Menu

İran Çin və Rusiya ilə gizli danşıqlar aparır – Bu maddə minlərlə raketin istehsalı üçün lazımdır...

12.04.2023, 18:05
İran Çin və Rusiya ilə gizli danşıqlar aparır – Bu maddə minlərlə raketin istehsalı üçün lazımdır...

İran bərk raket yanacağının istehsalı üçün lazım olan ammonium perkloratın alınması üçün Çin və Rusiya ilə gizli danışıqlar aparır. Bu məhsullar BMT sanksiyaları ilə açıq şəkildə qadağan edilib.

“AzPolitika.info” xəbər verir ki, “Politico” jurnalında diplomatik mənbələrə istinadla dərc olunan məqalədə gizli danışıqlardan bəhs olunub.

“İranın nə qədər kimyəvi maddə almaq istədiyi dəqiq məlum deyil, lakin bəzi hesablamalara görə, söhbət minlərlə raketin, o cümlədən 700 kilometrə qədər mənzilli “Zülfiqar” taktiki raketlərinin istehsalı üçün kifayət edəcək həcmdən gedir”, -məqalədə qeyd edilir. 

Mənbələr əmindirlər ki, bu raketlərdən bəziləri Ukrayna ilə müharibəni davam etdirmək üçün rus qoşunlarına verilə bilər.

Məlumata görə, İran nümayəndələri Rusiyanın kimya məhsulları istehsalçısı “Anozit”lə danışıqlar aparıb. Şirkət Novosibirsk vilayətində yerləşir. Bu ilin əvvəlində Rusiya Prezidenti Vladimir Putin “Anozit”in “Rostec” dövlət korporasiyasına daxil olması ilə bağlı sərəncam imzalayıb.

“Politico” mənbələri danışıqlarda Çindən hansı şirkətlərin iştirak etdiyi barədə məlumat verməyib. Eyni zamanda, nəşrin həmsöhbətləri qeyd ediblər ki, ammonium perkloratın Çindən İrana mümkün tədarükü Pekinə Rusiyaya əhəmiyyətli dəstək verməyə imkan verəcək.

Tehran, Pekin və Moskva rəsmiləri jurnalistlərin müraciətlərini cavablandırmayıblar.

Əgər razılaşma əldə olunarsa, bu, Tehranın raket proqramına qarşı beynəlxalq sanksiyaların kobud şəkildə pozulması olacaq. BMT-nin 2015-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Təhlükəsizlik Şurasının təsdiqi olmadan ammonium perkloratın İrana satılması qadağandır.

Keçən ay Moskvaya səfər edən Çin Prezidenti Si Cinpin Rusiyanın Ukraynaya qarşı müharibəsini açıq şəkildə dəstəkləməyib və münaqişənin diplomatik yolla həllinin tərəfdarı olub. Pekin həll planını təqdim edib, lakin tənqidçilər bu təkliflərin Kiyevi Rusiyaya ərazi güzəştləri etməyə məcbur edəcəyini deyirlər.

ABŞ və Avropa İttifaqı dəfələrlə Çinə Moskvaya hərbi dəstək verməməsi barədə xəbərdarlıq edib. Çin isə Rusiyaya silah tədarükü ilə bağlı xəbərləri rədd edir. “Politico” qeyd edir ki, Çin Rusiyaya bəzi hərbi texnikalar göndərdi, lakin tədarüklər Pekinin mühüm tərəfdaşları – ABŞ və Aİ ilə münasibətləri gərginləşdirmək istəmədiyi üçün az sayda olub.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol