2022-ci il oktyabrın ortalarına qədər Rusiya Prezidenti Vladimir Putinin məxfi rabitəsini təmin edən şöbədə mühəndis işləyən Federal Təhlükəsizlik Xidmətinin (FSO) kapitanı Qleb Karakulov ölkədən qaçıb.
“AzPolitika.info” xəbər verir ki, o, xarici mətbuata müsahibəsində Ukraynaya qarşı bağladılmış işğalçı müharibəni pisləyib.
Çərşənbə axşamı “Dossier Center” saytına danışan Karakulov Rusiyadakı işindən və ölkədən qaçmaq qərarından danışıb. Onun dosyesində vurğulanır ki, Karakulov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədən qaçaraq müharibəni pisləyən ən yüksək rütbəli kəşfiyyat rəsmisidir. Rusiyada ona qarşı fərarilik maddəsi ilə cinayət işi qaldırılıb.
Zabit Rusiyadan necə və niyə qaçıb?
Kapitan Karakulov müsahibəsində deyib ki, getməyin əsas səbəbi Ukraynaya geniş miqyaslı müdaxilə olub. FSO-nun keçmiş əməkdaşının sözlərinə görə, sadəcə belə bir Prezidentin xidmətində ola bilməzdi. O, Putini “müharibə cinayətkarı” adlandırıb və daha onun xidmətində olmağı mümkün saymadığını deyib.
Karakulov ölkədən qaçması haqda deyib ki, oktyabr ayında Qazaxıstana ezamiyyətə göndərilib. Onun arvadı və uşağı da oraya gəlmişdi. Oradan ezamiyyətinin son günü ailəsi ilə birlikdə xidməti pasportla İstanbula uçub. Elə həmin axşam onu saxlaya bilərdilər, lakin o, artıq Rusiya ərazisini tərk etmişdi.
Saray, xüsusi qatar və karantin
Zabit FSO-nun necə işlədiyi barədə bir sıra təfərrüatları açıqlayıb və bu xüsusi xidməti “olduqca müstəqil təşkilat” adlandırıb. Onun sözlərinə görə, Vladimir Putin nə mobil telefondan, nə də internetdən istifadə edir. "O bütün məlumatları yalnız birbaşa yaxın adamlarından əldə edir. Putin bir növ informasiya vakkumunda yaşayır", - xüsusi rabitə zabiti bildirib. Karakulov Putinlə eyni otaqda qalmalı olan insanların hələ də iki həftəlik karantində olduğunu təsdiqləyib. Karakulov əlavə edib ki, Prezidentin ağır xəstə olduğunu bilmir.
Karakulov Putinin “Gəlincik”dəki möhtəşəm sarayına getməyib, amma tez-tez oraya səfər edən və rabitə əlaqəsini yoxlayan həmkarlarından birinə istinadla məlumatlar açıqlayıb. Zabit Putinin xüsusi qatardan istifadə etdiyini də təsdiqləyib.
"Prezidentin xarici səfərlərində istifadə etdiyimiz danışıq kabinəsi var. Bura zəmanətli məxfiliklə danışıqlar apara biləcəyiniz yerdir. Kabin, əlbəttə ki, böyükdür. Bu, təxminən 2,5 m hündürlüyündədir və kub şəkillidir. Siz orada qorxmadan danışa bilərsiniz, burada söhbətinizin xarici kəşfiyyat tərəfindən eşidilməsi mümkün deyil”. O, həmçinin təsdiqləyib ki, Putinin Sankt-Peterburq, Soçi və Novo-Oqaryovodakı ofisləri interyer baxımından tamamilə eynidir.
"İki fərqli insan"
FSO-nun kapitanı 2009-cu ildəki Putinlə Rusiyanın indiki Prezidentinin davranışlarını “iki fərqli insan” kimi təsvir edib. "İndi o, çox təcrid olunub. Putin özünü təcrid etməklə, informasiya blokadasına düşüb. Onun reallıq qavrayışı təhrif edilib",- o qeyd edib.
Karukulov qeyd edib ki, FSO-dakı keçmiş həmkarlarının əksəriyyəti ictimai söhbətlərdə Putini və müharibəni dəstəkləyir. Buna baxmayaraq, Karakulov həm onlara, həm də digər rus zabitlərinə, cinayət əmrlərini yerinə yetirməmək üçün müraciət edib. "FSO zabitləri daim Prezidentin ətrafında olurlar. Siz sadəcə içəri girib ona baş verənlərin cinayət olduğunu başa sala bilərsiniz. Bu dəliliyi çox tez dayandırmaq sizin əlinizdədir", - Karakulov deyib.
Rusiya hakimiyyətinin nümayəndələri FSO-nun keçmiş zabitinin müsahibəsini hələlik şərh etməyiblər.
2023-cü ilin martında Barnaul məhkəməsi Ukrayna ilə müharibəyə görə Qazaxıstana qaçan FSO mayoru Mixail Jilini ciddi rejimli koloniyada cəzasını çəkməklə 6,5 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sibir Federal Dairəsində Xüsusi Rabitə və İnformasiya Departamentində növbə rəisi işləyib, Vladimir Putinin regionlarla hökumət əlaqəsinə cavabdeh kimi rəsmi olaraq dövlət sirlərinə çıxışı olub. 2022-ci ilin sentyabrında Jilin Rusiyadan qaçaraq Qazaxıstan sərhədini keçsə də saxlanılıb, lakin tezliklə girov müqabilində sərbəst buraxılıb. O, Qazaxıstana siyasi sığınacaq üçün müraciət edib, lakin dekabrda Rusiyaya deportasiya edilib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər