ARTIQ GÖRƏCƏKLƏR Kİ, BURDAN O YANA AZƏRBAYCAN RESPUBLİKASIDIR! - Separatçı, “sülhməramlı” və İran rejimi üçün “göz dağı”

Qarabağdakı ermənilər üçün isə seçim imkanı

Bu cür strateji addımların atılması Türkiyənin dəstəyi, təsiri və nüfuzu olmadan mümkün deyildi...

Dünyada öz sərhədlərinə tam nəzarət edə bilməyən az sayda ölkələrdən biri idik. İndi demək olar ki, bizə on illər boyu qətiyyən başucalığı gətirməyən və müstəqil bir dövlətə yaraşmayan bu böyük çatışmazlığı, hətta biabırçılığı aradan qaldırdıq...

Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına ölkə daxilində və xaricində kimin necə qiymət verməsindən asılı olmayaraq, Azərbaycan faktiki olaraq, 2020-ci ilin sentyabrından 2023-cü ilin aprelinə qədər zaman kəsiyində sərhədlərimizi tam bərpa edərək, tarixi əhəmiyyətli strateji uğura imza atdı. Artıq 2020-ci ilin 27 sentyabrındakı sərhəddən 2023-cü ilin 23 aprel sərhədinə gəlmişik, özü də bu, sadəcə quru sərhədi, torpaq, ərazi hüdudu deyil, həm də siyasi və mənəvi sərhədlərimizin bərpası oldu...

Sərhədlərimizin tam fiziki nəzarətə götürülməsi 44 günlük müharibə dövründə İranla sərhədimizin bərpasından başladı. İrandakı rejimin məhz bundan sonra Azərbaycana qarşı onsuz da mehriban qonşuluq prinsiplərinə əsaslanmayan ermənipərəst aqressiv siyasətini dəfələrlə gücləndirdi və tam açıq müstəviyə keçirdi. 


Həmin prosesin bu gün Ermənistanla sərhəddə tamamlanması isə digər ermənipərəst xarici qüvvələrin və dövlətlərin eyni “sifətlərini” göstərməsinə səbəb olacaq və artıq olmaqdadır. Bunu görmək üçün Rusiyanın və Qərbdəki bir sıra oyunçuların bəyanat və şüvənlərinə diqqət etmək kifayətdir...

Sırf sərhəd-keçid məntəqəsinin quraşdırılması əməliyyatına gəlincə bu, hərbi baxımdan daha çox mənəvi-psixoloji əhəmiyyətə malikdir. Artıq bu nöqtədən keçən və milli mənsubiyyətindən, hansı dövlətdən, hansı məqsədlə gəlməsindən asılı olmayaraq, məmləkətimizi sevməyən hər bir kəs Azərbaycan ərazisinə ayaq basdığının fərqində olacaq, bununla barışacaq və bunun dərin sarsıntısını keçirəcək.

Artıq belələri sərhədi keçərkən gözləri bu torpaqların əsl sahibinin Azərbaycan olduğunu əks etdirən böyük plakatı və Azərbaycan sərhədçisini, əsgərini, onun digər dövlət orqanları təmsilçilərini görəcək, qulaqları Azərbaycan dilini eşidəcək!

İçi Azərbaycana qarşı nifrət, düşmənçilik, riyakarlıq toxumları ilə dolmuş belə fərdlər və toplumlar üçün bu, güllə və mərmi yarasından qat-qat dərin yara olacaq. Onlar öz daxilində və gönlərində hiss edəcək və görəcəklər ki, burdan o yana Azərbaycandır, Azərbaycan Respublikasıdır! Burdan o yana nə Ermənistan, nə ”dağlıq Qarabağ”, nə də “artsax” olacaq!


Bu, bir tərəfdən erməni millətçiləri və separatçıları üçün dərin və ağır siyasi və mənəvi zərbədirsə, digər yandan da Qarabağdakı erməni əhalisi üçün nəhayət, reallıqla barışaraq, seçim etmək imkanıdır. Artıq onlar bu ərazilərin tam hüquqi sahibi olan Azərbaycan dövləti ilə qanunsuz quldur dəstələri başçıları arasında seçim etməli olacaqlar - ya bu “başçılara” qoşulub Azərbaycan ərazisini tərk etmək, ya da legitim Azərbaycan dövlət orqanlarının tabeliyini qəbul etmək!

Həmin nəzarət-buraxılış məntəqəsini hər keçiddə, Azərbaycan sərhədçisinin onun sənədlərini hər yoxlamasında bu seçim onun qarşısında daha qabarıq şəkildə durmağa başlayacaq və anlayacaq ki, onların təhlükəsizliyi və dinc yaşayışı hansısa separatçı, qondarma quldur dəstəsi, yaxud müvəqqəti rus hərbi kontingenti başçısının yox, Azərbaycan dövlətinin əlindədir!

Yeri gəlmişkən, sözügedən nəzarət-buraxılış məntəqəsinin guya məhz Rusiyanın razılığı, hətta az qala sifarişi əsasında qurulduğuna dair iddiaların çürük olduğunu görmək o qədər də çətin deyil.

Birincisi, bununla “sülhməramlılar”ın, deməli həm də Rusiyanın regiondakı nüfuzuna, eləcə də onun istər Qarabağdakı, istərsə də Ermənistandakı ermənilərin gözündəki etimadına növbəti böyük zərbə vuruldu.

İkincisi, bu, “sülhməramlılar”ın onların müvəqqəti nəzarətinə verilmiş ərazilərdə heç də “tək və mübahisəsiz” söz sahibi, “xozeyn” olmadığını və onun bir “missiya” kimi ömrünə az qaldığını bir daha göstərmiş oldu.

Eyni zamanda, bu məntəqənin qoyulması ən azından Rusiya hərbi kontingentinin bizim məlum ərazilərimizdə və sərhəddəki nüfuz və manevr imkanlarını, Qarabağdakı separatçılarla açıq və gizlin oyunlar qurmaq, təxribatlara rəvac vermək imkanlarını xeyli dərəcədə məhdudlaşdırmış olur.

Azərbaycan tərəfinin rəsmi açıqlamasında deyilir: “Bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib”.

Belə nəticə çıxır ki, bu, rəsmi açıqlamada deyildiyi kimi, “Rusiya ilə razılaşdırılıb”, yaxud “Rusiyadan icazə alınıb” və sair yox, sadəcə “məlumatlandırılıb”(!) deməkdir. Çünki doğrudan da belə bir məntəqənin açılmasının Rusiyanın regiondakı maraqları ilə ziddiyyət təşkil etdiyinə dair sonsuz sayda arqument gətirmək olar...

Hər nə qədər hər şeydə konspirologiya axtaranlar guya belə hadisələrin Rusiyanın Ermənistan hakimiyyətini zəiflətməsi və gözdən salması üçün sərfəli olduğunu iddia etsələr də, faktiki olaraq, bundan da daha böyük hadisələr və sarsıntılar belə Paşinyan hakimiyyətini yıxa bilmədi, əksinə, Rusiyanın Ermənistandakı siyasi və mənəvi dayaqlarını zəiflətdi.

Yəni, guya Kremlin bununla Azərbaycanın əlilə Paşinyanı cəzalandırması kimi iddialar da elə Qarabağdakı separatçı rejim kimi çürük və əsassızdır. Ümumilikdə, Azərbaycanın öz sərhədlərinə tam nəzarət edə bilməsi, təkcə separatçı rejim və Ermənistan üçün deyil, Azərbaycanı daim zəif və özündən asılı görmək istəyən İran rejimi və Rusiya üçün olduqca ağrılı, arzuolunmaz haldır...

Nəhayət, qətiyyən nəzərdən qaçırmamalı, unutmamalı və mütləq haqqını, dəyərini verməli olduğumuz qüvvə - Türkiyə! Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin bərpasında şəhidlərimizin hər damla qanı, qazilərimizin qəhrəmanlıqları və xalqımızın, dövlətimizin zəhməti, cəsarətilə yanaşı, Türkiyənin siyasi nüfuz və təsiri başda olmaqla, hərtərəfli dəstəyini, misilsiz rolunu qeyd etmək və görmək də borcumuzdur. Sözsüz ki, sözügedən məntəqənin açılışı da daxil olmaqla, Rusiyanın regiondakı imperiya dayaqlarına birbaşa təsir edən bu cür strateji addımların atılması Türkiyənin dəstəyi, təsiri və nüfuzu olmadan mümkün deyildi...

Beləliklə, torpaqlarımızın ziyanlı separatçı çürüntüdən təmizlənmə prosesində növbəti əhəmiyyətli addım atılmış oldu. Vaxt gələcək ki, bu çürüntü ilə yanaşı, onu bəsləyən “sülhuməramlı kölgə” də ərazimizdən, vücudumuzdan yad və ziyanlı əşya, qəlpə kimi kəsilib atılacaq, təmizlənib, çəkiləcək. Ümid edək ki, buna çox az qalıb...

Elxan Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

TARİXƏ Abdalhüseyn 2023-04-25 16:05:16

Qrekorianlar, haylar və ermənilər 18ci əsrdən başlanan bu qalmaqallı tarixi hadisələrin aparıcıları-daşnaqlar, İran və məskunlaşdıran Rusiya həqiqi-faktiki tarixi və yozduqlarını qalan dünyadan daha dəqiq bilirlər!? Onların qəsdləri və cəhdləri xəbərsiz dünyanı ABŞ prezidenti kimi dolandırmağa hesablanıb.

TARIX 2023-04-25 09:53:18

YAXŞI YAZIDIR CƏLAL BƏY.

Cəmşid Dərələyəzli 2023-04-25 09:24:32

Bəli Azərbaycan bütün zorluqlara və beynəlxalq basqılara reğmen 2020-ci ildəki 44 günlük qələbəsindən sonra, imzalanmış 10 noyabr (2020) sazişində qəbul olunmuş şərtləri əsas tutarak öz hədəflərinə merhele-merhele ulaşmaqda devam edir. İkinci hədəf Laçın dəhlizinin "Ermənistanla" sərhəddində öz keçid məntəqəsini yaratmaq idi və buna da bu ilin 23 aprelində nail oldu. Üçüncüe hədəf Zəngəzur Koridorunun açılması olacaq və bu hədəf də yaxındır. Dördüncü hədəf "Ermənistanla" sərhədlərin tanınması olacaqddır. Beşinci hədəf 29 may 1920-ci ildə "Ermənistan" dövlətinin yaradılması ilə bağlı verilmiş 9,8 min kv. km. ərazilərin sərhədlərinə kimi gedilməsi olacaqdır. Çünki ondan sonrakı əraziləri (Zəngəzur, Dərələyəz, Göyçə və Qaraqoyunlu mahalları) Bolşevik höküməti qanunsuz olaraq ermənilərə verib. Altıncı hədəf isə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın öz yurdlarına qaytarılması olmalıdır. Təbii ki, bütün bunlara zaman gərəkdir. Sadəce sabr.sebr.

Eldəniz 2023-04-25 06:36:06

Gorbagor oldu sarsax .. gorbagor oldu rus bedmeramlilar ...Artıq dövlət sərhədlərimiz tam bərpa edildi...Vətən sərhəddən başlayır...Yaşasın Azərbaycan Ordusu..

ƏNHU 2023-04-24 22:31:45

Ürəklərə su səpən bu yazı üçün Cəlal bəy sizə şəxsən təşəkkür edirəm. Kaş ki, yazıya bircə abzas da əlavə edəydiniz. Əlavə edib onu da deyəydiniz ki, gərəkdüşmənlə aramızda eləı bir sərhəd-keçid modeli qurulsun ki, görənlərin və keçənlərin zəhri yarılsın. Zəhimi, əzəməti, qorxunc təsiri ilə bura türk qapısıdır deyiub ərşi-əlaya meydan oxusun. Görüm indən belə bir fransız ya hardansa azıb gəlmiş qərb tulası ölkəmizə burnunu soxa biləcəkmi? Ancaq bununla yanaşı bütün dərmə-deşiklər tutulmalıdır. bütün enişlər-yoxuşlar, çığırlar nəzarətə götürülməlidir. Orradakı separatçılar acından ölənə yaxın özləri ağ bayraq qaldırıb təslim olacaqlar.

Son yazılar