Rusiya və Çin illər öncə müxalif düşüncə və internetə nəzarətlə bağlı üsul və taktikalarını bir-biri ilə paylaşırmış.
“AzPolitika.info” “Radios Svoboda”ya istinadla xəbər verir ki, iki ölkə arasında bu artan əməkdaşlıq Çinin əsas internet tənzimləyicisi olan Kiberməkan Administrasiyası (CAC) və Rusiyanın internetin tənzimlənməsinə cavabdeh qurumu Roskomnadzor rəsmilərinin 2017 və 2019-cu illərdə qapalı görüşlərinin sənəd və səs yazıları bunu deməyə əsas verir. Araşdırma qrupu “Sistema” bu barədə xeyli sənədlər və səs yazıları əldə edib.
Pekin və Moskvanın münasibətlərində İnternetdəki informasiya axınına nəzarət, 2013-cü ildə, Sinin Rusiyaya ilk səfəri zamanı ön plana çıxıb. İllər ərzində bu əməkdaşlıq yüksək vəzifəli rəsmilərin görüşlərində imzalanan çox sayda sazişlərlə get-gedə daha da genişləndirilib. İnternet üzərində ciddi nəzarət iki ölkə rəsmilərini birləşdirən əsas maraqlardan biridir.
Əldə olunan fayllarda bu müzakirələrin bəzi pərdəarxası məqamlarını görmək mümkündür.
Görüş qeydləri, səs yazıları, məktub mübadiləsi və emaillər şəklində kataloqlaşdırılmış bu məsləhətləşmələr arasında Rusiya rəsmilərinin bir sıra məsələlərdə, o cümlədən VPN və Tor kimi alətlərdən istifadənin önlənməsi ilə bağlı çinli həmkarlarından praktik məsləhətlər istədiyini görmək mümkündür. Onlar həmçinin enkripsiya olunmuş internet traffikini yarmağın yollarını, habelə Çinin mesajlaşma platformalarını tənzimləməklə bağlı təcrübəsini öyrənməyə çalışıblar.
Sızan məlumatlar arasında 2017-ci il, iyulun 4-də Jarovla Renin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Çində keçirilən qapalı görüşü haqda sənədlər var. Çin tərəfi Rusiyada bloklanan informasiya növləri, habelə hökumətin onlayn müzakirələri izləmə və şəxsi məlumatları emal etmə üsulları haqda detalları soruşub.
Ren Rusiya hökumətinin internetdən ölkə daxili və xaricində “müsbət imic formalaşdırmaq” üçün istifadəsinin incəlikləri və üsulları haqda maraqlanıb. Jarov imicə nəzarətin “Roskomnadzor”-un səlahiyyətləri xaricində olduğunu və bu barədə sualların Putin administrasiyasına verilməli olduğunu deyib.
2019-cu ilin iyununda Moskvada keçirilən görüşdə Si və Putin “çoxsahəli strateji əməkdaşlıq” əlaqələrini inkişaf etdirəcəklərini, informasiya və internetin idarə edilməsini diqqət mərkəzində saxlayacaqlarını elan ediblər.
“AzPolitika.info”


Şərhlər