“Vaqner”in başçısı Yevgeni Priqojin hesab edir ki, Ukrayna Silahlı Qüvvələri mayın 2-dən sonra əks-hücuma keçəcək.
“AzPolitika.info” xəbər verir ki, Y.Priqojin növbəti açıqlamasında isterik şəkildə Ukraynanın yağışların bitməsini gözlədiyini bildirərək, əks-hücum başlayacağı təqdirdə onun döyüşçülərinin çətin vəziyyətə düşəcəyini qeyd edib.
Çünki Baxmut və digər istiqamətlərdə irəliləmiş “vaqnerçilərin” cinahları açıqdır, nizami ordu onları qapatmır, Ukrayna Ordusu isə bu cinahlardan hücuma keçərək, “Vaqner”-i əsas qüvvələrdən ayıra və məhv edə bilər: “Bu gün yağışlar davam edir. Mayın 2-də son yağış yağacaq. Küləyin torpağı qurutması üçün də bir həftə vaxt lazımdır. Bundan sonra Ukrayna Silahlı Qüvvələri hərəkətə keçməyə hazır olacaqlar. Bunu “bayramı korlamaq üçün” mayın 9-da edəcəklərmi? Bəlkə də hə, bəlkə də yox. O, yalnız bizdə, Rusiyadadır ki, hər şeyi bayramlara – 8 marta, 9 maya uyğunlaşdırırlar. Ukrayna Silahlı Qüvvələri tam irəliləməyə və cinahları kəsməyə hazırdır. Cinahlarımızı heç kim bağlamayıb”.
Priqojin yenə Müdafiə Nazirliyini ittiham edib və nazirliyin guya “Vaqner”-in cinahlarını bağladığı barədə bəyanatlarını “tam yalan” adlandırıb. O, deyib ki, nə “Vaqner”-ə, nə də nizami orduya lazımi miqdarda silah-sursat verilmir və Priqojin bunu “cinayətkar idarəçilik”lə əlaqələndirib. O, sonda “vaqnerçilər”in böyük itkilər səbəbindən tükənməsindən də gileylənib.
Xatırladaq ki, Ukraynanın əks-hücum əməliyyatının tarixi ilə bağlı indiyə qədər müxtəlif tarixlər səsləndirilsə də, ölkə rəhbərliyi konkret vaxt söyləməkdən çəkinir. Ukrayna hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov isə artıq yaz aylarında Ukrayna ordusunun Krım ərazisinə daxil olacağını proqnozlaşdırıb.
“AzPolitika.info”

Şərhlər