MƏNİM TANIDIĞIM İLYAS İSMAYILOV... – Görkəmli dövlət xadiminin 85 yaşı tamam olur

20 mart 2023-cü ildə görkəmli dövlət xadimi, Azərbaycan SSR-nin prokuroru və müstəqil Azərbaycanın ilk Ədliyyə naziri vəzifələrində işləmiş, hazırda Ədalət Partiyasının sədri olan hüquq elmlər doktoru İlyas İsmayılovun 85 yaşı tamam olur.

“AzPolitika.info” təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun bu münasibətlə İlyas müəllim haqqında yazdığı məqaləni təqdim edir:

Hər bir insanın dəyəri onun tutduğu vəzifə ilə deyil, milli-mənəvi dəyərlərə münasibəti, əməlləri ilə ölçülür. Vətən və xalq qarşısında böyük xidmətləri olan İlyas İsmayılovun 85 illik yubileyi ilə əlaqədar qələmə aldığım bu yazıda taleyin ona bəxş etdiyi məziyyətlərdən - xarakter, yüksək əqli mühakimə qabiliyyəti, ciddilik, bir çoxlarının ən başlıca həyat amalına çevrilən yüksək vəzifələrdə işləməsini, atasız böyüdüyü çətin uşaqlıq və gənclik illərini, hüquq fakültəsini əla qiymətlərlə bitirib, çoxlarının xəyal etdiyi prokurorluq orqanlarına təyinat alsa da, imtina edib elmi fəaliyyətlə məşğul olmasıni, Leninqrad Dövlət Universitetinin aspiranturasına daxil olub vaxtından əvvəl - 2 il 6 aya namizədlik dissertasiyası müdafiə edərək hüquq elmləri namizədi alimlik dərəcəsi almasını, alim kimi dərsliklərə düşən fikir və mülahizələrini, gözləmədiyi halda 1978-ci ildə Respublika prokurorunun müavini və 1985-ci ilin yanvar ayında Respublika prokuroru vəzifəsinə təyin olunmasıni, fəliyyətinin ilk aylarından prokurorların repressiv ənənə olan ağır cəza istəməsinə son qoymasını, kadrların seçilməsində “kimin adamı” olmasını deyil, “kim olması” prinsipini həyat normasına çevirməsini, kimsəsizlərə arxa-dayaq olmasını, başqalarından qanun və qaydalara əməl etməyi tələb edib, özü də bu sahədə nümunə göstərməsini, ”pambıq işlərində” Azərbaycanı Özbəkistana çevirmək istəyən Moskvanın məkrli planlarını təkbaşına pozan yeganə rəhbər olmasını, 1988-ci ildə Azərbaycan rəhbərliyinin xahişi və Mixail Qorbaçovun göstərişi ilə Heydər Əliyev və ”əliyevçilər”lə mübarizə pərdəsi altında Azərbaycana göndərilmiş SSRİ Baş prokurorluğu və DİN-nin 162 nəfərlik seçmə əməliyyat-istintaq qrupunun üzvlərinin qanunsuz əməllərini aşkar edərək barələrində cinayət işi başlayıb, onların “dişlərini qırmaqla” respublikanı ağır bəladan xilas etməsini (tabe prokurorun yuxarı prokurorluq işçiləri haqqında cinayət işi başlaması görünməmiş hadisə idi), Qarabağın dağlıq hissəsində Azərbaycan hakimiyyətinin bütün strukturlarının iflic vəziyyətə düşdüyü zaman bu hakimiyyətin yalnız prokuroluqla təmsil olunmasını, həyatda rastlaşdığı haqsızlıqlara, taleyin acı oyunlarına mətanətlə sinə gərməsini, onun həyat amalına çevrilmiş ədalətini deyil, beynəlmiləlçilik ideyalarının ön plana çəkildiyi ittifaq dövlətində əsl Azərbaycan kişisi kimi milli mənəvi dəyərlərin daşıyıcısı olmasını konkret misallarla göstərmək istəyirəm.

Zəngilan rayonunda 17 yaşlı qız dayısının evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlamışdı. Qızın barəsində cinayət işi başlanılmış və prokuror onun haqqında həbs qətimkan tədbiri seçmişdi. İlyas müəllim həmin prokuroru işdən çıxartdı, ona görə ki, həbsxana həyatı yaşamış qızla gələcəkdə heç kim ailə həyatı qurmayacaqdı. Kollegiya iclasında məsələ müzakirə olunarkən bu sərt görünüşlü insanın üzündəki can yanğısını görüb, hiss etməmək mümkün deyildi.

Bir dəfə də rayonların birində çağırışa gəlməyən qız uşağını müstəntiqin qərarı ilə sahə müvəkkili motosikletlə milis şöbəsinə gətirmişdi. İlyas müəllim həmin rayonun prokurorunu yerli adət-ənənə və milli mentalitetimizə hörmətsizlikdə, gənc qızın gələcək həyatına biganəlikdə təqsirləndirərək məzəmmət etmişdi.

1985-ci ilin yay ayları idi. Ağstafa rayonunun sərhəd kəndində ermənilər qəbiristanlıqda ədəbsizlik etmişdilər. Kənd sakinləri erməniləri möhkəm döyüb əzişdirmişdi. Ermənistan SSR-nin prokuroru Suren Avanesov cinayət işi başlayaraq türmə maşını göndərmişdi. Hadisəni eşidən İlyas müəllim digər rəsmi şəxslərlə hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olmuş və qəbirlərə hörmətsizlik edən ermənilərin haqqında cinayət işi başlamışdı. Bundan sonra SSRİ Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiqin apardığı cinayət işləri sonda xitam olunmuşdu.

1990-cı ilin fevral ayında keçirilən kollegiya iclasında MK-nın İnzibati Orqanlarla İş Şöbəsinin müdiri Yasif Nəsirli çıxışında çoxlu sayda mitinqçilərin həbsdən azad olunması barədə İlyas müəllimə birbaşa ittiham irəli sürərkən o, özünəməxsus ötkəm formada demişdi:

- Biz hamımız bu xalqın övladlarıyıq. Hər küçəyə çıxanı həbsə alıb, mühakimə etməliyik?! (Kollegiyanın işində SSRİ Baş Prokurorunun 1-ci müavini iştirak etdiyi üçün, onlar rus dilində danışırdılar).

İlyas müəllim ilk kollegiya iclaslarının birində iki rayonun prokurorunu ciddi tənqid edərək, adi bir hadisəyə görə insanları məsuliyyətə cəlb etmələrini də qınamışdı. Həmin prokurorlardan biri ot tayasına od düşdüyü üçün kolxoz sədrinin barəsində cinayət işi başlayıb, onun məhkum olunmasına nail olmuşdu. İlyas müəllim bu cür yanaşma tərzinin yersiz olduğunu, bununla adi bir səhlənkarlığa görə təkcə kolxoz sədrinə deyil, həm də onun övladlarına zərbə vurulduğunu bildirmişdi. Çünki o dövrün kadr siyasəti ənənəsinə görə, valideyni, yaxın qohumu məhkum olmiş istənilən şəxsin karyerası bitir, onun rəhbər vəzifələrə təyin edilməsi, bəzən hətta kiçik dövlət işində çalışması belə mümkünsüz hala gəlirdi. Dəyəri deyək ki, 30-40 manat olan bir ot tayası üçün təkcə kolxoz sədrinin deyil, həm də onun övladlarının gələcəyinin ləkələnməsi İlyas müəllimi ciddi narahat edirdi.

İlyas müəllimin qəzəbinə səbəb olan digər məsələ bir başqa rayonda istintaq olunan cinayət işi ilə bağlı idi. Rayon məktəbində təssərrüfat müdiri işləyən bir xanıma prokuror CM-nin 86-cı maddəsinin 3-cü hissəsi ilə (kulli miqdarda mənimsəmə) çinayət işi başlamışdı. Həmin xanım isə yetim bir qız idi. Himayəsində 3 bacı-qardaşı vardı. İlyas müəllim kollegiya iclasında bu valideyinsiz qıza ağır cəza vermək təşəbbüsündə olan prokuroru çox sərt şəkildə tənbeh elədi, ciddi arxası olmasına baxmayaraq, üstündən heç bir il belə keçməmiş onu işdən çıxartdı...

Mənim iştirakımla baş vermiş çoxsaylı hadisələrdən ikisini nəql etmək istəyirəm.

İcraatı dayandırılmış işləri yoxlayarkən bir avtoqəza diqqətimi cəlb etdi. Bir kişi üçtəkərli motosikletlə arvadı ilə qonşu kənddən evlərinə gəlir. Həyətdə motosikletdən düşərkən, arvadının tərpənmədiyini görür. Məlum olur ki, arvadın kələğayısının ucu kardana ilişdiyindən boğulub ölüb.

Avto-texniki ekspertizanın rəyinə əsasən sürücü təqsirli bilinirdi, ona görə ki, motosikletdə sərnişin başına kaska qoymalı idi. Meyit daxili müayinə olunmadığına görə CM-nin 208 mad. 2-ci hissəsi ilə başlanmış cinayət işinin icraatı dayandırılmışdı. Mən İlyas müəllimə məruzə etdikdən sonra sürücünün hərəkəti ilə baş vermiş hadisə arasında cinayətkarcasına səbəbli əlaqə olmaması motivi ilə cinayət işinin icraatına xitam verildi.

Yaxud başqa bir fakt. 1989-cu ilin payız ayları idi. Bir nəfər avtoqəza törətmişdi. Qəza nəticəsində atası ölmüş, öz oğlu və qardaşı oğlu ağır xəsarət almışdı. Həmin şəxs Xabarovsk şəhərində hərbi qulluqçu olmuş, bir il əvvəl qardaşı vəfat etdiyinə görə atasının təkidi ilə hərbi qulluqdan tərxis olunmuş və Cəlilabada qayıtmışdı.

Mən İlyas müəllimə telefon açaraq, zərərçəkmiş özü olduğuna görə (qanunda bu nəzərdə tutulmamışdı) cinayət işini xitam etmək istədiyimi bildirdim. İlyas müəllim dərhal razılaşdı. Bir saat keçməmiş mənə zəng etdi və dedi: “Ələmdar, prokuror kimi mövqeyin düzgündür, amma bir ildən sonra mən harada olacam, sən harada olacaqsan, bilmirik. Başqaları gəlib onu incidərlər. Ən yaxşısı budur ki, işi məhkəməyə göndər, dövlət ittihamını özün müdafiə et və şərti cəza istə…”

Dediyi kimi də etdim. Həmin şəxsin cəzası məhkəmədə şərti hesab edildi. Bu da həmin dövrdə görünməmiş hadisə idi. İştirak etdiyim ilk kollegiya iclasında İlyas müəllimin nitqi hələ də qulağımdan getməyib. “Toplardan sərçələrə atəş açmayın!” - səhv etmirəmsə, Qorbaçovun bu sözlərini İlyas müəllim öz çıxışında o qədər gözəl şərh etmişdi ki, həmin nitq hüquq tarixinə düşə biləcək səviyyədə idi. İlyas müəllimin bizə tələbi, təxminən, belə idi: “Kimliyindən asılı olmayaraq, dövlətə, xalqa, millətə qarşı qudurğanlıq edənlərə güzəşt edilməməlidir. Az əhəmiyyətli yüngül xəta törətmiş insanlarla isə işiniz olmasın!...”

635x100

Şərhlər

Ş.Bayramov 2023-03-16 13:48:07

Mənim İDEAL ŞƏXSİYYƏT hesab etdiyim, onun insani keyfiyyətlərindən bəhrələndiyim və böyük nüfuz sahibi oıan BÖYÜK ŞƏXSİYYƏTİ 85 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edirəm!!!...Böyük ŞƏXSİYYƏTLƏR BAYRAM günündə dünyaya gəlir!!!...

Adil Əsgərov 2023-03-10 20:42:53

Xalqın yadaşında təmiz bütöv prinsipal prokuror Kimi qalan böyük şəxsiyyət millətin fəxri İlyas müllimi 85 illik ybleyi münasibəti ilə əlaqədar təbrik edirəm can sağlığı işlərində uğurllar arzulayıram.

SƏRDAR ƏLİYEV 2023-03-10 11:07:40

HAQLA ƏDALƏTLƏ YAŞANAN ÖMÜR,İNSANLIĞA UCALAN,DÜNYA MALINA BAŞ ƏYMƏYƏN,MÜDRÜK-QÜRURLU İLYAS MÜƏLLİM SİZİ ALLAH QORUSUN.

RÖVŞƏN MURADOV 2023-03-10 09:46:05

İlyas müəllimi 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Eli 2023-03-09 14:50:52

Allah İlyas müellime yzun ömr bexş etsin.Prokurorluq orqanlarında vicdanli insanlar az olmayıb tebii ki.Onlardan biri de vaxt ile Naxçıvan MSSP-nın baş prokuroru işlemiş rehmetlik Ağamemmed İbişov olub.Naxçıvan kimi çetin bir reğionda prokuror işleyib xalqın hörmetini qazanmaq da her Kişinin işi deyildi.Adı olan Kişileri Allah qorusun.

Veten dashi 2023-03-09 14:41:45

Bu Şəxsiyyət hər zaman böyük Vətəndaş mövqeyi ilə secilib.Allah belələrini cəmiyyətimizə cox-cox(barmaqla sayilan qədər yox ) bəxş etsin .Mentalitetimiz o zaman özümüzə qayidar məncə..

Roma 2023-03-09 14:40:06

İlyas müəllimə can sağlığı arzulayıram...

Son yazılar