Bakı-Qazax magistralında maksimum sürət həddi 90 km/saat olduğu yerdə vətəndaş 101 sürətlə 150 manat cərimə olunub.
Tovuz rayon sakini Əzizov Əhməd Sakit oğlu “AzPolitika”-ya ünvanladığı şikayətdə bildirib ki, 60-BZ-866 nömrə nişanlı avtomobili ilə Bakı-Qazax magistralı üzrə hərəkət edən zaman bu yolun 280-ci kilometrliyində (Yevlax DYP postunun yaxınlığında-red.) radara düşüb: “Yolun 279-cu kilometrliyində maksimum sürət həddinin 90 km/saat olduğunu göstərən dövlət nişanı var. Mən də bu həddə uyğun olaraq hərəkətimi davam etdirmişəm. Ancaq yolun 280-ci kilometrliyində 60 km/saat sürət həddinə dair heç bir dövlət nişanı olmadığı halda, bu həddi keçdiyim üçün cərimə olunmuşam”.
“Mənə ünvanlanan cərimə protokolunda bildirilib ki, yolun 280-ci kilometrliyində maksimum sürət həddi 60 km/saat müəyyən olunub və bu yolda 101 km/saat sürətlə hərəkət etdiyim üçün radara düşmüşəm. Bunun üçün də 3 bal və 150 manat cərimə olunmuşam”, - şikayətçi bildirir.
Ə. Əzizov qeyd edir ki, bu barədə yol polisinə məlumat versə də, “Neyniyək, çəkib-çəkib də, radardı. Ödəməlisən” cavabını alıb.
Şikayətçi bu barədə Daxili İşlər Nazirliyinə də şikayət ünvanladığını, lakin məsələyə etinasız yanaşıldığını deyir. O, şikayətinin düzgün araşdırılmasını və ondan asılı olmayan səbəblərdən yazılan cərimənin ləğv olunmasını xahiş edir.
“AzPolitika.info”




Şərhlər
Bu saat DIN qaz vurub qazan doldurulurlar .Bu qeder xercleyirler pulu ondansa Sinqapurdaki kimi her yere kamera etsinler
Yol polisi qazilərə də böyük cərimələr yazır.Ölkədə qanunlar futbol topu kimi istənilən yönə fırladılır.