Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanın “Taliban” rəhbərliyinə xəbərdarlıq edib ki, yaraqlıları cilovlaya bilməsələr, İslamabad qonşu ölkənin daxilindəki terrorçuların sığınacaqlarına zərbələr endirəcək.
“Pakistan Observer” xəbər verir ki, nazir bu barədə “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib. Müdafiə naziri bildirib ki, fevralın sonunda Əfqanıstana səfəri zamanı o, “Taliban” administrasiyasına terrorçuların Əfqanıstan ərazisindən Pakistana və ya İslamabada hücumlar planlaşdırmaq, həyata keçirmək üçün istifadəsini qadağan edən sərhəd təhlükəsizliyi öhdəliklərinə əməl etməyin vacibliyini xatırladıb: “Biz Kabilə son səfərimiz zamanı bildirmişik ki, qonşularımız və qardaşlarımız kimi Əfqanıstan torpağından gələn hər şeyə siz cavabdehsiniz. Əgər bu edilməsə, nə vaxtsa biz bəzi tədbirlərə əl atmalı olacağıq. Terrorçular harada olurlarsa olsunlar, mütləq onların Əfqan torpağındakı sığınacaqlarına zərbələr endirəcəyik. Biz onları vurmalı olacağıq, çünki bu vəziyyətə uzun müddət dözə bilmərik”.

Müsahibə zamanı X.Asifdən “Taliban”ın Təhrik-e-Taliban Pakistanın (TTP) Pakistanda hücumlar həyata keçirmək üçün Əfqanıstan torpaqlarından istifadə etməməsi ilə bağlı iddiasına inanıb-inanmadığı soruşduqda o, “hələ də öz torpaqlarından fəaliyyət göstərirlər” deyərək cavab verib.
Müdafiə naziri TTP-nin Əfqanıstanda ABŞ qüvvələrinin qoyub getdiyi silahlardan istifadə etməsinə dair iddialara gəlincə deyib ki, “bunu hər yerdə görmək olar. Kabil küçələrində mən özüm bunu gördüm. TTP ABŞ əsgərlərinin geridə qoyduğu yüngül silahlar, avtomat tüfəngləri, döyüş sursatı, gecə görmə gözlükləri və snayper tüfənglərindən istifadə edir. Bu məsələnin Vaşinqtonla danışmağın faydası yoxdur. Bu cür texnikanı daşıya bilmədiklərinə görə yad torpaqda qoyub gediblər”.
SƏMLA
AzPolitika.info


Şərhlər