SƏNƏ BORCUMUZ VAR

İdman zalında həyatını itirən 7 yaşlı Fərid Bakarovun xatirəsinə

Getdin...

Bir an kimi qısa ömründə yaddaşımızda silinməz izlər qoydun. İdman zalına böyük arzularla, ümidlərlə, qələbə qazanmaq həvəsi ilə və bir Allah bilir ki, uşaq təxəyyülündə canlandırdığın daha hansı istəklərlə gəlmişdin. Bu zalı yaralı bədənin, günahsız ruhun, qırılmış ürəyinlə tərk etdin...

Bu qısa ömründən geriyə həyatla ölüm arasındakı amansız çarpışmadan video-görüntülər qaldı...

Bu görüntülərlə səni tanımayanlar da tanıdı. Məsumluğun, günahsızlığın göz önündə idi. Köməksizliyin, çarəsizliyin hamını göz yaşlarında boğdu, ürəyini köz kimi yandırdı. Bu andan sonra sən hamının balası idin, bizim Fərid balamız.

İndi sənin günahsız ruhunla söhbət edirəm. Dahilərdən biri deyib ki, bu dünya üçün qurulan səadət sarayının təməlinə bir körpənin göz yaşı axacaqsa, o sarayı tikməyə dəyməz. Sən idmanda ilk addımlarını atırdın. Böyük uğurlar qazanıb çempion da ola bilərdin. Bu yolda çətinliklərə sinə gərmək, məhrumiyyətlərə dözmək, heyrətamiz dərəcədə iradəli olmaq lazım gəlir. Sən də buna hazır idin. Əks-təqdirdə həvəslə, böyük ümidlərlə idman zalına gəlməz, məşqlərin ağırlığına dözməz, boş vaxtını adi uşaq oyunları ilə keçirərdin. Bəs nə baş verdi? Tale səni qazanacağın bu uğurlaramı qısqandı? Nə baş verdiyindən asılı olmayaraq, sən qalibsən, bizim idmançı balamız. Sən çempionsan, ən uca zirvədəsən. Məsumluğun, günahsızlığınla, həyatla ölüm arasındakı çarpışmanla bu zirvəni və həm də duyan ürəkləri fəth etdin.

Boş qalan çarpayın kimi, idman zalındakı yerin də boş qalacaq... Yataq otağında da, idman zalında da izin qalan, səni xatırladan nələrinsə yerini dəyişib nəyisə unutmağa çalışacaqlar... Amma sənin boş qalan yerin hər zaman görünəcək. Ruhun məsum və ürkək baxışlarla o yerdən boylanacaq. Həyat davam edəcək, sənsə həmişəlik olaraq 7 yaşında qalacaqsan...

Yorulmuşdun...

Məşqin yaşına uyğun olmayan ağır yükünə görəmi? Aldığın xəsarətlərin içində dözülməz ağrısınımı çəkirdin? İdman döşəyində oturduğun yerdə saçından tutub səni qaldıranda yəqin ki, ağrıya dözməyib bir anlıq sanki müqavimət də göstərmək istədin. Amma körpə vücudundakı gücün buna yetmədi...

Sənə qarşı olan anlaşılmaz bu amansız şiddət artdıqca yaşıdlarının, məşq yoldaşlarının gözü qarşısında heydən düşürdün, aldığın fiziki və mənəvi zərbələrə görə sənə heç kəs kömək edə bilmirdi. O uşaqlar da uzun illər unudulmayacaq mənəvi zərbələr aldılar. Düşdüyün o vəziyyətdə belə qürurunu, ləyaqətini itirmədin. Son gücünü toplayıb əl işarələrinlə "mənə heç nə olmayıb” mesajını verdin...

Bu, sənin körpə qürurunun, məşq yoldaşlarının yanında sınmaq, əyilmək istəməməyinin son işartıları, son isbatı idi. Sən haqlı idin, sənə "heç nə olmamışdı”, nə olmuşdusa insanlığa olmuşdu, Fərid balamız.

Həmin gün görəsən nə baş verirdi? Həyatının sonu niyə belə amansızlıqla gəlirdi? Yaşıdlarının yanında tale səni niyə belə amansız sınağa çəkirdi? Bəlkə dözümünü, iradəni yoxlamaq istəyirdi? Bəlkə də bu rəzalətə etiraz edib qaçardın o zaldan. Amma yaşıdlarının yanında bunu qüruruna sığışdırmadın və həm də səni qarşıda günlərlə hazırlaşdığın idman yarışı gözləyirdi. Bu yarışda yəqin ki, qalib gəlmək, çempion olmaq ümidin var idi. İnanıram ki, çempion olacaqdın da...Uğur qazanmaq, qalib gəlmək üçün dözürdünmü bütün olanlara? Həyatda çox vaxt böyük qələbələr, uğurlar qurbanlar bahasına başa gəlir. Hətta kimlərsə bu yolda ömrünü qurban verir. Sən də həyatını arzularına, qazanacağın qələbələrə çox tez qurban verdin, çox erkən qıydın, Fərid.

Həyatda elə hadisələr var ki, onlar ibrət dərsi götürmək üçün baş verir. Sən bir an kimi keçən 7 illik ömrünü belə faciəli sonluqla başa vurmaqla insanlığa böyük bir ibrət dərsi verdin. İdman zallarında məşq prosesində baş verən nöqsanlara diqqəti yönəltdin. Ancaq bu, təəssüf ki, sənə ömrünün bahasına başa gəldi... İdman həyatımızın ayrılmaz bir parçasıdır. Yaşıdların olan minlərlə uşaqlar yenə də idman zalına gələcək, idmanla məşğul olub uğurlar qazanacaq, çempion olacaqlar. Onlara dövlətimiz tərəfindən qayğı göstəriləcək, mükafatlar veriləcəkdir. Bu, sağlam, vətənpərvər gənc nəslin yetişməsi üçün çox vacibdir. Həyat da davam edəcək, idmandakı uğurlar da. Ancaq sən olmayacaqsan, 7 yaşlı idmançı kimi yaddaşlarda yaşayacaqsan... Bu hadisə olmaya da bilərdi. Təəssif ki, hamını kövrəldən, bu amansız olayın şahidi olduq. O zaman əlimizdən heç nə gəlmədi. İndi sənin günahsız ruhun qarşısında nəsə etməyə borcluyuq. Bu mənəvi borcu ödəməklə bəlkə də təsəlli taparıq. Düşünürəm ki, hər il uşaqlar arasında məşğul olduğun idman növü üzrə xatirə turniri keçirmək olar. Bu xatirə turnirinin baş tutması, davamlı olması üçün hər kəs əlindən gələni əsirgəməməlidir.

Yarımçıq qalan arzularına və səni qoruya bilmədiyimizə görə...

P.S. Fərid balamız, bu faciənin səbəbkarı olan məşqçin, onun insanlığa sığmayan hərəkətləri haqqında bilərəkdən heç nə yazmadım. Bağışla, sənin günahsız ruhunla söhbətimdə ona yer ayırmaq istəmədim. Onun bu əməlinə sübhə yoxdur ki, hüquqi qiymət veriləcək və layiq olduğu cəzasını alacaq. Allah hər şeyi görən və biləndir. Hər hansı günaha, edilən zülümə görə sonda ən ağır cəzanı da O verir.

Hacı Murad

635x100

Şərhlər

Azərbaycanlı 2023-05-11 17:27:14

Bu bir mələk idi Kİ, Azərbaycan qoruya bilmədi

t.ədalət 2023-05-11 09:05:03

Körpə Fəridin i9şgəncə verə-verə öldürülməsində narkoman idmançı ilə yanaşı cəmiyyətin,ən başda ailə problemləri ilə məşğul olmaq üçün yaradılmış komitənin də böyük günahı var.Hər yerdə,xüsusilə, uşaqlarla məşğul olunan yerlərdə narkomaniya ilə əlaqədar testlərin keçirilməsi vacib idi.Dövlət ölkəyə qənim kəsilmiş narkomanları hər yerdə axtarmalıdır.Meyxanə məclislərindən tutmuş avtomobil sürücülərinədək!Qanında psixotrop maddə aşkarlananlar cəmiyyətin təhlükəlilər deyilən bucağına ötürülməlidirlər.

Son yazılar