Menu

60 manat ver, Şaxta baba ol

18.11.2014, 11:00
60 manat ver, Şaxta baba ol

Şaxta baba və Qar qızı olmaq istəyənlərə lisenziyalar veriləcək

Onun gəliri uşaqların əyləncəsindən çıxır. Əsas məşğuliyyəti klounluq etmək olan 43 yaşlı Rəncbər Tağıyevin Yeni il bayramı ərəfəsində bəxti üzünə gülür. Çünki o, artıq 5 ilə yaxındır ki, Bakı küçələrində Şaxta baba libasında dolaşır.

“Yeni il bayramı mənim üçün xoşbəxtlik deməkdir. Çünki Şaxta baba kimi uşaqları əylndirməkdən çox xoşum gəlir. Üstəlik bu məşğuliyyətlə pul da qazanıram. Bundan böyük xoşbəxtlik ola bilməz. Uşaqlarla işlədikcə qəlbimdə saflıq duyuram”, - deyən Rəncbər Tağıyev səbirsizliklə Yeni il bayramını gözləyir.

Hər il dövlət rüsumu üçün 60 manat pul ödədiyini deyən Rəncbər Tağıyev bu bayrama da xüsusi hazırlaşıb. O, ümid edir ki, bu il də dövlət rüsumu 60 manat olaraq qalacaq.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovla əlaqə yaratdıq. Qurum rəsmisinin ANS PRESS-ə verdiyi məlumata görə, bu il də ötən illərdəki kimi Şaxta baba və Qar qız olmaq üçün tələb olunan rüsumun məbləği artırılmayacaq.

"Onlar "yolka" qurub, şaxta baba və qar qızı kimi xidmətlə məşğul olmaq üçün bizdən yer alırlar. Şaxta baba olmaq üçün dövlət rüsumu 60 manat müəyyən olunub. Biz yeri müəyyən edirik. Amma şaxta baba, qar qızın xidmət haqqı və foto çəkdirmək üçün tələb olunan pulun məbləğinə qarışmırıq. Bunun bizə dəxli yoxdur. Biz ancaq yolkaların qurulması üçün yeri müəyyən edirik. Müraciət edən şəxsləri demək olar ki, tanıdığımıza görə, onlarla işləmək daha rahatdır. Əlbəttə, əgər yeni şəxslər də müraciət edərsə, onlara da lisenziya verilməsi üçün baxılacaq”, - deyə Əliabbas Bağırov vurğulayıb.

Qurum rəsmisi deyir ki, hələlik Bakıda fəaliyyət göstərəcək Şaxta babaların və Qar qızlarının sayının nə qədər olacağı dəqiq bilinmir: “Müraciət edənlərin sayından asılı olaraq, hələlik paytaxtda nə qədər “yolka” qurulacağı məlum deyil. Geyimlərə gəlincə, şaxta babaların və qar qızlarının geyimləri sahibkarlar tərəfindən müəyyən ediləcək, yəni Bakı şəhər İcra Hakimiyyəti sahibkarlar tərəfindən qurulacaq yolkaların, həmçinin şaxta baba və qar qızı kimi fəaliyyət göstərəcək şəxslərin görkəminə də cavabdeh deyil”.

Qeyd edək ki, Şaxta baba və Qar qızların lisenziya alması üçün onlar xüsusi tibbi yoxlamalardan keçəcəklər. Onlarda xəstəlik aşkarlanarsa, avtomatik olarsa, onlara xidməti lisenziya verilməyəcək.

Bundan başqa, Şaxta baba və Qar qızlarına lisenziyalar verilərkən onların qabiliyyətinə və bacarıqlarına da xüsusi diqqət veriləcək. Onların uşaqlarla ünsiyyət saxlamaq bacarığı və s. məsələlərə diqqət yetiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol