“RESTORAN QƏHRƏMANLARI”NIN “ZAKAZ” DAVASI... - Və Vətən Müharibəsinin belə dəyişə bilmədiyi toplum...

“Ziyalısı” rusa, mollası farsa, “demokratı” ingilisə, fransıza sitayiş edən, öz xalqını, millətini, hətta doğma dilini bəyənməyən bir “elitaya” malik toplum gənc nəslə nə təklif edə, nə verə bilər ki?...

İkinci Qarabağ müharibəsindəki qələbədən sonra düşündük ki, cəmiyyətimiz müsbət istiqamətdə xeyli dəyişəcək. Çünki qalib toplum əlacsız, qisas alovuyla yanan, lakin əlindən bir şey gəlməyən əvvəlki toplum kimi olmayacaqdı.

Düşündük ki, cəmiyyətimizdəki münasibətlər sistemi yaxşıya doğru köklü surətdə dəyişəcək, televiziyalarımızdan, mətbuatımızdan, təhsilimizdən, səhiyyəmizdən tutmuş hüquq-mühafizə, məhkəmə, vergi, sosial müdafiə sistemimizə, dövlət-vətəndaş münasibətlərinə və nəhayət, bir-birimizlə münasibətimizə, davranışlarımıza qədər hər şey başqa cür olacaq. Ancaq nə yazıq ki, gözlədiyimiz heyrətamiz dəyişikliyin xırda qığılcımları yalnız müharibənin gedişində və qələbə günlərində bir qədər alovlanıb, dərhal da söndü. Müharibə bitdi, pis-yaxşı qələbəmizi bayram etdik, ardınca isə yenə biganəlik, haqsızlıq, təbəqələşmə, bayağılıq, dayazlıq, didişmə və sair...

Ötən gün Bakıdakı restoranların birində mahnı sifarişi vermək üstündə kütləvi dava baş verib. Bir nəfərin bıçaqlanaraq qətlə yetirildiyi, bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Mahnı üstündə, “zakaz” üstündə...

Bir çox digər əlamətlərlə yanaşı, həm də bu cür hadisələr bir daha göstərir ki, hələ də cəmiyyətin böyük hissəsi dəyişməyib. Nə müharibə, nə qələbə, nə müharibə günlərində göstərdiyimiz birlik, qardaşlıq nümunələri bizim çoxumuzu dəyişə bilməyib, yenə mənasız səbəblərdən bir-birimizə qəsd etməyə, qənim kəsilməyə hazırıq.

Əgər tarixi zəfərimiz, minlərlə Şəhid verdiyimiz Vətən Müharibəsi də cəmiyyətimizi silkələyə, dəyişə bilmədisə, deməli, problemin kökü daha dərində – psixologiyamızda, düşüncə tərzimizdə, təhsilimizdə, mediamızda, cəmiyyət daxili və dövlət-cəmiyyət münasibətlərinin mükəmməllikdən çox uzaq olmasında və saydıqca bitməyən digər məsələlərdədir.

Bunun nəticəsidir ki, milli natamamlıq bəlası yaxamızdan əl çəkmir. Təəssüf ki, hələ də özü üçün adi müraciət formasını müəyyənləşdirə bilməyən - “bəy”i bəyənməyən, “müəllim”i dəyərdən salan, ucuzlaşdıran, 21-ci əsrin ortalarına yaxınlaşsaq da, toylarda, restoranlarda oynamaq üstə dava salan, hətta mahnı “zakazına” görə bir-birini bıçaqlayan, canına siqaret çəkilən çayxanaların qoxusunu hopdurmuş, meyxana, “komedixana”, “patı”, “Prius” mədəniyyətli yeniyetmə, gənc nəsil yetişdirən toplumuq.

Bu, çox zaman heç də gənclərin öz seçimi deyil, orta və yaşlı nəslin onlara təklif etdiyi və verdiyi, gücü buna çatan həyat tərzi və gələcəkdir. Təəssüf ki, təkcə indi yox, demək olar, hər zaman belə olub. Zaman keçdikcə, hər gələn yaşlı nəslin cavan nəslə təklif etdiyi və verə bildiyi şeylərin siyahısı daralıb, zəifləyib, öləziyib. Bugünkü yaşlı nəslin özünün də vaxtilə özündən yaşlı nəsildən aldıqlarının siyahısı kasad olub...

Bir müddət əvvəl Hacı Şahinin dəfninə böyük bir kütlənin toplaşması və orada gənclərin üstünlük təşkil etməsi göstərdi ki, insanlarımız, gənclərimiz işıq axtarışındadır və onu tapmaqda böyük çətinlik çəkir. Hətta bu işıq zəif və qeyri-mükəmməl olsa belə, təki olsun. İnsanlarımız əsl mənada hörmət edib inanmaq istədiyi, yaxud inanıb hörmət etmək istədiyi şəxslərin, şəxsiyyətlərin, bir sözlə, “İŞIĞIN” çatışmazlığından əziyyət çəkirlər...

Gənclərimiz həmin işığı siyasi, sosial mühitdə, təhsildə, elmdə, mədəniiyyətdə, incəsənətdə və s. tapa bilmədiyi üçün din adamlarının, bəzən hətta yolunu “azaraq” radikal cərəyanların, qatı məzhəbçilərin təsiri altına düşür.

Çoxları bunu təhlükəli hesab edir və yəqin ki, haqlıdırlar. Ancaq hər halda, gənclərin daha çox fanatik dindarlar yox, daha müasir dünyügörüşlü din adamlarının ardınca getməsi onu deməyə əsas verir ki, hələ hər şey itirilməyib. Lakin itirə-itirə getdiyimizi də heç kim dana bilməz...

Uzun illər Mərkəzi Bankın rəhbəri olmuş, Azərbaycan iqtisadiyyatını, hökumətini, idarəetmə strukturunu, cəmiyyətini və s. daxildən və yəqin ki, dərindən tanıyan Elman Rüstəmovun özünün nikahdankənar oğluna “bu ölkədən qaç, gələcəyi yoxdur” deməsi təsadüfi deyildi. Bu, təəssüf ki, hazırda əksər valideynlərin öz övladlarına başlıca tövsiyəsidir.

Axı, talançıya, rüşvətxora “bacarana baş qurban” prinsipi ilə yanaşan, hətta simfonik orkestri, “Kukla teatrını” belə rüşvət mənbəyinə çevirməyi bacaran, Mədəniyyət naziri belə oğru, Milli Təhlükəsizlik naziri reket, digər iri məmurlarının da özünə görə “xidmətləri” olan, “ziyalısı” rusa, mollası farsa, “demokratı” ingilisə, fransıza sitayiş edən, öz xalqını, millətini, hətta doğma dilini bəyənməyən bir “elitaya” malik toplum uşağa, yeniyetməyə, gənc nəslə nə təklif edə, nə verə bilər ki?...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-03-18 10:39:34

Qatılırıq. Çox düzgün yanaşma. Nə yazıq ki, hələ ki biz buyuq. Sanıram bütün bu yığılıb qalmış və günü -gündən milləti toplumsallaşdıran problemlerin həlli, ölkədə sistem dəyişilkiyinden keçir. O sistem ki, Ölkə Başçısı özü də çıxışlarında hazırkı sistemin artıq köhnəldiyini bir zad dilə gətirmişdir. Bunun üçün isə dəfələrlə qeyd etdiyimiz kimi, gecikdirilmeden ölkə Konstitusiyasında köklü dəyişiliklər edib, indiki yarımçıq doğulmuş Parlamenti buraxıb, Referenduma və azad seçgilere gedib sistemi deyişmək lazımdır. O sistem ki, İcranın yükü köklü suretde azaldılamalı, İcraya nəzarət formalaşdırılmalı, digər hakimiyyet qolları olan Qanunverici və Məhkəmə orqanlarının isə, oz konistitusion haqları, yəni müstəqillikləri özlərinə qaytarılmalı, yerli özünüidarəyə sərbəstlik verilməlidir. Bununla paralel, dövlət də yüksək postlara milli kadr təminatı üçün Kadr bankı yaradılmalıdir. Kadr Bankının formalaşdırılması üçün isə, tərkibi milli ziyalılarımızın, Qeyri Hökümət təşkilatlarının və cəmiyyətin nümayəndələri də daxil, müstəqil bir komissiya formalaşdırılmalı və o komissiya ölkədə yaşı 45-dən yuxarı olmaqla milli, təcrübəli, təşkilatçı, savadlı, natiq və təşəbbüskarlıqda bişmiş kadrların seçilməsində önəmli rol oynamalıdır. Təkirarən deyirəm, ən əsası da milliliyinə önəm verilməlidir.Yoxsa indiki kimi yalnız xaricdə təhsil alıb deyə, heç bir idarəetmə təcrübəsi omayan gənclərin qovluqlarını Ölkə Baçısının masasına qoyulmaqla həll edilməməlidir.Məhz buna görə də, son üç ildə yüksək postlarda aparılan kadr islahatlarında əksər qrumlara təyin olunan gənc “xarici” kadrların, sayılan özellikleri özlərində tamamilə ehtiva etməmələri səbəbindən etimadı doğrultmadıqlarının şahidi (barmaqla göstəriləcək istisnaları nəzərə almasaq) olduq. Ona görə də belə bir vəziyyət də təbii ki, cəmiyyetin toplumsallaşaraq kütle halına çevrilməsinin qarşısını önləmək çətin olacaq. Cəmiyyətin inkişafı, ölkədə ədalətin bütün alanlarda hakim olduğu və onun sosial iqtisadi rifahının inkişafından keçer. Təbii ki, bunlar olmasa, millət toplum olaraq qalacaqdır. Bəzi görəv sahibləri bəlkə də sanırlar ki, cəmiyyətin belə qalması onun idarəedilməsini asanlşadırır. Asla. Zaman gələndə toplum kütleye çevriləndə artıq idaretmədən çıxır. Biz bütün bunları 93-de yaşadıq axı.

Doktor 2023-03-17 20:50:48

Möhtəşəm bir yazı,çox sağ ol Calal bəy.Belə yazıları davam et.çıxış yollarını necə görürsünüz?

Nihad 2023-03-17 20:07:42

Çox möhtəşəm yazı Halal olsun!

Eli 2023-03-17 17:45:52

İlk cümlelerinden yazının vetenperver jurnalist Celal beye aid olduğu hiss olunur.Azerbaycan resllıqlarını özünde deqiq eks etdiren yaxı ekseriyyetin arzu ve meramını ifade edir.Çox sağ ol Gözel İnsan Celal bey.Torpağı sayı yaşayasan yazından Mirze Celilin iyi gelir.Var ol!

turan 2023-03-17 14:14:56

Bəli doğru analiz vermisiniz.Ancaq belə bir toplumun yetişməsində TV-lərin günahı heç də məmurların,ziyalıların günahından az deyil.. ..

Oxucu 2023-03-17 10:34:56

Nüfuz sahibi olanlar,pis-yaxşı cəmiyyətin böyük kütləsinin dərin hörmətini qazananlar (Polad Həşimov,Hacı Şahin Həsənli və s.) şox erkən bu həyatdan köç edirlər.Əcaba,bu sizə biraz qəribə gəlmirmi?

Yetmalı 2023-03-17 10:27:59

Axirki bir normal məqalə yazdınız.....

Bayram 2023-03-17 06:20:12

Aciqlsmasi- ruw-vet-xor-luq!

vətəndaşı 2023-03-17 01:32:20

şəkillərə baxın--şəkillərdən belə bunların mənfi qara enerjisi adamı zəhərləyir--bunlar onillər boyu milləti təmsil edib idarçi olublar--azərbaycan denən sevimli vətən hanı?--hamı hər şeyi bilir-

Vahid 2023-03-17 01:22:00

Deyilen problemler doğrudur,bes çıxış yolu necedir?

Türk Turan 2023-03-17 00:26:35

İnşallah əsas səbəblər vaxtı və yeri gələndə açıqlanacaq Səid bəy... Cəlal bəyə təşəkkür edirik, minnətdarıq!

Rasim Quliyev 2023-03-16 23:24:29

Camaat is isteyir gunde bir park acmaqla ,yolu asfaltlamaqla ish olmur.qursunlarda o qeder deputat vsr 8000 maash alir hani oish yerleri?

dadaşyev 2023-03-16 23:24:16

Yüz ildən də çox əvvəl Sabir deyib ki “İş bilməyən ancaq yemək-içməkdən əlavə,Bu canlı dəyirmanlarına şükür,xudaya.Qurd isə,çaqqal isə biyabanda olardı,Şəhir içrə bu heyvanlarına şükür,xudaya.”

dadaşyev 2023-03-16 23:14:29

Məşədi İbad 1910-cu ilin personajıdı,onun nişan məclisində də yeyib içib ölüm-dirim savaşına çıxırlar,bu gün toylarda da,kafe-restoranlarda da.113 il keçib,dəyişən bir şey yoxdu ictimai yerdə yemək mədəniyyətimizdə.Biz bu gün də hər sahədə Sabirin “Hop-hopnamə”sindəki personajlarıq bütünlüklə.Heç bir dəyişiklik yoxdu mənəvi aləmimizdə,əksinə yeni-yeni nüanslarımız var.İkinci Sabir gərəkdir o nüanslardan yazmağa. "İmdi revolverdi, dönüm basına, Nagəh olur gülləfəsan partapart! Onda görürsən yıxılıb yanbayan Bir neçə növrəstə cəvan laybalay! Tüf belə dövranə ki, bədtər olur Seyri-fələk, dövri-zəman ilbəil! Milləti-islam qırır bir-birin, Allah, aman, bu nə yaman qırhaqır! Qardasa bax, qardasını öldürür, Vəhsi olub əhli-cəhan sərbəsər! Milləti gördükcə belə hərcü mərc Könlüm olur dopdolu qan qatbaqat. Böylə gedərsə, Bakı əldən gedər, Qalmaz o mə’vadə aman hiç, hiç!"

Elşat Bağırov 2023-03-16 21:10:16

Çox möhteşem ve olduqca lakonik terzde ümumi veziyyetimizi açıqlamısınız, teşekkürler!!! ...

Ilqar 2023-03-16 20:42:05

Aferin size.cox duzgun ehate elemisiz .hemiseki kimi.

t.ədalət 2023-03-16 20:20:23

Restoram mafiyasının arxasında böyük mafiya dayanır.....

Səid 2023-03-16 19:45:25

Cəlal bəy, yazılarınızı çox bəyənirəm və təqib edirəm. Yalnız bu yazınızı bəyənmədim, hər şeyi doğru demisiniz amma əsas səbəbi heç açıqlamamısınız, ....

Son yazılar