“900 MANATLIQ İŞ TƏKLİF ETDİLƏR, AMMA...” - “AMAY”- da vətəndaşları belə aldadırlar + FOTOFAKT

““Tik-tok” sosial şəbəkəsində işlə bağlı rast gəldiyim elanda cəlbedici bir məlumatla qaşılaşdım. Təklif olunan vakansiya adı məlum olmayan şokolad fabriki ilə bağlı idi. Elanda iş saatının 9 saat, aylıq əmək haqqının isə 900 manat olduğu bildirilirdi.

Elan diqqətimi çəkdiyi üçün “Tik-tok” üzərindən elanın sahibi ilə əlaqəyə keçdim. Adını bilmədiyim şəxs əvvəlcə məni “Watsapp” nömrəsinə yönləndirdi. Daha sonra isə Xətai rayonu AMAY Biznes Mərkəzinin binasında, 5-ci mərtəbə 11-ci otaqda yerləşən ofisə dəvət etdi. Burada ilk növbədə mənə “ugurmedi.az” saytının blankını verdilər və mobil tətbiqlərini telefonuma endirməyimi istədilər”.

Bunları Bakı şəhər sakini Tomarov Yusif Ələddin oğlu üzləşdiyi dələduzluqla bağlı “AzPolitika.info”-ya ünvanladığı şikayətdə bildirib.

Şikayətçi qeyd olunan ünvanda yerləşən ofisə getdiyini və orada adını bilmədiyi bir xanımın işə düzəltmək müqabilində ondan ödəniş tələb etdiyini deyir: “İş üçün mart ayının 27-də həmin ofisə yaxınlaşdım və orada məndən tələb olunan 20 manat pulu kart vasitəsilə onlayn şəkildə ödədim. Daha sonra həmin xanım əməkdaş mənə həmin şokolad fabrikinin nömrəsini verdi və onlarla əlaqə saxlamalı olduğumu dedi”.

Y. Tomarovun sözlərinə görə, o, həmin nömrə ilə əlaqə saxladıqdan sonra belə bir iş elanının olmadığını öyrənib:“Həmin fabrikdən mənə bildirdilər ki, “biz belə bir şirkətlə əməkdaşlıq etmirik”. Həmçinin onlarda belə bir iş elanının olmadığını, qablaşdırıcı vəzifəsində çalışanların aylıq əmək haqqının isə 450 manat olduğunu dedilər”.

Şikayətçi məyus şəkildə yenidən AMAY Biznes Mərkəzinə yollandığını, ancaq həmin xanım əməkdaşı ofisdə tapa bilmədiyini, nömrəsinə isə zəng çatmadığını deyir.

Y. Tomarov üzləşdiyi dələduzluq faktıyla bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini, hazırda məsələnin araşdırıldığını bildirir.

“Ugurmedia.az” saytında qeyd olunan nömrə işləmədiyindən, iddia olunan faktlarla bağlı infomasiya portalıyla əlaqə qurmaq cəhdlərimiz baş tutmayıb.


Qeyd edək ki, mətbu orqan kimi çıxış edən edən “ugurmedia.az” saytında olan məlumata görə, bu informasiya portalı müxtəlif xidmətlərlə yanaşı, həm də elanlar əsasında insanları “işə” düzəltdiyini iddia edir. Lakin vətəndaşın şikayətindən də məlum olduğu kimi, “ugurmedia.az”-ın bu istiqamətdəki fəaliyyətinin hansı dərəcədə şəffaf olduğu böyük sual doğurur.

Gün ərzində xeyli insanın iş üçün bu ofisə müraciət etdiyini nəzərə aldıqda Y. Tomarov kimi onlarla vətəndaşın bu cür dələduzluqla üzləşdiyi istisna olunmur. Hər halda güman edirik ki, müvafiq qurumlar bu barədə ciddi araşdırma apararaq, lazımi tədbirlər görəcəklər.

Bəs qanunvericilikdə bu cür dələduzluq faktlarıyla bağlı hansı cəzalar nəzərdə tutulub?

Bu barədə vəkil Turan Abdullazadə “AzPolitika.info”-ya şərhində bildirib ki, son vaxtlar əksər vətəndaşlar işə düzəltmə adı altında onlardan pul alıb bir andaca yoxa çıxan dələduzların toruna düşürlər: “Vətəndaşların əksəriyyətində pulu verdiyi şəxsin ad-soyadı, həmin dələduzun şəxsiyyətinə və real ünvanına dair məlumatlar olmur. Çox vaxt saxta adla özlərini təqdim edən bu adamlar, mobil nömrələri sındırıb, yoxa çıxırlar. Əgər agentlik pulu aldıqdan sonra vətəndaşa heç bir xidmət göstərməmiş və ya lazımı qaydada xidmət göstərməyib onun istehlakçı hüquqlarını kobud surətdə pozubsa, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də şikayət ərizəsi ilə müraciət etmək olar”.

T. Abdullazadənin sözlərinə görə, dələduzluqla bağlı Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır: “Əgər qeyd edilən təşkilatın fəaliyyət istiqaməti “işə düzəltmə”dirsə, 20 manata görə hər hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmur.

Lakin İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Vəkil qeyd edir ki, bu cür dələduzların toruna düşməmək üçün vətəndaş ilk növbədə ona pul müqabilində iş təklif edən adamın şəxsiyyət vəsiqəsini tələb etməlidir: “Adətən vətəndaşa dələduzluq etməyə hazırlaşan şəxslər bu tələbdən sonra bir bəhan taparaq aradan çıxırlar. Bundan əlavə, vətəndaşlar dövlət orqanlarına işə qəbulla bağlı vədlər verən şəxslərə də pul verməkdən çəkinməlidirllər. Çünki əksər dövlət orqanlarında işə qəbul prosedurları yalnız müsahibə və müsabiqə əsasında keçirilir”.

E. Bəyməmmədli

“AzPolitika.info”


635x100

Şərhlər

Roma 2023-04-07 19:24:29

Əlbətdə bu yazdığlarım hamıya aid deyil, ancaq deməliyəm ki, hələ də içimizdə yalançı, aldadan kimi şərəfsizlər vardır...

Son yazılar