Şərqi Ukraynada mübahisəli seçkilərdən sonra Aİ rusyönümlü Ukrayna separatçılarının bir qisminə sanksiyaların tətbiqini götür-qoy edir.
Aİ xarici işlər nazirləri bu məqsədlə Brüsselə toplaşıblar. Nazirlər həmçinin dekabrın 1-dən Ukraynada mülki təhlükəsizlik sektoru üzrə başlanğıc olaraq 2 illik məşvərətçi missiya aparmaq qərarına gəliblər. Aİ bəyanatına görə, bu missiya polis, hüquq norması və mülki təhlükəsizlik sektorunda islahatlarda Ukrayna hökumətinə kömək edəcək. Bu barədə "New Europe" xəbər verir.
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbəri Federika Mogerini və Ukraynanın xarici işlər naziri Pavlo Klimkin missiyanın statusu ilə bağlı müqavilə (SOMA) imzalayıblar. Bu müqavilə missiyanın Ukraynada lazımi fəaliyyətinə və dekabrın 1-dən işə başlamaq üçün hazırlıq işlərinə imkan verir.
Ötən həftə, xüsusən noyabrın 9-u gecə Ukraynada döyüş əməliyyatları son aylarda ən gərgin həddə çatıb. Donetsk və ətraf bölgələrdə ağır artilleriya döyüşləri gedib. Ukrayna hökuməti Donetsk və Luqansk regionlarına "xüsusi status"un verilməsi ilə bağlı qanunun ləğv olunmasına qərar verdikdən sonra gərginlik artıb. Bu isə müharibə girovlarının mübadiləsi prosesinə mane ola bilər.
Xatırladaq ki, sentyabrn 5-də Ukrayna hökuməti və qiyamçıların liderləri gərginliyin azaldılması və yüzlərlə girovun azad olunması məqsədilə Belarusun paytaxtı Minskdə atəşkəs müqaviləsi imzalamışdılar. Kiyev "xüsusi status" verilməsi ilə bağlı qanuna etiraz etdikdən sonra qiyamçıların lideri Minsk sülh protokoluna riayət etməyəcəklərini bildirmişdi.
Aİ həmçinin noyabrın 2-də Donetsk və Luqansk separatçı bölgələrində keçirilən qanunsuz seçkiləri qınayıb. Mogerini bundan sonra diqqəti viza qadağası tətbiq olunan və hesabları dondurulan şəxslərə yönəldəcək. Aİ-nin xarici siyasət rəhbəri bildirib ki, İttifaqın sanksiyalardan əlavə, geniş strategiyası olmalıdır.
Bugünkü danışıqlarda Rusiya əleyhinə iqtisadi sanksiyaların genişləndirilməsi ilə bağlı qərar qəbul edilməyib. Aİ xarici işlər nazirləri atəşkəsin müntəzəm pozulması hallarına son qoyulması, qanunsuz xarici qüvvələrin, muzdlu əsgərlərin və hərbi texnikanın geri çəkilməsini tələb ediblər. Aİ-nin yeni xarici siyasət rəhbəri Federica Mogherininin prioritetlərini əsas tutan nazirlər Ukraynanı iqtisadi və siyasi səyləri artırmağa çağırıblar. Rusiya, Ukrayna və ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) danışıqları sürətləndirməyi təklif ediblər.
Qeyd edək ki,Baltik ölkələri, Britaniya, Polşa və İsveç kimi Aİ ölkələri həmişə sanksiyaları sərtləşdirməyin tərəfdarı olublar. Avstriya, Yunanıstan və Kipr isə sanksiyalar tətbiq olunmasına meylli deyillər.


Şərhlər