Artıq xeyli müddətdir ki, az qala bütün dünyanın diqqəti Ukrayna Ordusunun ökənin cənub-şərq istiqamətində, işğal olunmuş ərazilərin azad edilməsi üçün gözlənilən əks-hücumuna yönəlib. Ukrayna Prezidenti Volodimir Zelenskidən, yüksək vəzifəli Ukrayna generallarından tutmuş NATO və Qərb ölkələri liderlərinə qədər bir çox səlahiyyətli şəxslər bu hücumun anonsunu veriblər. Rusiya tərəfinin açıqalmalarındansa belə görünür ki, artıq Kreml və ordu rəhbərliyi də həyəcanla bu hücumu gözləyir...
“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “The New York Times” nəşri gözlənilən Ukrayna əks-hücumu ilə bağlı geniş məqalə dərc edib. Yazıda Ukrayna Ordusunun real imkanları və əks-hücumun mümkün nəticələri təhlil olunur: “Ukrayna Ordusu Qərbdəki müttəfiqlərindən silah alaraq və hücum bölmələri yaradaraq, əks-hücuma hazırdır. Amma bu əməliyyatın əsas sınaqlarından biri itkilərin yerinin doldurulması və müharibənin davam etdiyi bir il ərzində xeyli yorulmuş Ukrayna müdafiəçilərinin motivasiyasının saxlanılması olacaq”.
Eyni zamanda, “The New York Times” yazır ki, Ukraynanın əməliyyatı uğurlu olarsa, bu, onu dəstəkləyən müttəfiqlərilə yanaşı, bütün dünya ölkələri üçün müsbət siqnal ola bilər: “Ukraynanın cənub-şərq düzənliyindəki uğurları bütün dünyaya Rusiyanın hərbi gücünün çöküşünü göstərər, “müharibə bataqlığa dirənib” kimi narahatlıqları azaldar və böyük ehtimalla müttəfiqlərin Kiyevə hərbi və maliyyə dəstəyini artırmağa həvəsləndirərdi”.
Ancaq bununla yanaşı, “The New York Times”-a danışan bəzi amerikalı ekspertlər ukraynalı döyüşçülərin xeyli yorulduğunu və motivasiyalarının azaldığını iddia ediblər. Onlar bildiriblər ki, bu əks-hücum Ukrayna Ordusunun qarşısında vacib çağırışlar qoyur və onu sınağa çəkir: “Rusiya bölmələri noyabrda Xersondan sıxışdırılandan sonra cənubda müdafiə xətləri qurur. Daha yüksək dözümlülük və atəş gücü olan Qərb tankları bu müdafiə mövqelərinin məhv edilməsində həlledici rol oynaya bilər”.
Qəzet yazır ki, Ukrayna hərbçiləri Rusiyanın xeyli müddətdən bəri yaratdığı minalanmış sahələri və müdafiə səngərlərini yarmaq üçün artilleriya, piyada qüvvələri və zirehli texnikanın hücumunu lazımi səviyyədə təşkilı etməlidir.

Amerikalı mütəxəssis, Makkeyn İnstitutunun direktoru Evelin Farkas isə deyib ki, Ukrayna müdafiəçiləri vaxtında və lazım olan miqdarda silah alsalar, bütün dünyanın siyasi gündəmində və qüvvələr nisbətində dəyişikliyə nail ola bilərlər: “Ukrayna müdafiəçiləri vaxtında lazım olan silahlarla təmin olunsalar, Rusiya ordusuna geosiyasi nəticələr verən zərbə vura bilərlər. Ukrayna Rusiyanı Şərqi Avropada zəifləmiş hərbi gücə malik və müharibənin bitməsinə dair danışıqlarda zəif rıçaqları olan ölkəyə çevirə bilər”.
Yazıda həmçinin qeyd olunur ki, Ukrayna Ordusunun əks-hücum zamanı ilk hədəfi mina sahələrini keçmək olacaq ki, bunun üçün də xeyli sayda minatəmizləyən qurğulara ehtiyac var. Buna baxmayaraq, qeyd olunur ki, Ukrayna Ordusunun cənubda Rusiyanın müdafiə xəttini yararaq, işğalçı qüvvələri iki yerə bölmək və öz artilleriya qüvvələrini Krım yarımadasını atəş altında saxlayacaq məsafəyə qədər çatdırmaq şansı var.
Qeyd edək ki, bundan öncə Ukraynanın Müdafiə naziri Aleksey Reznikov əks-hücum əməliyyatının başlanma tarixinin hava şəraitindən asılı olduğunu və bunun aprel-may aylarına təsadüf edə biləcəyini bildirmişdi.
Ukraynanın müttəfiqlərindən olan Çexiyanın Prezidenti və sabiq hərbi general Pyotr Pavel isə bildirib ki, Ukraynanın yalnız bir hücum şansı var, çünki bundan artığına hələ ki, Qərbin resursları çatmır.

Ancaq Ukraynanın XİN başçısı Dmitri Kuleba Ukrayna Ordusunun gözlənilən əks-hücumu ətrafında bu qədər ajiotaj yaratmağın doğru olmadığını bəyan edib. O, deyib ki, Ukraynanın əks-hücumu müharibənin həlledici anı sayılmamalıdır: ”Əgər əks-hücuma bu cür baxılsa, lakin bu, ərazilərimizin tam azad olunmasına gətirib çıxarmasa, o zaman bəziləri deyə bilər ki, indi alternativ ssenarilər barədə düşünmək lazımdır. Lakin bizim üçün alternativ yoxdur”.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər