Türkiyənin keçmiş İqtisadiyyat naziri, CHP-nin keçmiş İstanbul millət vəkili Kamal Dərviş 74 yaşında dünyasını dəyişib.
“AzPolitika.info” NTV telekanalına istinadla xəbər verir ki, Dərviş Vaşinqtonda yerləşən klinikaların birində müalicə olunurdu. Onun Parkinson xəstəliyi ilə mübarizə apardığı, son üç ayda xəstəliyinin daha da şiddətləndiyi bildirilir.
Kamal Dərviş 2000-ci ilin noyabrında və 2001-ci ilin fevralında baş verən iki maliyyə böhranından sonra Türkiyəyə dəvət alıb. 22 il Dünya Bankında tutduğu vəzifədən istefa verərək 13 mart 2001-ci ildə Bülent Ecevit hökumətində İqtisadiyyat üzrə dövlət naziri postunu tutub.
2002-ci ilin avqustunda o, baş nazirin müavini Dövlət Baxçalı ilə yaranmış fikir ayrılığına görə tutduğu vəzifədən istefa verib.
İsmail Cem, Zeki Eker və Hüsamettin Özkanla birlikdə Yeni Türkiyə Partiyasının yaradılmasında iştirak edib. Lakin o, bu partiyaya qoşulmayıb və Cümhuriyyət Xalq Partiyasından deputatlığa namizəd olub. 3 noyabr 2002-ci il seçkilərində CHP-dən İstanbul millət vəkili seçilib. 2005-ci il mayın 9-da isə deputatlıqdan istefa verib və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri təyin edilib. 2009-cu ildə o, bu vəzifəni Yeni Zelandiyanın keçmiş baş naziri Helen Klarka təhvil verib.
Kemal Dərvişin Türkiyədə ölkəni borc bataqlığına sürükləyən, 2000-ci illərin əvvəlindəki iqtisadi böhranı daha da dərinləşdirən bir şəxs kimi tanınır. Qərbin maliyyə dairələrinin "adamı" olan Kemal Dərvişin o zaman Türkiyəyə məhz dövləti Beynəlxalq Valyuta Fondunadan (BVF) və Dünya Bankından asılı vəziyyətə salmaq üçün göndərildiyi bildirilir. Qısa müddətdə BVF-dən külli miqdarda borc alıb "havaya sovurması" da bu məqsədə xidmət edirdi. O zaman baş nazirin müavini Dövlət Baxçalı ilə aralarında mübahisə də məhz bu səbəbdən yaranmışdı.
Türkiyədə 2002-ci ildəki hakimiyyət dəyişikliyi Qərbin bu planlarını və Kemal Dərviş kimilərin niyyətlərini boşa çıxardı.
“AzPolitika.info”


Şərhlər