Menu

“Ermənistan komandanlığı verilmiş əmrə görə məsuliyyət daşıyır” - ABŞ Konqresmeni

19.11.2014, 12:15
“Ermənistan komandanlığı verilmiş əmrə görə məsuliyyət daşıyır” - ABŞ Konqresmeni

Texas ştatından konqresmen Stiv Stokman Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopterinin vurulması barədə bəyanatla çıxış edib.

AzərTAc-ın məlumatına görə, konqresmenin ictimaiyyətə müraciətində bildirilir ki, işğal edilmiş Qarabağda təmas xətti boyunca münaqişənin genişlənməsi ABŞ Konqresini narahat edir: “Təəssüf ki, bu yaxınlarda gərginliyin artması, Azərbaycanın hava sərhədini pozmuş Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin məhv edilməsi ilə nəticələnib. Bu hadisədə insanların həlak olması kədər doğurur, lakin Ermənistan komandanlığı helikopterin heyətinə Azərbaycan ərazisinə keçmək barədə verilmiş əmrə görə məsuliyyət daşıyır”.

Stiv Stokman Ermənistanı və Azərbaycanı münaqişəni dinc yolla nizamlamağa, beynəlxalq miqyasda tanınmış sərhədlərə və ərazi bütövlüyünə, o cümlədən hər iki ölkənin hava sərhədlərinə hörmətlə yanaşmağa çağırır. Bəyanatda vurğulanır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra bu hadisənin baş verməsi təəssüf doğurur, halbuki həmin görüşdə münaqişənin dinc yolla tənzimlənməsinə çox ümid vardı.

Konqresmen Ermənistanı və Azərbaycanı təmkin nümayiş etdirməyə, münaqişə zonasında sabitliyi poza biləcək hərəkətlərə yol verməməyə çağırıb. O, ABŞ prezidentini ATƏT-in Minsk qrupunun həmsədri statusundan istifadə etməklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün səyləri fəallaşdırmağa səsləyib.

Noyabrın 12-də Azərbaycan ordusunun Ağdam rayonu istiqamətində, müdafiənin ön xəttində vurduğu Mi-24 döyüş helikopteri Ermənistan Silahlı Qüvvələrinin Yerevan yaxınlığındakı “Erebuni” hərbi aerodromunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur. Ölən ekipaj üzvləri Ermənistan Hərbi Hava Qüvvələrinin zabitləri olub: mayor Sergey Saakyan, baş leytenant Sarkis Nazaryan, leytenant Azat Saakyan.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol