“Səhər saat 8:00-da Qroznı istiqamətində uçuşa başladıq. Qroznı hava limanına eniş əsnasında havada qatı duman var idi. Yerdəki işarələr görünmədiyi üçün pilot təyyarəni endirə bilmədi. Bu zaman biz havaya qalxdıq, ikinci dövrəni vurub yenidən enişə keçdik. Lakin yenə bu mümkün olmadı. Pilot üçüncü dəfə də eyni qaydada cəhd etsə də, alınmadı. Sonra təyyarə yüksəldi və yaxınlıqdakı hava limanı istiqamətində hərəkətə keçdi. Elə dönüb qayıdan ərəfədə təyyarənin çölündən zərbə səsi gəldi”.
“AzPolitika” xəbər verir ki, bunu 25 dekabrda Aktauda qəzaya uğrayan Bakı-Qroznı reysinin bələdçisi Əsədov Zülfüqar hadisə ilə bağlı yerli mətbuata açıqlama verərkən deyib.
Təyyarə bələdçisi zərbədən dərhal sonra salona çıxdığını, panika vəziyyətində olan sərnişinləri sakitləşdirməyə çalışdığını bildirib:“Digər bələdçi Aydan xanımla salona çıxdıq. İnsanlar panika içində idilər. Onları sakitləşdirdik, əyləşib, kəmərlərini bağlamağı tapşırdıq. Mən salondan bir qədər də önə getmək istəyən zaman təyyarəyə növbəti zərbə dəydi. Bu zərbə mənim qolumdan tutdu və qolumda dərin kəsik əmələ gəldi. Qolumu tutaraq bələdçi kabininə əyləşdim. Aydan xanım qolumu bağlamağa kömək etdi və biz uçuşa davam etdik”.
Z. Əsədovun sözlərinə görə, pilot əvvəlcə təyyarəni suya endirmək istəsə də, sonradan qərarını dəyişib:“Biz dənizə eniş edəcəkdik. Bələdçi bu barədə sərnişinlərə məlumat verdi. Xanım sərnişinləri təlimatlandırdı ki, suya eniş edəcəyik. Lakin pilot sonradan qərarını dəyişdi. Çünki suya ensəydik hamımız öləcəkdik. Kənardan gələn zərbə mühərrikin fəaliyyətinə təsir etmişdi. Pilot sərt eniş etməyə məcbur idi. Əgər biz suya sərt eniş etsəydik təyarə paramparça olacaqdı. Pilot qərarını dəyişdikdən sonra quruya enişlə bağlı sərnişinlərə məlumat verildi”.
“Pilotlar zərbədən sonra təxminən 50 dəqiqə təyyarəni havada saxladılar ki, quruya eniş mümkün olsun. Eniş zamanı ilk olaraq ön təkərlər yerə dəydi. Bu zaman pilotlar artıq yox idi. Ön hissə arxa tərəfdən ayrılaraq başqa bir istiqamətə getdi. Arxa tərəf isə biraz hərəkət etdi və sürtünmə nəticəsində dayandı”, -deyə bələdçi bildirib.
O qeyd edib ki, təyyarənin salonunda hər hansı bir şey, hətta oksigen balonu belə partlasa, təyyarə həmin an parçalanardı.
"Təyyarənin salonuna qaz balonu keçirmək mümkün deyil. Hava limanında bütün yüklər, o cümlədən əl yükləri yoxlanılır", deyə o bildirib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
“AzPolitika.info”

Şərhlər
Bu gün artıq təyyarə qəzasının baş verməsinin dördüncü günüdü. Bu günlər ərzində bir-birinə zidd yüzlərlə informasiya yayıldı. Çünki bütün dünya artıq bu qəzadan danışır. Qəzanın baş vermə səbəbləri ilk gün hadisəyə səbəb quşla başlasa da, bu xəbər yürümədi, yəni inandırıcı gəlmədi. Birincisi pilotların səyi nəticəsində gəmi suya düşmədi, düşsə idi iz itə bilərdi, ya da Rusiya bu quşu dirildib (yəni xəbəri) günahı quşun üzərinə atacaqdı. Bunu biz demirik bu qəza ilə bağlı üzmanları deyir. İkincisi bütün dünya hava gəmisinin üzərindəki qəlpə deşiklərini gördü və hər kəs də gəmidə o boyda deşikləri açacaq elə bir quş dimdiyinin olmadığını söylədi.. Üçüncüsü gəmidə olanların yarısı sağ qaldı və onlar canlı şahidlərdi. Dördüncüsü Rusiyadan gələn xəbərlədən məlum olur ki, həmin gün Qroznuya Ukraynadan dron hücumları ilə bağlı məlumatı olub və bu səbəbdən də Rusiya hava savunma sistemləri aktiv vəziyyətə gətiriulib. Bu müsahibədə gəmidə olan bələdçi də gəmidə ilk anda baş verenleri apba-açıq söyləyir. Ona görə də qalır Rusiyanın özündə cəsarət tapıb bu qəzanı etiraf edib, Azərbaycan dövlətindən və millətindən, xüsusən də həlak olanların ailələrindən üzr istəməsi və dəymiş zərəriin kompensasiyasını ödəməsinə. Məsələ bu kadar basit. Amma bütün bu gerçəklərdən sonra iş qalacaqsa qara qutunun nə söyləməsinə, rəhmətlik Səməndər Rzayev demişkən "bax bu çox qəliz məsələlədir". Bir daha dövlətimizə, millətimizə, ən əsası da qəzada həlak olanların yaxınlarına və hər birimizə başımız sağ olsun deyirik.