İsrailin geniş oxucu kütləsinə malik ən nüfuzlu xəbər saytlarından olan "Israel National News"da “Azərbaycanlılar İran etirazlarının simasını dəyişibmi? Ümid varmı?” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli poitoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, rəsmi Tehran nüvə zənginləşdirilməsinin 84%-ni əldə etdikdən sonra İsrailin İranın nüvə obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı qorxular bu ölkənin mediasında son günlər manşetlərə çevrilib.
Müəllif manşetlərdə nüvə məsələsinin üstünlük təşkil etməsinə baxmayaraq, İrandakı etirazların İsrailin hücumuna ehtiyac olmadan rejimi devirmək cəhdində yeri və azərbaycanlıların bu etirazlarda rolu haqqında müzakirələrə az diqqət ayrıldığını vurğulayıb.O, azərbaycanlıların rejimin devrilməsi cəhdlərində mühüm rol oynadığının, yoxsa onların başqa bir etiraz qrupunu təşkil etdiyinin sual olaraq qaldığına diqqət çəkib.
Müxtəlif siyasi-ictimai xadimlərin fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, etnik amilin vacib rol oynadığı İranda azərbaycanlıların etirazları teokratik sistemi bütün gücü ilə tükəndirir. İran əhalisinin 40%-ni, paytaxt Tehran əhalisinin az qala yarısını təşkil edən və haqlı olaraq ana dillərində təhsil hüququ tələb edən İran azərbaycanlıları molla rejimini fəal şəkildə sarsıdır. Belə ki, məktəblərdə soydaşlarımızın milli hüquqları kobud şəkildə pozulur, onlara öz övladlarına türk adları qoymağa belə icazə verilmir. İran azərbaycanlıları milli rəmz saydıqları Urmiya gölünün ekoloji vəziyyətini yaxşılaşdırmaq və təhrif olunan milli bayramlarını bərpa etmək üçün illərlə mübarizə aparırlar. Müəllifin fikrincə, bu mübarizə dinamikası ölkə daxilində vətəndaşlar arasında vətəndaş iğtişaşlarına səbəb olur.
Eyni zamanda diqqətə çatdırılıb ki, İrandakı etiraz aksiyalarının vahid rəhbərliyi yoxdur, çünki bütün etnik qrupların öz rəhbərliyi var. Hazırda başqa seçimləri olmayan və etirazların son beş ayında xüsusi fəallıq nümayiş etdirən güneyli soydaşlarımız daha çox müstəqilliyə doğru irəliləyir. Şüarları müstəqillik tələb edən və bu məsələdə fars etirazçılardan fərqlənən azərbaycanlıların etirazları əsas fars mediasında işıqlandırılmır. İsrail ilə isti münasibətləri olan Azərbaycan Respublikasından narazı olan İran hökuməti güneyli soydaşlarımıza düşmən kimi baxır. İslam Respublikası həqiqətən də Azərbaycan Respublikasının mövcudluğuna qarşıdır, bu dövlətin siyasi xəritədən silinməsini istəyir və həmin səbəbdənAzərbaycana qarşı olan hər hansı qüvvəyə, o cümlədən Ermənistana dəstək olmaq istiqamətində səylərini əsirgəmir. İsrailli politoloqun fikrincə, bütün bunlar soydaşlarımızın müstəqillik tələbini alternativsiz edir.
Məqalədə ABŞ-dakı Azərbaycan diasporunun üzvü Tərlan Əhmədova da istinad edilib: “Biz azərbaycanlı amerikalılar İrandakı qardaşlarımızın azadlıq mübarizəsinə həmişə dəstək oluruq. Biz həmişə onların yanındayıq. Bir gün müstəqil Təbrizə gedəcəyik. Bizim üçün bu, gerçəkləşəcək bir arzudur. Biz təkcə xəyal və ümid etməli deyilik. Müstəqil Güney Azərbaycanın arzuları və ümidləri bizim hər zaman can atdığımız amal olmalıdır. Güney Azərbaycan əcdadlarımızın min illər boyu yaşadığı vətənimizdir”.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://aze.media/have-azerbaijanis-changed-the-face-of-the-iran-protests-is-there-hope/


Şərhlər