Menu

Türkmənistan Ermənistana qaz verəcəkmi? – “İrəvan Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür”

12.04.2023, 14:53
Türkmənistan Ermənistana qaz verəcəkmi? – “İrəvan Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür”

“Rəsmi İrəvan Tehranla türkmən qazının swap şərtlərlə Ermənistana nəqli ilə bağlı danışıqlar aparıb. Bu məqsədlə İran-Ermənistan qaz kəmərinin buraxıcılıq gücünün artırılması da müzakirə edilib”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə neft-qaz sektoru üzrə ekspert İlham Şaban bildirib.

Nədən Ermənistan birbaşa İrandan qaz almaq istəmir?

Təhlilçi bu suala cavabında bildirib ki, bunun başlıca səbəbi Ermənistanın sanksiya altında olan ölkə ilə münasibətlərinin yüksəlişini nəzərlərdən yayındırmağa çalışmasıdır: “İkincisi, indiyə qədər İrandan aldığı qaz kommersiya idxalı hesab edilmir. Ermənistan İrandan aldığı hər kubmetr qazdan təqribən 4,5 kVt/saat elektrik enerjisi istehsal edir və onun 3 kVt/saatını İrana qaytarır, yerdə qalanını özünün ehtiyaclarına yönəldir. Beləliklə, bir növ daxili istehlakda müəyyən həcmdə “pulsuz işıq” yaratmaq imkanı qazanır. İran qazı Rusiya mavi yanacağından bahalı olduğundan Ermənistan tərəfi cənub qonşusunun mütəmadi təkliflərindən yayınır. İrəvan bir neçə ildir sərhəddə qazın hər 1000 kubmetrini 165 dollardan alır”.

İ.Şaban xatırladır ki, Ermənistan ərazisindəki bütün magistral qaz kəmərləri “Gazprom Armenia” şirkətinin mülkiyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfi ilə razılaşdırmadan qazın kommersiya idxalının şaxələndirilməsi rəsmi İrəvan üçün daxili bazarda istehlak qiymətlərinin bahalaşması probleminə gətirib çıxara bilər.

Bəs Türkmənistan Ermənistana swap şərtlərlə İran üzərindən qaz sata bilərmi?

Ekspert qeyd edir ki, rəsmi İrəvan Aşqabada müraciət edib, Azərbaycana satılan şərtlərlə qaz idxal etməyi təklif edə bilər: “Təbii ki, hər şey Berdımuhəmmədovların cavabından asılı olacaq. Aydın olmayan odur ki, Xəzərin o tayındakı Oğuz türkləri bu təklif olduğu təqdirdə onu necə cavablandıracaqlar”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol