PROKURORUN YUBİLEYİ – "Adil Əsgərov - 75"

15 aprel 2023-cü ildə tanınmış prokuror, prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri Adil Əsgərovun 75 yaşı tamam olur. Bu münasibətlə təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun yazısını təqdim edirik:

İnsan dünyaya bir dəfə gəlir və hər kəs özünəməxsus tərzdə öz həyatını yaşayır. Həyatın enişli-yoxuşlu yollarında acılı-şirinli günlərlə üzləşir. Səbrini, dözümünü, ləyaqətini, imanını yoxlamaq üçün sanki tale insanı müxtəlif sınaqlara çəkir. Alın yazısı dediyimiz taleyin bu sınaqlarından öz ömrünü bütöv şəxsiyyət kimi yaşayanlar üzüağ, alnıaçıq çıxa bilir. Prokurorluğun fəxri işçisi, baş ədliyyə müşaviri Adil Əsgərov da belə dəyərli şəxsiyyətlərdən biridir.

Bu gün 75 yaşı tamam olan Adil Əsgərov prokurorluq orqanlarında çalışdığı müddətdə böyük nüfuza sahib olub. Ədalətin keşiyində ləyaqətlə dayanıb.

Adil müəllimlə ilk tanışlığımız tələbəlik illərinə təsadüf edir.1972-ci ildə bizim 872-ci qrupun təşkil etdiyi haylı-küylü “Bahar bayramı”nın keçirilməsinə qrup yoldaşları Əlbəndə Cabbbarov, Ağamirzə Xəlilov, Yaqub Atamaliyev, Aydın Alıyevlə birlikdə Adil müəllim də öz töhfəsini vermişdi.

Tələbəlik illərində Adil müəllim səliqə-sahmanı, sakit təbiəti, mədəni davranışı ilə seçilirdi. Taleyin hökmü ilə 1976-cı ildə Adil müəllimlə Yevlax rayon prokurorluğunda stajyorluq həyatı yaşadıq. Adil müəllim qısa müddətdə kollektivin və rayon ictimaiyyətinin dərin hörmətini qazanmşdı. 1985-ci ildə hər ikimiz bir neçə ay fərqlə rayon prokuroru vəzifəsinə təyin edildik. 1990-cı ilin iyun ayında eyni gündə Mərkəzi Komitədə söhbətdə olub, Respublika prokuroru İlyas İsmaylovun əmri ilə təkrar müddətə - mən Cəlilabad rayon prokuroru, Adil müəllim isə Gəncə şəhəri Kəpəz rayon prokuru vəzifəsinə təyin edildik.

Atalar məsəli var: Dostunu göstər, kim olduğunu deyim.

Adil müəllimin müxtəlif təbəqələrdən olan çoxlu dostları var. Onların hamısı dəyərli insanlardır. Lakin onlardan biri haqqında söhbət açmaq istəyirəm.

İmamverdi Əbilov institutu qurtarıb Neftçala rayonunda məktəb müəllimi işləmişdir. Müəllim işləməsinə baxmayaraq elmi fəaliyyətlə məşğul olmuş, filologiya elmlər doktoru alimlik dərəcəsi almışdır. Professor olmuşdur.

İmamverdi müəllimin zəngin kitabxanasında 2000-ə yaxın avtoqraf var. 5000 məktubu əziz xatirə kimi saxlayırdı İmamverdi müəllim. Savadlı, qeyri-adi yaddaşa malik olan İmamverdi müəllimin evində bir çox ziyalılar olmuşdular. Böyük şairimiz Səməd Vurğun iki dəfə onun evində olmuş, onunla mütəmadi məktublaşmışdı. Adil müəllim Neftçalaya prokuror gedən gündən onların tanışlığı başlamış, 2016-cı ildə 89 yaşında haqqın dərgahına qovuşmuş İmamverdi müəllimin 75 və 80 illik yubileyini birlikdə qeyd etmişdilər. Adil müəllim bu gün də İmamverdi müəllim haqqında xatirələrini həvəslə danışır, oğlu Azər Turanla dostluğnu davam etdirir.

Prokuror nüfuzunun əsas şərtlərindən biri sözünə dürüst əməl etməsi, verdiyi qərarların icrasını təmin etmək bacarığı ilə əhalinin inam və ehtibarını qazanmasıdır. Adil müəllim bu sahədə də həmişə fərqlənib. Onun bu xüsusiyyətinin nəticəsidir ki, əvvəldən bağlı qalan bir sıra cinayətlərin üstü açılıb (Kəpəz rayonunda bacısını öldürən şəxsin 8 ildən sonra ifşa edilməsi, Qəbələ rayonunda 5 il əvvəl ailə üzvləri tərəfindən atanın öldürülməsi faktı, Neftçala rayonunda 10 il əvvəl tapılmış meyidin şəxsiyyətini və hadisəni törədən şəxslərin kimliyinin müəyyən edilməsi bu qəbildəndir.). Adil müəllim qədirbilən insandır. Hər kəsin layiq olduğu dəyəri yaxşı bilir. Yeri gələndə bu insanlar haqqında öz maraqlı xatirələrini qələmə alır. Bu, onun daxili zənginliyinin, müsbət mənəvi keyfiyyətlərinin bariz nümunəsidir. Onun unudulmaz müəllimimiz Məməd Xələfov haqqında xatirələrini, yaxınlarda 85 illik yubileyi qeyd edilən Azərbaycan SSR-nin prokuroru olmuş İlyas İsmayılov haqqında dəyərli yazısını həyəcansız oxumaq mümkün deyil.

Adil müəllim bədii yaradıcılıq sahəsində də öz sözünü deyib. Onun 2021-ci ildə görkəmli yazıçı və publisist Məmməd Əfşanın redaktorluğu ilə çapdan çıxan uşaqlıq və gənclik illərindən, taleyin ona qismət etdiyi acılı və şirinli günlərdən, hüquqşünas ixtisasına yiyələnib, bu sahədə yüksəlişindən, rastlaşdığı mərd və namərd insanların həyatına təsirindən bəhs edən “Acılı və şirinli günlərimin xatirələri” adlı kitabı hüquq ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Adil müəllim həmişə Allaha bağlı adam olub. Ədalətli fəaliyyəti, imanlı həyatı, yaşayış tərzi ilə seçilib. Müqəddəs Həcc ziyarətində də olub. Bu ziyarət onun mənəvi keyfiyyətlərini daha da zənginləşdirib. O, 15 ildir təqaüddə olmasına baxmayaraq, xeyriyyəçiliklə də məşğul olur, hacı kimi müsəlmançılıq borcunu şərəflə yerinə yetirir.

Dəyərli həmkarım Adil müəllim ömrünün 75-ci ilində də həmişə olduğu kimi, maşallah, gümrah, nikbin, dəyanətli və səbrlidir. İnanıram ki, Adil müəllim bundan sonrakı həyatında da bir ağsaqqal kimi bu müsbət keyfiyyətlərini qoruyub saxlayacaq, onu sevənləri, dəyərini bilənləri xoş soraqlarla sevindirəcəkdir.

Bir daha Adil müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, can sağlığı və uzun ömür arzulayıram.

635x100

Şərhlər

SƏRDAR ƏLİYEV 2023-04-14 20:48:49

ÖMÜR YOLU ŞANLI,DOSTLUĞA ETİBARLI,ÜRƏYİ İMANLI DƏYƏRLİ QARDAŞIMIZ,TƏBRİK EDİRƏM!

Son yazılar