Ermənistan parlamentində əlbəyaxa dava – Paşinyanın partiyadaşı döyüldü

Bu gün Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, qurumun Dövlət və hüquq məsələləri komissiyasında keçirilən qapalı müzakirə zamanı deputatlar - “Vətəndaş müqaviləsi” partiyasından olan Vladimir Vardanyanla “Ermənistan” fraksiyasından olan Mher Saakyan arasında yaranan mübahisə dava-dalaşa çevrilib. Nəticədə onlardan biri ciddi xəsarət alıb.

Ermənistan İstintaq Komitəsinin sədri Qor Abramyan hadisə ilə bağlı açıqlama yayıb. “Müstəntiqlər hadisə yerindədir, lazımi tədbirlər həyata keçirilir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır. Hazırda yalnız onu deyə bilərəm ki, deputatlardan biri polis bölməsinə aparılıb, digəri tibb müəssisəsinə yerləşdirilib. Ətraflı məlumatlar əldə etdikdən sonra rəsmi məlumat yayılacaq”, - o yazıb.

Keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan isə bildirib ki, dava-dalaşa səbəb “Vətəndaş müqaviləsi“ndən olan deputatın yüksək tonla danışıb, əlini masaya çırpması olub: “Bu münaqişədən sonra polislər gəldilər, otağıma girdilər və Mher Saakyanı dindirmək və onun barəsində qanuni tədbir görmək istədiklərini bildirdilər. Əgər belə bir qərar qəbul edilibsə, o zaman bu, hər iki tərəfə şamil edilməlidir, çünki bildiyimə görə, insident Dövlət və hüquq məsələləri daimi komitəsinin sədri Vladimir Vardanyan tərəfindən törədilib.

Biz polislə razılaşdıq, Mher Saakyana zəng edərək ona gəlib polis bölməsinə getməsini tapşırdıq. Bu zaman spiker Alen Simonyan ofisə daxil oldu və ortalığı qarışdırdı. Simonyanın qışqırmasından istifadə edən polis rəisinin müavini və əməkdaşları Mher Saakyanı itələməyə başladılar. Mənim kabinetimdə, daha sonra dəhlizdə bu hərəkəti etməyə onların heç bir ixtiyarı yox idi”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar