Menu

“Ermənistanın növbəti təxribatı cəza tədbirləri və ya antiterror əməliyyatlarını zərurətə çevirir” - RƏY

22.04.2023, 22:54
“Ermənistanın növbəti təxribatı cəza tədbirləri və ya antiterror əməliyyatlarını zərurətə çevirir” - RƏY

"Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən törədilən növbəti təxribat cəza tədbirləri və ya antiterror əməliyyatlarını zərurətə çevirir".

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

"Görünən odur ki, ermənilər öz xoşları ilə revanşist niyyətlərindən əl çəkmək istəmirlər, bu səbəbdən sülh və təhlükəsizlik naminə hərbi məcburetmə tədbirləri qaçılmazdır. Nəticənin nə olacağını proqnoz vermək çətin deyil. Əlbəttə ki, bugünkü insident Ermənistana baha başa gələcək. Atılacaq addımlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ola bilsin, Ermənistan yeni geosiyasi situasiyada hansısa güc mərkəzlərinə ümid etməyə başlayıb, lakin Müzəffər Ali Baş Komandanın AzTV-yə müsahibəsində də ifadə etdiyi kimi, "İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan və ona dəstək verən ölkələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər", - B.Məhərrəmov qeyd edib.

Deputat bildirib ki, ermənilər Azərbaycanın təmkinli davranışından sui-istifadə edərək müharibə cinayətlərini azğınlıqla davam etdirirlər:

"Belə ki, əvvəllər bu yoldan separatçıların istifadə etdiyi dövrdə hər hansı mina partlayışı baş verməyib. Lakin yoldan Ordumuzun mövqelərinə təminat vasitələrini daşıyan avtomobillərimiz istifadə etməyə başladıqdan sonra bu hadisənin baş verməsi göstərir ki, minalanma son bir neçə gündə həyata keçirilib və Azərbaycan hərbçilərinin məhvinə hesablanıb. Burada hər hansı legitim müdafiə hüququndan söhbət gedə bilməz, çünki azərbaycanlı hərbçilər öz suveren ərazilərimizdə xidmət aparırlar".

"Bugünkü hadisə eyni zamanda bir daha göstərdi ki, sülhməramlı kontingent üzərinə düşən öhdəlikləri nəinki yerinə yetirmir, əksinə, sanki birtərəfli qaydada Ermənistanın və separatçıların maraqlarının ehtiva olunduğu yeni öhdəliklər müəyyən edib. Bu isə kontingentə onsuz da az olan etimadın bütün səviyyələrdə daha da azalması, onların bütövlükdə regionda mövcudluğu barədə sualları meydana çıxarır. İstənilən halda hər kəs, Ermənistan da, onların havadarları da Prezident İlham Əliyevin 4 gün əvvəl Salyanda ifadə etdiyi kimi, unutmamalıdır ki, "biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, ərazimizdə at oynatsın", - B.Məhərrəmov əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.

Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Şərhlər

dadaşyev 2023-04-23 03:02:41

Perestroyka vaxtında Moskva Qarabağda “Xüsusi İdarəetmə Komitəsi” deyə yaramaz bir qurum yaratmışdı;guya iki xalq arasında toqquşmaların dayanmasına və konfliktin nizamlanmasına xidmət etməliydi.Amma sonrakı hadisələr əyani göstərdi ki,o Komitə sırf erməniyönlü imiş və Qarabağın Azərbaycanın tərkibindən çıxarılması təlimatıyla fəaliyyət göstərirmiş.Bax bu günümüzün rus murdarməramlıları həmin o Komitənin otuz il sonrakı halıdır və Qarabağın Azərbaycanın tərkibindən çıxarılması təlimatıyla fəaliyyət göstərmirsə mənim atabaatama lənət.Deyirlər rus istəmir ki,Qafqazda ikinci bir müharibə ocağı olsun Ukrayna savaşına görə.Necə olur?Gedəsən qız istəməyə xalxın evinə,amma utanasan,istəyə bilməyəsən,onda qızın atasının haqqı var desin ki,a bala,utanan oğul basa-basa ordan-bura gəlib mənim qapımı döyməzdi.İndi bu da eləcə;müharibə istəməyən dövlətin qoşunu Moskvadan basa-basa gəlib Qarabağda beş illiyinə yerləşib gecə-gündüz Qarabağa ermənistandan maşın-maşın silah-sursat daşımaz.İşin əcaib tərəfi budur ki,Qərb də istəyir Qafqaz alovlansın,sülh-mülh anonsları gözlərinin içinə kimi yalandı.Çünki Qərb buna ümid edir ki,Qafqazda müharibə başlanarsa Rusiya iki cəbhəyə diqqət ayırmalı olar,beləcə Ukraynada tam zəifləyər.Üstəlik,Qafqaz alovlanarsa o qarmaqarışıqlıqda İsrail və ABŞ İranın da dəməyini dağıdarlar Tehran nüvə silahı əldə etməyə yaxın olduğu üçün.Rusiya isə əksinə,buna ümid edir ki,Qafqazda müharibə olarsa Qərb iki cəbhəyə diqqət ayırmalı olar,beləcə Ukraynaya yardımlar zəifləyər.Amma nə Qərb,nə Moskva,nə Tehran-filan düşünmür ki,bu bölgə elə həssas geosiyasi bölgədir ki,bir alovlansa Məşdibadın nişan məclisindəki kimi aləm qarışar,kimin kimdə acığı varsa bir-birinin boğazından yapışar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol