Polşa prokurorluğu Almaniyanın keçmiş kansleri Gerhard Şröderlə bağlı istintaqa başlayıb.
“AzPolitika.info” Polşa mediasına istinadla xəbər verir ki, istintaq siyasətçinin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının hazırlanmasındakı rolu ilə maraqlanır.
“İstintaqın əldə etdiyi sənədlərə görə, alman siyasətçi Rusiyanın enerji sektorundakı mövqelərindən Aİ ölkələrinə və Ukraynaya qarşı daha çox təzyiq göstərmək üçün istifadə edə bilər”, - yerli radiostansiyanın saytında dərc olunan məqalədə deyilir.
Müstəntiqlər keçmiş kanslerin işğala hazırlıqda hansı rol oynadığını anlamağa çalışırlar. Rusiya hücuma başlayandan sonra Şröder Kremldən uzaqlaşmadı və Rusiyanın enerji şirkətlərində vəzifə tutmağa davam etdi.
Ötən gün xarici KİV-lər yazıb ki, Şröder 1945-ci ilin mayında Sovet İttifaqının Almaniya üzərində qələbəsinin ildönümü münasibətilə Rusiyanın Berlindəki səfirliyində keçirilən qəbulda iştirak edib.
Şröder Putinlə müharibə başlayandan bir neçə həftə sonra Moskvada, sonra isə 2022-ci ilin iyulunda görüşüb. Hər görüşdən sonra o, əmin edirdi ki, guya Moskva müharibəni bitirməkdə maraqlıdır.
Gerhard Şröder 1998-2005-ci illərdə Almaniya hökumətinə rəhbərlik edib və 1999-2004-cü illərdə SPD-nin lideri olub. Federal kansler postunu tərk etdikdən sonra Şröder uzun illər Rusiyanın enerji şirkətlərində mühüm vəzifələrdə çalışıb.
“AzPolitika.info”


Şərhlər