dəstələrin hərbi nəqliyyatının Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərəkət etdiyi görünür.

Kadrda Rusiya sülhməramlı kontingentinin 2 “UAZ Patriot” maşını, onun ardınca qanunsuz erməni silahlı birləşmələrinə məxsus “Ural” yük maşını və su çəni olan “KamAZ”, sonda isə üzərində Rusiya bayrağı olan BTR-82A zirehli maşınının hərəkəti əks olunub. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi Rusiya sülhməramlılarına da xəbərdarlıq edib. Diqqətə çatdırılıb ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir.

Bəzi ekspertlərin fikrincə, Qarabağdakı erməni silahlı dəstələri birbaşa Ermənistan Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilir və silahlandırılır. Ermənistan 44 günlük müharibədə məğlub olsa da, Qarabağda olan separatçılara hələ də öz dəstəyini göstərir. Amma o da sirr deyil ki, erməni silahlı dəstələri rus sülhməramlılarının gözü önündə mövqelərini gücləndirir. Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, 10 noyabr sazişinin 4-cü bəndi yerinə yetirilməyib. Təbii ki, baş verənlərdə rus sülhməramlılarının da birbaşa məsuliyyəti var. Necə olur ki, Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazidən ermənilər silah-sursat daşıyır, onlar isə bunun qarşısını almırlar. Yeri gəlmişkən, Müdafiə Nazirliyi bildirib ki, insident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib", - rəsmi açıqlamada qeyd olunub.

Yada salaq ki, Paşinyan hökuməti bir müddət əvvələdək Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edirdi, hətta onların BMT sülhməramlı kontingenti ilə əvəzlənməsini istəyirdilər. Belə görünür ki, Qarabağda gərginlik indilikdə təkcə İrəvanın deyil, sülhməramlı kontingentin də maraqlarına uyğundur. Sülhməramlılar Paşinyanın əmrində, separatçı ermənilərin xidmətində deyilsə, o halda erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməli deyilmi? Prosesin indiki vəziyyətdə davam etməsi haraya aparır? Rusiya tərəfi Azərbaycana qarşı törədilmiş təxribatı niyə görməzdən gəlir?

Azərbaycana qarşı ilginc plan - “Rusiya Paşinyanı həm də buna görə devirmək istəyir...”

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirib ki, 5 martda Şuşa yaxınlığında baş vermiş hadisəyə gətirib çıxaran əsas səbəbkar Rusiyanın ərazidə yerləşən sülhməramlı qüvvələridir. Ona görə ki, Rusiya tərəfi 10 noyabr üçtərəfli bəyanatına əsasən bölgəyə sülhməramlılarını daxil edərkən paralel olaraq erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməli idi. Amma iki ildən artıqdır Rusiya sülhməramlı qüvvələri bəyanatın bu tələbini yerinə yetirməyiblər: Ona görə də əslində sülhməramlı qüvvələr əgər erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasını təmin etmədikləri üçün onların özlərinin orada qalması qanunsuzdur. Çünki sülhməramlıların ərazidə yerləşməsi, dediyimiz kimi, erməni silahlı birləşmələrinin tərk-silah edilməsi və Qarabağdan çıxarılması ilə paralel həyata keçirilməli idi. Rusiya sülhməramlılarının bunu etməməsi gətirib indiki gərginliklərə, erməni təxribatlarına çıxarıb. Erməni silahlı birləşmələrinin, erməni terror qruplarının orada qalması, fəaliyyət göstərməsi, hərəkətləri Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır. Ermənilər bundan ruhlanırlar və təxribatlar törədirlər. Martın 5-də həyata keçirdikləri təxribat da bundan qaynaqlanır. Rusiya sülhməramlı qüvvələri Ermənistandan separatçı ermənilərə silah, mərmilər, minalar daşınmasına açıq-aşkar şərait yaradır. Bütün qanunsuz daşımalar məhz rus sülhməramlıların gözləri qarşısında reallaşdırılır. Bu vəziyyəti Azərbaycan uzun müddətdir müşahidə edirdi və bu barədə istər sülhməramlıların komandanlığına, istər Moskvaya, istər Brüsselə və digər beynəlxalq təşkilatlara məlumat verib, bu qanunsuzluğa son qoyulması tələbini irəli sürüb. Amma bütün bunlara baxmayaraq ermənilərin bu qanunsuzluqlarının qarşısı alınmayıb”.

Politoloq qeyd etdi ki, Azərbaycan tərəfi öz suveren hüquqlarına uyğun olaraq, BMT nizamnmasindəki prinsipləri əsas götürərək öz ərazisində qeyir-qanuni daşımalar həyata keçirilməsinin qarşısını almaq istiqmətində qanuni tədbir görüb: "Amma Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlama və bülletendə birmənalı olaraq qanunsuzluğa, təxribata yol verən erməni separatçılarının mövqeyindən çıxış edilir. Bu, artıq tamamilə təsdiqləmiş oldu ki, ermənilərin qanunsuzluqlarının, təxribatının arxasında Rusiya sülhməramlı qüvvələri durur. Ona görə də Azərbaycan cəmiyyəti artıq Rusiya sülhməramlı qüvvələrinin ərazilərimizi tərk etməsi tələblərini dilə gətirir. Rusiya bu vəziyyətin geniş miqyas almasını istəmirsə, sülhməramlı qüvvələrinin separatçı ermənilərin xidmətində olmadığını sübut etmək istəyirsə, ilk növbədə erməni silahlılarının dərhal Qarabağdan çıxarılmasını təmin etməli, İrəvanın işğalçılıq maraqlarına uyğun addımlar atmaqdan çəkinməlidir. Əks halda, Azərbaycanın öz ərazisində suveren hüquqlarını təmin etməsi üçün yenə də vaxt gəlib çatır. Azərbaycan 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərini güc yolu ilə həyata keçirdiyi kimi, bu dəfə 10 noyabr üçtərəfli bəyanatının tələbini öz gücü ilə təmin etməlidir və edəcək. Çünki Rusiya sülhməramlı qüvvələri öz üzərlərinə düşən öhdəliyi ya qəsdən yerinə yetirmirlər, ya da yerinə yetirmirlər. Sülhməramlıların etməli olduğunu Azərbaycanın güc strukturları edər. Azərbaycan Laçın yolunun yalnız humanitar məqsədlər üçün istifadə olunmasını təmin etməlidir və edəcək. Bunun alternativi yoxdur”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, Rusiya Qarabağda yerləşdirdiyi sülhməramlılardan öz məqsədi üçün istifadə edir: “Rusiya siyasətinin əsas məqsədi iki ölkə arasında münaqişənin davam etməsindən ibarətdir. Onlar bu və ya digər vasitələrlə hər iki ölkəyə təsir etmək niyyətindədir. Rusiya sülhməramlıları da bu siyasətin alətidir. Azərbaycan sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratsa, onların orada imkanları kəskin şəkildə azalacaq. Yəni onlar istədiklərini edə bilməyəcəklər. Hesabat texniki sənəddir və siyasi ağırlığı yoxdur. Onların bu cür hesabat verməyi də normaldır. Yəni biz məgər Rusiya sülhməramlılarından ədalətli mövqe gözləyirik? Azərbaycan Müdafiə Nazirliyi baş verən hadisələrlə bağlı hansı hesabatı verirsə, mənim üçün bu yetərlidir. Yəni Ermənistanın və Qarabağda yerləşən rus sülhməramlılarının yaydığı informasiyanın heç bir əhəmiyyəti yoxdur”.

Deputat Elman Məmmədov: “Prezidentin əvvəl Brüssel, sonra İtaliya səfəri ölkəmiz üçün olduqca vacibdir”

Elman Məmmədov

Milli Məclisin deputatı Elman Məmmədov Modern.az-a bildirib ki, Rusiya tarixin heç bir dövründə bölgədə sülhün olmasını istəməyib: “Onlar bilirlər ki, bölgədə sülh olsa, Rusiya sülhməramlılarına ehtiyac olmayacaq. Təbii ki, Rusiya da bunun olmasını istəmir və bir növ bölgəyə nəzarət etmək fikrindədir. Rusiya hər zaman Azərbaycanla Ermənistan arasında gərginliyin olmasına çalışıb. Təbii ki, Rusiya bizim qonşumuzdur, ancaq qeyd olunan məqamlar reallıqdır”.

Elman Məmmədovun fikrincə, rus sülhməramlıları təxribatla bağlı hesabat verməməklə öz günahlarını gizlədir: “Ekoaktivistlərimizin Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsindən sonra həmin yolla separatçılara silah daşınmasının qarşısı alınıb. Bunu görən separatçılar alternativ yollarla Ermənistandan silah daşımaq istəyib. Mən həmin ərazini çox yaxşı tanıyıram. Onların gəldiyi alternativ yola da Rusiya sülhməramlıları nəzarət edir. Sülhməramlıların razılığı olmadan heç bir yük maşını oradan rahat keçə bilməz. Sülhməramlıların öz hesabatlarında separatçıların törətdiyi insident haqqında məlumat qeyd etməməsi isə birbaşa olaraq öz günahlarını ört-basdır etməkdən ibarətdir. 10 noyabr sazişində qeyd olunur ki, Rusiya sülhməramlıları Qarabağda olan silahlı dəstələri çıxarmalıdır. Onlar bu müddəanı yerinə yetirmək əvəzinə separatçılarla əməkdaşlıq edir. Buradan iki qənaətə gəlmək olar: ya sülhməramlılar öz vəzifələrini yerinə yetirə bilmir, ya da separatçılara bilərəkdən şərait yaradır”.

635x100

Şərhlər

Roma 2023-03-09 14:34:30

Rusiya bütün dünyanın sağalmayan yarasıdır və ya dünyanın bütün bəlalarının kökü Rusiyadır...

Turan 2023-03-08 23:14:09

Rusiya 11 noyabr 2020 -ciildən bu dəqiqələrə kimi Qarabağda təxribatla məşğuldur. Rus faşistlərinin ayağı Qatabağdan çəkilən gün Qafqazda əmin-amanlıq yaranacaq.

t.ədalət 2023-03-08 12:58:04

Rusiya ,ancaq Qarabağda işğaslını davam etdirmir,bu gün Azərbaycanın təhsil sistemində də bu işğal geniş icra olunur.

Son yazılar