Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində Rusiya ordusunun gecə saatlarında endirdiyi raket zərbəsi nəticəsində 3-ü uşaq olmaqla 25 nəfər yaralanıb.
“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, Rusiya ordusu qanadlı raketlərlə zərbə endirib, onlardan yeddisi vurulub. Raketlərdən biri sənaye müəssisəsinə düşməsi nəticəsində yanğın başlayıb.
Yaşayış massivində 19 hündürmərtəbəli bina, 25 fərdi yaşayış evi, 6 məktəb və məktəbəqədər təhsil müəssisəsi, 5 mağaza, həmçinin rayonun bir sıra rayonlarında 40-a yaxın yaşayış binası və daha bir məktəbə ziyan dəyib.
Lısak xəbər verir ki, Rusiyanın Dnepropetrovsk vilayətində Nikopol şəhərini atəşə tutması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Güclü artilleriya zərbəsi altı çoxmərtəbəli binaya və daha altı fərdi yaşayış evinə, həmçinin bir neçə yardımçı tikiliyə, iki qaz kəmərinə və elektrik xəttinə ziyan vurub.
Ötən gecə Rusiyanın Xerson vilayətinə raket zərbəsi endirməsi nəticəsində bir yerli sakin həlak olub. Bu barədə vilayət hərbi idarəsindən bildirilib.
Ukrayna hərbçiləri təsdiqləyiblər ki, mayın 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya strateji təyyarələrlə hücum edib və havadan 18 qanadlı raket atıblar.
“Onlardan 15-i məhv edilib”, - Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı “facebook”-da yazıb.
Bundan əvvəl Kiyev administrasiyası məlumat vermişdi ki, Ukraynanın paytaxtına atılan bütün raketlər vurulub.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya növbəti raket hücumunu hələlik şərh etməyib.
Rasim
“AzPolitika.info”


Şərhlər