Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının daxili təmiri zamanı mühüm infrastruktur dəyişiklikləri edilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk dəfə vəkillər üçün ayrıca otaq təşkil olunub. Bu da vəkillər tərəfindən yüksək qiymətləndirilib.
Bu barədə “AzPolitika.info”-ya danışan tanınmış vəkil Ceyhun Yusifov son dövrlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətində müsbət tendensiyanın, dəyişikliklərin nəzərə çarpdığını qeyd edir.
O, bunda yeni təyinatların və sədr İsmayıl Xəlilovun da rolunun böyük olduğu bildirir.
Ceyhun Yusifovun sözlərinə görə, görülən işlər tam olaraq inqilabi xarakter daşımasa da qısa zamanda öz müsbət təsirini göstərməkdədir.
“İstər işlərin elektron qaydada bölgüsü, istərsə də məhkəmə proseslərinin vaxtında başlanılması üçün göstərilən diqqət məhkəmə proseslərinin operativliyinə müsbət mənada təsir edir. Həmçinin məhkəmə işlərinin elektron bölgüsü daha əvvəl rastlaşdığımız işlərin bölünməsindəki iradə ifadəsini aradan qaldırılıb. Bu da sözsüz ki, ədalət mühakiməsinin obyektivliyinin təmin olunmasına xidmət etməkdədir” - deyə, vəkil C.Yusifov bildirib.
Vəkil qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyət göstərən hakimlərin sayı nəzərdə tutulandan az olsa da, bu, operativliyə mənfi təsir göstərmir: “Bundan əlavə bütün məhkəmə-iclas zallarında məhkəmə proseslərinin audio və video çəkilişlərinin aparılması da iclas protokollarında yol verilə bilən səhvlərin, qərəzli olaraq edilən dəyişikliklərin qarşısını almaqdadır. Bu da vəkil kimi müdafiəmizin səmərəli qurulmasında vacib rol oynayır. Həmçinin elektron məhkəmə sisteminin tam formada tətbiqi də məhkəmə qərarlarının əlçatanlığını artırmaqdadır. Məhkəmənin inzibati binasının daxili təmiri onun vizual görünüşünü və aurasını dəyişdiyi kimi, aparılan islahatlar da məhkəmə işlərinə obyektiv baxlması imkanlarını yüksəldib”.

C. Yusifov onu da qeyd edib ki, 2000-ci illərin əvvəllərindən etibarən əvvəlki adı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinin iş yükü hər zaman kifayət qədər ağır olub: “Məhz bu səbəbdən də həmin məhkəmənin cinayətlərin profilaktikasındakı iştirakı daha aktiv formada olmalıdır. Ölkənin mövcud hüquq sistemində Bakı Ağır Cinayətlər Məhkəməsinin rolu olduqca əhəmiyyətlidir. Cəmiyyətin bu məhkəmədən gözləntisinin nisbətənböyük olması da, bu məhkəmənin daha çox diqqət mərkəzində olması da bununla bağlıdır. Həmçinin ağır və xüsusilə ağır cinayətlərin cinayət təqibinin obyektiv aparılıb, yekunda ədalətli qərarın qəbul edilməsi həm hüquq cəmiyyətinin formalaşmasında, həm də məhkumların sosial həyata islah olunmuş formada qayıtmasında vacib rola malikdir.Ümumilikdə Bakı Ağır Cinayətlər Məhkəməsinin ədalətli qərarları həm cəmiyyət, həm dövlət, həm də hüququn inkişafı üçün müstəsna xarakter daşıyır. Yeni sədrin rəhbərliyi ilə aparılan hüquq islahatlarının ilkin təsirlərinin görünməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin gələcək fəaliyyətinin daha səmərəli və ədalətli olmasına ümidləri artırmaqdadır”.
“Hüquq ictimaiyyəti də yeni sədr təyinatı ilə Bakı Ağır Cinayətlər Məhkəməsi ilə bağlı gözləntilərinin qarşılanacağına ümid edir. Mən də təcrübli vəkil kimi ictimai və hüquqi analizlərimin nəticəsində hesab edirəm ki, məhkəmənin hazırki fəaliyyətindəki müsbət irəliləyiş ictimaiyyətin diqqətinə çatdırılmalı, gələcək fəaliyyəti də diqqət mərkəzində saxlanılmalıdır” - deyə, C.Yusifov vurğulayır
Vaqİf
“AzPolitika.info”


Şərhlər