Azərbaycanda 2 yatağın mineral ehtiyatları yenidən qiymətləndirilib

“Daşkəsən” dəmir filizi sahəsində yerləşən “Şimal-qərb” və “Cənub-şərq” yataqlarının cəmi ehtiyatları 117,6 milyon tondan 184,97 milyon tona çatdırılıb.

“Report” “AzerGold” QSC-yə istinadən xəbər verir ki, müasir standartlara uyğun olaraq aparılmış mineral ehtiyatların yenidən qiymətləndirilməsi nəticəsində yerin təkində olan resurslarda 67,37 milyon ton artım əldə edilib.

"Bu iki yataq üzrə Böyük Britaniyanın beynəlxalq təcrübəli məsləhətçi “Micon International”şirkəti ilə birgə müasir texnologiyanın tətbiqi ilə 21 illik istismar planı hazırlanıb. Bununla belə, istismar planının 30 ilədək artırılması məqsədilə “Daşkəsən” dəmir filizi sahəsində 5 yataq üzrə kəşfiyyat-tədqiqat işləri davam etdirilir", - məlumatda deyilir.

Qeyd edilən istismar planına uyğun olaraq, 2025-2026-cı illər aralığında dəmir filizi istehsalının təşkili çərçivəsində 2022-ci ildən filiz süxurlarına çatmaq üçün üstaçma işlərinə start verilib, həmin ilin sonunadək 350 min ton filiz çıxarılaraq filiz anbarında toplanıb. Cari il ərzində isə istismar planına əsasən, hədəf 1,66 milyon ton həcmində filizin çıxarılmasıdır.

"Dəmir filizinin istehsal edilməsi ilə ölkədə təkrar emal edilən metal qırıntılarının yüksək keyfiyyətli xammalla əvəzlənməsi, metallurgiya sənayesinin idxaldan asılılığının azaldılması, həmçinin ixracyönümlü polad məhsullarının hazırlanması üçün artan tələbatın ödənilməsi hədəflənir. Bu məqsədlə iqtisadi cəhətdən səmərəli və ən optimal texnoloji həllərlə yeni istehsal zəncirinin yaradılması nəzərdə tutulur. İstehsal zəncirinə 67 % dəmir tərkibli daha keyfiyyətli konsentratın istehsalı, növbəti mərhələdə pellet və 95 % dəmir tərkibli birbaşa reduksiya olunmuş dəmir (DRI - Direct Reduced Iron) və isti brektəşdirilmiş dəmirin (HBI - Hot Briquetted Iron) istehsalı planlaşdırılır", - “AzerGold” bildirir.

Məlumatda deyilir ki, “AzerGold”un törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” (DDF) MMC tərəfindən Azərbaycanın və regionun ən böyük dəmir filizi mədənlərinin istismarı üzrə uğurlu fəaliyyət aparılır. “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə” yataqlarını əhatə edən “Daşkəsən” dəmir filizi sahəsində ən qısa müddətdə istismar işlərinə başlamaq üçün aparılmış təhlillər ötən il yekunlaşdırılıb. Təfərrüatlı təhlillərə uyğun olaraq, sadalanan yataqlardan “Şimal-qərb” və “Cənub-şərq” üzrə dəmir filizlərinin açıq üsulla, digərlərindən isə şaxta üsulu ilə çıxarılmasının mümkün olduğu müəyyənləşdirilib. Açıq hasilat üsulundan fərqli olaraq, şaxta üsulu ilə istismarın daha mürəkkəb və uzun sürən proses olduğu nəzərə alınaraq, daha tez nəticələrin əldə edilməsi məqsədilə birinci mərhələdə “Şimal-qərb” və “Cənub-şərq” yataqları üzrə fəaliyyətə başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar