Dünən Gürcüstan parlamenti qarşısında müxalifətin və ictimai fəalların gecə saatlarına qədər davam edən etiraz aksiyası bəhrəsini verdi.
“AzPolitika.info” xəbər verir ki, bu gün səhərə “Gürcü Arzusu” partiyası və “Xalqın günü” hərəkatı parlamentdə 1-ci oxunuşda qəbul edilmiş “xarici agentlər” haqqında qanunu geri çəkib.
Hakimiyyət bu addımı ölkədə sülh və əmin-amanlığı qorumaq üçün atdığını bildirib: “Vətəndaşlarımızın enerjisini qarşıdurmaya deyil, sülhə, ölkəni düzgün istiqamətdə inkişaf etdirməyə sərf etməliyik”.
Xatırladaq ki, dünən axşam Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları on minlərlə insanın iştirak etdiyi etiraz aksiyasını güc yolu ilə dağıtmağa çalışıb. Nümayişçilərin üzərinə xüsusi texniki vasitələr yeridilib, su şırnaqlarından, bibər qazından, habelə pnevmatik güllələrdən istifadə olunub. Amma nümayişçiləri parlamentin qarşısından dağıtmaq mümkün olmayıb.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.
Bəs bundan sonra Gürcüstanda siyasi durum necə inkişaf edəcək?

Siyasi təhlilçi Şahin Cəfərli “AzPolitika.info”ya şərhində bildirib ki, “Gürcü Arzusu” partiyası 2012-ci ildən bəri hakimiyyətdədir və bu müddətdə ölkədə yarı avtoritar bir idarəçilik qurmağa nail olub. Onun sözlərinə görə, son dövrlərdə, yəni 1-2 ildə Bidzina İvanaşvili avtoritarlığı daha da sərtləşdirib: “Bidzina İvanişvili partiyanın sədri olmasa da, onun sahibi hesab olunur və pərdə arxasında həm hakim partiyanı, həm də ümumilikdə ölkəni idarə etməyə davam edir. Hər kəsə aydındır ki, heç bir önəmli siyasi qərar, o cümlədən də iqtisadiyyatın idarə olunması ilə bağlı mühüm qərarlar, təbii ki, xarici siyas qərarlar onun iştirakı, rəyi olmadan qəbul oluna bilməz”.
Ekspert qeyd edir ki, Ukraynada müharibə başlayandan sonra Gürcüstan hökumətinin yeritdiyi siyasət həm gözlənilməz oldu, həm də gözlənilən: “Gözlənilməz və təəccüb doğuran məqam ondan ibarət idi ki, Rusiyanın strateji gücünün zəifləməyə başladığı və hətta Rusiyanın ən yaxın müttəfiqlərinin belə, məsələn, Ermənistan və Qazaxıstanın ondan uzaqlaşdığı vaxtda avroatlantik inteqrasiya kursu seçmiş bir ölkə Rusiya ilə yaxınlaşmağa başladı. Yəni, Ukraynaya qarşı bir mövqe ortaya qoydu və dəstək vermədilər. İndi hər nə qədər BMT-dəki səsvermələrdə Ukrayna leyhinə səs versələr belə, faktiki olaraq “Gürcü arzusu” burada anti-Ukrayna mövqeyi ortaya qoydu və bu müddətdə Rusiya ilə yaxınlaşmağa başladı”.

“Rusiya ilə yaxınlaşma prosesi ilə paralel ölkədə bu avtoritarizmi sərtləşdirmək istiqamətində siyasət yeritməyə başladılar və bu son olaraq gündəmə gətirilən “Xarici agentlər haqqında” qanun layihəsi də məhz həmin siyasətin davamı idi. Faktiki olaraq Rusiyadakı müvafiq qanunu kopyalayıb, onun Gürcüstan analoqunu yaradıb, parlamentin gündəminə gətirdilər. Birinci oxunuşdan da keçdi. Bu, cəmiyyətdə ciddi bir partlayışa səbəb oldu. Gürcüstan cəmiyyəti ölkə müxalifətinin apardığı mübarizəyə çox da dəstək vermir və onlara qoşulmur. Gürcüstan siyasi səhnəsinin İvanişvili, Saakaşvili zəminində qütbləşməsinin də çox ciddi təsiri var. Yəni, bu qütbləşmə Gürcüstan siyasətinə ziyan vurur və siyasətin tıxanmasına gətirib çıxarıb. Eyni zamanda Gürcüstan cəmiyyətində Saakaşvilidən də narazı olan, və onun qayıdışını istəməyən kifayət qədər ciddi təbəqələr var. Yəni, bu baxımdan vahid Milli Hərəkatın - müxalifətin lider partiyası, daha doğrusu, ən güclü partiyasının simasında aparılan mübarizəyə toplumdan dəstək gəlmir. Amma “Xarici agent haqqında” qanunun gündəmə gətirilməsi faktiki olaraq cəmiyyətin qırmızı xətlərinin keçilməsi demək idi. Çünki avroatlantik inteqrasiya Gürcüstanda artıq milli bir ideyaya çevrilib və ona toplumda çox böyük dəstək var. Yəni, hardasa 80 faiz, bəzən isə daha artıq”,-deyə ekspert qeyd edib.
Ş.Cəfərlinin sözlərinə görə, bu məsələ ötən müddətdə ölkə konstitusiyasına da daxil edilib: “Müvəqqəti keçid müddəası kimi, konstitusiyada qeyd olunub ki, Gürcüstan hökumətləri avroatlantik məkana inteqrasiya istiqamətində siyasət yeritməlidir. Yəni, bu, hökumətlərin konstitusion borcudur, vəzifəsidir. Digər tərəfdən, 2008-ci ildə ölkədə NATO-ya üzvlüklə bağlı konsultativ referendum keçirilib və orada əhalinin 77 faizi NATO-ya üzvlüyün tərəfdarı kimi çıxış edib. Ona görə də müxalifətin çağırışlarını gözləmədən, cəmiyyət özü, xüsusən gənclik səfərbər olub, meydanlara çıxdı. Təbii ki, burada Qərbin də mövqeyi proseslərə ciddi təsir göstərdi. Konkret Qərbin iki güc mərkəzi – ABŞ və Avropa Birliyi sanksiyalardan danışmağa başladılar. Gürcüstan hökumətinə və ayrı-ayrı nümayəndələrinə sanksiya tətbiq olunması məsələsi gündəmə gəldi”.
Ekspert qeyd edir ki, Qərbin mövqeyi “Gürcü Arzusu” hökumətini, İvanişvilini vadar etdi ki, geri çəkilsin: “İndi qanun layihəsini gündəmdən çıxarmağı düşünürlər. Bu, təbii ki gürcü cəmiyyətinin qələbəsidir. Amma bu hələ də problemin həll olunması anlamına gəlmir. Yəni, faktiki olaraq Gürcüstanın Avropa Birliyinə üzvlüyünün real şəkildə gündəmdə olduğu bir dönəmdə, hökumət tərəfindən belə bir addımın atılması açıq-aşkar bu prosesin baltalanması idi. Faktiki olaraq məlum oldu ki, pis niyyətli bir hökumət var. Bu hökumət sözügedən məsələdə cəmiyyətin ideyalarını bölüşmür və onlar sadəcə bir şəxsə xidmət edirlər. Bu gün Gürcüstandakı hakimiyyət, parlament və digər dövlət qurumları bir şəxsin maraqlarına xidmət etməyə məcbur edilib. Belə bir eybəcərlik mövcuddur və bu eybəcərlik ortadan qaldırılmayana qədər Gürcüstanda bu tip hadisələr və təxribatlar davam edə bilər”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər
Gürcüstan hakimiyyəti ona görə geri çəkilir və çəkiləcək ki,gürcülərdə milli birlik var....