Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını (“MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir. Məlumatı Rusiya Mərkəzi Bankının saytına istinadən АК&M agentliyi yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır.
Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.
Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.
* * *
Azərbaycan Beynəlxalq Bankı (ABB) “ABB-Moskva” bankının Rusiyanın Mərkəzi Bankı tərəfindən inzibati məsuliyyətə cəlb olunması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
ABB mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, mütəmadi monitorinq zamanı Rusiya Mərkəzi Bankı tərəfindən Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan "ABB-Moskva" bankının müştərisinin əməliyyatı barədə hesabatın göndərilməsində gecikmə aşkarlanıb.
“Bu pozuntu bankın fəaliyyəti müddətində ilk hal olduğundan qəsdən edilmədiyi və az əhəmiyyətli olduğu üçün, habelə pozuntunun törədilməsinə təsir edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib”,- deyə məlumatda bildirilir.
Qeyd edək ki, Rusiya Federasiyası İnzibatı Hüquqpozmalar Məcəlləsinə əsasən, movcud hüquqpozmaların ağırlıq və onun ictimai təhlikəlilik dərəcəsindən, hüquqpozmanın baş vermə şəraitindən və digər texniki səbəblərdən asılı olmayaraq Mərkəzi Banka qanunun pozulmasına görə inzibati tədbirlər görmək səlahiyyəti verilib.


Şərhlər