ABŞ KƏŞFİYYATINDAN MÜHARİBƏ ANONSU... - Azərbaycanla Ermənistan arasında yeni savaş nə zaman başlaya bilər? (Yenilənib)

ABŞ kəşfiyyatı Azərbaycanla Ermənistan arasında yeni müharibənin anonsunu verir.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, federal Kəşfiyyat Bürosu, Müdafiə Kəşfiyyatı İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri Konqresə 2023-cü ilə dair “Qlobal risklər” mövzusunda illik hesabat təqdim edib.

Hesabatda Azərbaycan-Ermənistan münasibətlərinə də yer ayrılıb. ABŞ kəşfiyyatı hesab edir ki, Azərbaycan hərbi təzyiqdən istifadə edə bilər və bölgədə yeni hərbi eskalasiya riski var.

“Hərbi qüvvələrin dövlətlərarası sərhədə yaxınlığı, atəşkəs mexanizminin olmaması və Azərbaycanın irəliləyiş üçün hərbi təzyiqdən istifadə etmək istəyini nəzərə alaraq, sülh müqaviləsi olmadığı müddətdə Ermənistanla Azərbaycan arasında vəziyyət qeyri-sabit olaraq qalacaq. Hər iki ölkənin Silahlı Qüvvələrinin sərhəddə olması eskalasiya ehtimalını artırır, lakin mümkün toqquşmaların müddəti və intensivliyi məhdud olacaq”, - ABŞ kəşfiyyatı proqnozlaşdırır.

Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır,.

Qeyd olunur ki, 2021-ci ilin may ayından başlayaraq Azərbaycan-Ermənistan sərhədində və Qarabağda müntəzəm olaraq hərbi toqquşmalar baş verir.

“Münaqişənin ən güclü alovlanması 2022-ci ilin sentyabrında baş verib. Münaqişə 300-ə yaxın insanın ölümünə səbəb olub”, - hesabatda qeyd olunur.

Vurğulanır ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Qarabağın gələcəyi ilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır.

Əslində təəccüblü deyil və bölgədəki proseslər, xüsusilə öhdəliklərini yerinə yetirməyən Ermənistanın sərgilədiyi mövqe və yeni risklər yaratması eskalasiyanın qaçılmaz olduğu fikirlərini önə çıxarır. Rəsmi Bakı İrəvana ən yüksək səviyyədə xəbərdarlıq edib və lazım olacağı təqdirdə, yenidən güc tətbiqindən çəkinməyəcəyini bildirib. ABŞ kəşfiyyatının da bu proqnozu gözləntiləri bir qədər də artırır.

Və mümkün hərbi eskalasiyanın hansı ssenari üzrə ola biləcəyi sualını da ön plana çıxarır.

Burada iki istiqamət üzrə hərbi hərəkətlilik ehtimalı görünür.

Birinci, sərhəd boyunca delimitasiyanın praktiki olaraq həyata keçirilməsidir: SSRİ dövründə əkin və otlaq sahəsi adı altında Ermənistana verilən ərazilər, o cümlədən, 1990-cı illərdə işğal edilən Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılmalıdır; Ermənistan bu məsələdən yayınmağa çalışır, lakin Bakı dəfələrlə bildirib ki, bu kəndlər və ərazilər delimitasiya prosesində həllini tapmalıdır, əks təqdirdə, iş hərbçilərin öhdəsinə düşür;

İkincisi, Zəngəzur dəhlizinin açılması istiqamətində məcburetmə addımlarıdır: Azərbaycan 10 noyabr razılaşmasına uyğun olaraq Laçından maneəsiz yol verilməsini təmin edib, Ermənistan isə Naxçıvana maneəsiz keçid vermək öhdəliyindən imtina edir, buna paralel olaraq, rəsmi Bakının Laçın və Zəngəzur dəhlizinin eyni rejimdə işləməsi – nəzarət keçid-məntəqələrinin qurulması təklifini rədd edir;

Azərbaycan və Ermənistan arasında mümkün hərbi eskalasiyanın bu istiqamətlərdə ola biləcəyi istisna deyil.


Bu mövzuyla bağlı hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasındakı siyasi münasibətlər dalana dirənib: “Bildiyiniz kimi, Ermənistan tərəfi sülh sazişindən, Qarabağdakı ermənilər isə inteqrasiya prosesindən imtina edirlər. Digər tərəfdən, rəsmi səviyyədə Azərbaycanla sona qədər mübarizə aparmaq əzmində olduqlarına dair revanşist bəyanatlar səsləndirirlər. Hazırda Ermənistan 48 yaşına qədər olan kişiləri səfərbərlik adı altında təlimlərə cəlb edir və şərti sərhəddə atəşkəsi pozmağa çalışır. Bütün bunlar müharibə öncəsi fəaliyyətlər hesab olunur. Siyasi münasibətlərdəki kiriz pik həddə olarsa, bu zaman hərbi güc dövrəyə girir. Hazırda silahların danışacağı bir mərhələdəyik”.

Ekspert qeyd edir ki, Qarabağdakı ermənilər hər vəchlə Azərbaycanı təhrik etməyə çalışırlar: “Ermənistan tərəfi inteqrasiya üzrə danışığa getməyərək, mədənlərimizin monitorinqinə icazə verməyərək bizi yeni bir münaqişəyə təhrik edir. Bunların hamısı anti-terror əməliyyatı öncəsi situasiyalardır. Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi də bu cür addımların yalnış oluduğunu bəyan edərək, Azərbaycanın sərt tədbirlər görəcəyini bildirib. Artıq Azərbaycana başqa variant da buraxmırlar. Yəni, ya güc yolu ilə Qarabağdakı yuridiksiyamızı qəbul etdirməliyik, ya da qarşı tərəf öz istəyi ilə inteqrasiya prosesinə dəstək verməlidir”.

“Azərbaycan çox ciddi və ağır nəticələrə səbəb olacaq addım atma mərhələsindədir. Artıq anti-terror əməliyyatlarının keçirilməsi an məsələsidir. Bəs bu əməliyyat nə zaman başlaya bilər? Bu bir azda ermənilərin cavabından asılı olacaq. Ermənistan hazırda heç bir dialoqa gərək olmadığını bildirir. Bu o deməkdir ki, artıq Azərbaycanın güc yolu ilə özünün yuridiksiyasını bərpa etmə zamanı yetişib. Hesab edirəm ki, yaxın zamanlarda yeni anti-terror əməliyyatının keçirilməsi mümkün görürünür”- deyə, ekspert bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar