“Roskosmos”un sabiq başçısı, Donetskdə ad gününü qeyd edərkən Ukrayna Ordusunun zərbəsi nəticəsində oturacaq nahiyəsindən ağır yara almış Dmitri Roqozin Ukraynanın ünvanına növbəti təhdidlər səsləndirib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukraynanın gözlənilən əks-hücumu barədə danışan Dmitri Roqozin bu hücumda Ukraynanın silah və şəxsi heyət sarıdan üstünlüyə malik olacağını və onun qarşısının yalnız nüvə silahı ilə alına biləcəyini söyləyib: “Gözləyirik ki, ilk zərbə uzun mənzilli sistemlər olan “HİMARS”-larla endiriləcək. Onlar bizim müdafiə xəttini “yandırmağa” çalışacaqlar. İkinci, dronların hücumunu gözləyirik. Onlar artıq dronları bizim birinci müdafiə xəttimizə qarşı aktiv şəkildə tətbiq edirlər. Daha sonra ağır tanklar – “Abrams”-lar, “Leopard”-lar və digərləri gələcək. Bir də piyadalar. Ona görə də bizim vəzifəmiz maksimum dərəcədə istehkam rayonlarına sığınaraq, birinci raket zərbəsinə dözmək, dronların hücumlarından şəxsi heyətin itkilərini minimuma endirmək, daha sonra tankları qarşılamaqdır”.
Nüvə silahının tətbiqinin zəruriliyini isə Roqozin güc nisbətinin bərabər olmaması, daha dəqiq desək, üstünlüyün Ukrayna tərəfində olması ilə izah edib: “Bizim doktrinaya uyğun olaraq, taktiki nüvə silahını tətbiq etməyə tam ixtiyarımız var. Çünki o, elə bunun üçündür. Gücdə və adi silahlarda qəti üstünlük qarşı tərəfdədirsə, onun hücumunun qarşısını almağın ən yaxşı yolu taktiki nüvə silahından istifadədir. Bunun nəticələri? əlbəttə ki, bəllidir. Ancaq məncə, bugünkü vəziyyətdə başqa variant yoxdur”.
Qeyd edək ki, istər Ukrayna rəhbərliyi, istərsə də Ukraynanın Qərb tərəfdaşları yaxın günlərdə əks-hücum əməliyyatının başlayacağına dair siqnallar verirlər. Bir çox ekspertlər Rusiya ərazisinə çoxalan PUA hücumlarını, yanacaq anbarlarının, dəmir yol xətlərinin partladılmasını və digər diversiya əməliyyatlarını Ukrayna əks-hücumunun ilkin əlamətləri hesab edirlər. “Vaqner” başçısı Yevgeni Priqojin isə artıq bu hücumun başladığını və ilk olaraq Rusiyanın artilleriya mövqelərinin hədəf alındığını bildirib.
“AzPolitika.info”

Şərhlər