Ötən gün Sankt-Peterburqdakı “Street-bar” kafesində baş verən partlayış nəticəsində Vladimir Putinin təbliğatçılarından olan Vladlen Tatarski adlı hərbi jurnalist həlak olub.

“AzPolitika.info” xəbər verir ki, hadisə 26 yaşlı Daria Trepova olduğu deyilən bir qadının kafeyə gələrək partlayıcı ilə kamuflaj edilmiş kiçik heykəli V. Tatarskiyə verdikdən sonra baş verib. V. Tatarskinin ölümünə səbəb olan partlayıcıda 450 qram trotil olduğu bildirilir.

Daria Trepovanın saxlanıldığına dair xəbərlər yayılsa da, hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Rusiya polisi Trepovanın mənzilində axtarış aparsalar da, onu tapa bilməyiblər.

“İzvestiya” nəşri xəbər verir ki, Trepova partlayışın baş verdiyi gecə Sankt-Peterburqdakı Pulkova hava limanına yollanıb. Onun Türkiyə üzərindən Gürcüstana qaçmağa çalışdığı barədə məlumatlar var.

“AzPolitika.info”



***

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

“Report”un məlumatına görə, bu barədə “TASS”a fövqəladə hallar xidmətlərindən məlumat verilib

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən “Street-bar” kafesində olub.

Nəticədə bir nəfər ölüb, iyirmi beş nəfər yaralanıb. Qeyd olunub ki, ölən hərbi jurnalist, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin təbliğatçılarından biri Vladlen Tatarskidir.

Rusiya mətbuatı xəbər verir ki, xəsarət alan on nəfərin vəziyyəti ağırdır.

Hadisə şahidləri bildirib ki, hərbi jurnalist Vladlen Tatarskinin əlində ona hədiyyə olunmuş kiçik heykəl partlayıb. Belə ki, tədbir iştirakçılarından biri özünü rəssam Nastya kimi təqdim edib. O, Tatarskinin büstünü düzəltdiyini və təqdim etmək istədiyini söyləyib.

Qız qarderobun yanına gedib və oradan böyük qutu ilə qayıdıb. Heykəl müharibə müxbirinin əlində olanda partlayıb.

Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib. Zərərçəkənlərə tibbi yardım göstərilir. Onların arasında uşaq da var.

“Baza” teleqram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, partlayıcı qurğu məsafədən idarə olunan olub və gipsdə gizlədilib.

Ehtimal olunur ki, hücum edənlər bu yolla kafedə ola biləcək xidməti iti aldatmağı planlaşdırıblar, çünki bir heyvanın gipsdən partlayıcı qurğunun iyini hiss etməsi çətinləşir. Partlayışın gücü 100 qram trotil olub.