Aprelin 19-na keçən gecə Rusiya hərbçiləri İran istehsalı olan “Şahid” pilotsuz təyyarələri ilə Odessa vilayətinə hücum edib. Məlumata görə, Rusiya Silahlı Qüvvələri Qara dəniz və Krım istiqamətindən şəhərə kütləvi dron hücumu təşkil ediblər.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki. bu barədə Odessa vilayət hərbi administrasiyasının rəhbəri Yuri Kruk məlumat verib.
Hücum nəticəsində ölən və yaralananlar var.
Məlumatda bildirilir ki, mülki infrastruktur obyektinə zərbə endirilib. Hadisə yerində yanğın olub.
Odessa vilayət administrasiyası bildirib ki, hücum dronlarından 10-u hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
Bundan əvvəl Odessada partlayış səslərinin eşidildiyi bildirilirdi. Şəhərdə hava həyəcanı elanı edilib.
O da bildirilib ki, Rusiya Ordusu Donetskin Avdeyevka və Baxmut şəhərlərinə hücumu daha da gücləndirib.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatlarında bildirib ki, hücumlar zamanı Donetskdə həmyerlilərimiz də zərər çəkib: “ Nicat Həşimovun Toretsk şəhərindəki evi mərmi zərbələrindən tamamilə yararsız hala düşüb. Həmçinin bir müddətdir itkin düşən Hüseyn Mərdanovun meyiti tapılıb”.
Bir gün əvvəl Ukrayna Hava Hücumundan Müdafiəsi bildirmişdi ki, çərşənbə axşamı axşam Zaporojya və Dnepr bölgəsində altı “Şahid” də daxil olmaqla yeddi pilotsuz uçan aparatı vurublar.
Dünən məlum olub ki, Almaniya Kiyevə ilk “Patriot” hava hücumundan müdafiə sistemini və onun üçün sayı göstərilməyən raketləri təhvil verib. Almaniya hökumətinin saytında bildirilir ki, çatdırılma vaxtı və onların avadanlıqları təhlükəsizlik baxımından göstərilmir.
Rasim
“AzPolitika.info”

Şərhlər