Menu

Pərviz Həşimli İşçi Qrupuna müraciət etdi

19.11.2014, 10:11
Pərviz Həşimli İşçi Qrupuna müraciət etdi

“Həbsimin qeyri-qanuni olmasını həm yerli, həm də beynəlxalq ictimaiyyət bildi”

Məhbus jurnalist Pərviz Həşimli İnsan Hüquqları Problemləri üzrə Birgə Qrupun həmsədri Fuad Ələsgərova, Avropa Şurası Parlament Assambleyası baş katibinin təmsilçisi Aleksandr Gesselə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Birgə Qrupun bütün üzvlərinə müraciət ünvanlayıb.

P.Həşimli müraciətdə bildirir ki, həbsinin qeyri-qanuni olması, istintaq və məhkəmə proseslərində hüquqlarının açıq-aşkar pozulması, həm yerli, həm də beynəlxalq ictimaiyyətə bəllidir: “İstintaq iddia edib ki, guya Təvəkkül Qurbanov adlı (MTN-in öz adamıdır-P.H.) bir nəfər guya mənim tapşırığımla İranın ”şəxsiyyəti istintaqa bəlli olmayan" “Hüseyn” adlı vətəndaşından Biləsuvarda 6 ədəd “Makarov” tapançalarını 12 min ABŞ dollarına alıb. İstintaq materiallarında həmin silahların İrandan gətirilməsinə dair bir sübut yoxdur. Bu ittihamın saxta qurama olmasını aşağıdakı arqumentlərlə sübut edirəm. Nəyə görə istintaqı aparan MTN-in müstəntiqləri “şəxsiyyəti istintaqa bəlli olmayan” şəxs kimi iddia etdikləri Hüseynin şəxsiyyətinin müəyyənləşməsi üçün heç bir istintaq hərəkəti aparmayıb? Adı istintaqa bəlli olmayan şəxs kimi yazdıqları iranlı sərhəddə gəldiyi kimi əl-qolunu sallayaraq necə geri qayıdır? Sərhəddən keçən hər bir adamın foto və videogörüntüləri qeydə alınır. Niyə istintaq sərhəd xidmətindən bu görüntüləri əldə etməyib?"

Jurnalist yazır ki, həbsindən 14 ay keçsə də, iranlılar hələ də “axtarılır”. “Hörmətli Qrup üzvləri! İş materiallarında həmin silahların nömrələrinə diqqət edəndə ardıcıllıq görünür. Sizcə, ”qara bazar"da nömrə ardıcıllığı bir-birinə uyğun gələn silahların satılması mümkündürmü? Təəssüf ki, məhkəmə bu faktın da üstündən keçdi" deyə, qeyd edib.

“Mənə qarşı irəli sürülən 228.2.1-ci maddəyə (silah saxlama, və daşıma) gəlincə, həmin silahın mənzilimə qoyulmasını sübut etmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. İş materiallarında qeyd olunur ki, mənzilin ümumi salonunda divanın altında döşəmənin üzərində silah aşkarlanıb. Bizim mənzildə döşəmə ilə divanın arası təxminən 15-20 sm-dir. Az yaşlı qızım itirdiyi xırda oyuncaqlarını həmişə divanın altından tapır. İndi Siz deyin, hansı ata övladının gün ərzində 5-10 dəfə əlini uzatdığı bir yerə silah qoyar? Görürsünüzmü nə qədər absurd iddiadır” deyə, müraciət edə jurnalist sonda yazır: “Mən MTN tərəfindən şərlənəcəyimi bildiyimə görə mənzilimin ümumi salonuna və həyətə müşahidə kameraları qurdurmuşdum. Mənzilimə silah qoyulması və evimə necə basqın edilməsi açıq şəkildə görüntülənib. Ancaq MTN əməkdaşları kameraların yaddaş aparatını özləri ilə aparıblar. Artıq 2-ci ildir ki, həbs həyatı yaşayıram. Məni şərləyənlər o qədər kinli və qəddardırlar ki, bu müddətdə ata - anamı və övladımı qucaqlamama belə imkan vermirlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol