Aprelin 10-da Rusiya və Ukrayna növbəti əsir mübadiləsini həyata keçiriblər.
“AzPolitika.info” xəbər verir ki, Rusiyaya 106, Ukraynaya 100 hərbi əsir qaytarılıb.
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, 106 hərbi əsir hərbi nəqliyyat təyyarəsi ilə Moskvaya gətiriləcək. Xəbərdə deyilir ki, onlar nazirliyin xəstəxanalarında müalicə və bərpadan keçəcəklər.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib ki, 100 ukraynalı əsir evlərinə qaytarılıb. Onların arasında Ukrayna silahlı qüvvələrinin hərbçiləri, matroslar və Milli Qvardiyanın üzvləri var. Yermakın sözlərinə görə, qaytarılan hərbçilərdən bəziləri yaralı və xəstədir və onlara lazımi tibbi xidmət göstəriləcək.
Bu arada Ukraynanın Xerson vilayətinin hərbi administrasiyası bildirir ki, Rusiya hakimiyyət orqanlarının işğal olunmuş ərazilərdən qanunsuz apardığı 24 uşaq geri qaytarılıb. Uşaqların qaytarılmasına “Save Ukraine” xeyriyyə fondunun könüllüləri kömək ediblər.
Aprelin 10-da Ukraynaya qaytarılan uşaqları Xerson hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin qarşılayıb. Könüllülər danışırlar ki, bu, ən mürəkkəb əməliyyatlardan biri olub.
Məlumatda deyilir ki, rusiyalılar uşaqların valideynlərini 13 saat ərzində dindiriblər və daha sonra onları propaqanda reportajında iştiraka məcbur ediblər. Aprelin 8-də Ukraynaya 31 uşaq qaytarılmışdı. Nikolay Kuleba deyib ki, bu, uşaqların xilası üçün keçirilən beşinci missiya idi.
“AzPolitika.info”


Şərhlər