Amerikanın “CNN” kanalı Ukrayna siyasi və hərbi rəhbərliyinin ölkənin işğal olunmuş ərazilərinin işğaldan azad edilməsilə bağlı gözlənilən əks-hücum əməliyyatında dəyişikliklər etdiyi barədə məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, kanalın iddiasına görə, son günlər Ukraynanın əks-hücum planının detallarına dair mətbuata sızdırılan məxfi sənədlər Ukrayna rəhbərliyini bu plana dəyişiklik etmək məcburiyyətində qoyub. Kanal bildirib ki, bu məlumatı Prezident Volodimir Zelenskiyə yaxın olan mənbələrdən alıb.
Qeyd edək ki, Qərbin Ukraynaya hərbi dəstəyi və hərbi əks-hücum əməliyyatının bəzi detalları barədə məxfi məlumatlar aprelin 7-dən etibarən bəzi mətbu orqanlarda dərc edilməyə başlayıb.
Lakin bu məlumatlara və “CNN”in Ukraynanın öz planlarını dəyişdiyi barədə yaydığı xəbərə şübhə ilə yanaşanlar da kifayət qədər çoxdur.
Əksər mütəxəssislər hesab edirlər ki, hücum planı ilə bağlı sənədlərin sızdırılması ümumilikdə bütöv bir xüsusi informasiya əməliyyatının tərkib hissəsi ola bilər.
Yəni, Ukrayna tərəfi və Qərb xüsusi xidmət orqanları bilərəkdən bu cür məlumatlar ötürməklə qarşı tərəfdə çaşqınlıq və qeyri-müəyyənlik yaratmaq istəyir.
Məsələn, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilovun fikrini xatırladaraq, “Ukraynanın hücum planını ölkə rəhbərliyində uzağı 5 nəfər bilir”, - deyə bildirib.

Arestoviçin fikrincə, həmin 5 nəfərdən kiminsə bu məlumatları sızdırması mümkünsüzdür. Ancaq bu, o demək deyil ki, sızdırılan məlumatlar arasında həqiqəti əks etdirən məqamlar yoxdur. Belə məlumatlar var. Lakin bu cür xüsusi informasiya əməliyyatlarında həqiqətlə bir yerdə xeyli saxta və azdırıcı məlumatlar da ötürülür ki, bu da qarşı tərəfin diqqətini lazım olan istiqamətlərə yayındırmağa xidmət edir. Bir sözlə, bütün bunlar hibrid müharibənin tərkib hissəsi olan informasiya savaşının elementləridir.
Xatırladaq ki, Ukrayna müharibəsinin ilk günlərində Ukrayna Ordusunun baş komandanı Valeri Zalujnının Kiyevin müdadfiə planını nəinki müttəfiq dövlətlərdən, NATO rəhbərliyindən, hətta Ukrayna Prezidenti və onun ətrafından belə gizlətdiyi məlum olmuşdu. Bu fakt müharibənin sonrakı aylarında üzə çıxmışdı və onu göstərirdi ki, xüsusilə də Ukrayna hərbi rəhbərliyi belə mövzulara olduqca həssas yanaşır. Odur ki, mətbuata sızdırılan məlumatların tam həqiqəti əks etdirdiyi və bunun guya Ukrayna rəhbərliyinin hücum planlarına ciddi təsir edəcəyi barədə deyilənlər kifayət qədər mübahisəlidir.
Elə Aleksey Arestoviç də bunu təsdiqləyib və deyib ki, artıq strateji qərar qəbul olunub. Əks-hücum əməliyyatı mütləq baş verəcək və heç bir məlumat sızıntısı bunu dayandırmaq gücündə deyil.
Xatırladaq ki, bundan öncə Ukrayna Müdafiə naziri Aleksey Reznikov əks-hücumun aprel-may aylarında baş tutacağını demişdi. “Vaqner” başçısı Yevgeni Priqojin isə hətta hücumun təxminən bir həftədən sonra başlayacağını iddia edib.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər