Menu

“Çin bu müharibədə Rusiyanın tərəfində deyil” - Çin səfirindən sensasiyalı müsahibə

05.04.2023, 15:07
“Çin bu müharibədə Rusiyanın tərəfində deyil” - Çin səfirindən sensasiyalı müsahibə

Çinin Avropa İttifaqındakı səfiri Fu Konq “The New York Times” dərgisinə müsahibə verib.

“AzPolitika.info” xəbər verir ki, səfirin həmin müsahibədə səsləndirdiyi bir çox fikirlər ciddi əks-səda doğurub və Kreml onun Çin-Rusiya münasibətlərinə dair fikirlərinə münasibət bildirmək məcburiyyətində qalıb.

Fu Konq deyib ki, Çinlə Rusiya arasında “sərhədsiz dostluq” barədə deyilənlər təhrif edilir və tam həqiqəti əks etdirmir. O, deyib ki, Çin Ukraynaya qarşı başladılan müharibəni dəstəkləməyib və müharibədən əvvəl iki ölkə lideri arasında imzalanan “sərhədsiz dostluq” bəyannaməsi sadəcə, ritorik xarakter daşıyıb.

Onun sözlərinə görə, hazırda iki ölkə arasında münasibətlər bir zaman iki liderin səsləndirdiyi “sərhədsiz dostluq” anlayışına uyğun deyil: “Sərhədsiz – sadəcə, ritorikadır”.

Səfir bildirib ki, Çin lideri Rusiyanın NATO təhlükəsi barədə mövqeyini başa düşür və hesab edir ki, müharibənin ilkin başlama səbəbləri Qərb lierlərinin dediyi kimi yox, daha mürəkkəbdir.

Fu Konq Çin liderinin indiyə kimi Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etməməsinin səbəbləri barədə suala da cavab verib: “Prezident Sinin Prezident Zelenski ilə danışmaması faktı o demək deyil ki, Ukrayna məsələsində Çin Rusiyanı dəstəkləyir”.

Kremlin sözçüsü Dmitri Peskov Fu Konqun açıqlamalarına cavab olaraq deyib ki, onlar “Si Cinpinlə Putinin əlaqələrinin ruhundan” çıxış edirlər və hesab edirlər ki, Çin-Rusiya münasibətləri gündəlikdəki bütün məsələləri əhatə edir.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol