QARABAĞDA ƏN ÇOX HANSI PEŞƏLƏRƏ TƏLƏBAT VAR? – İşçilər üçün hansı güzəştlər mövcuddur?

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas missiyalardan biri də – Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və bu ərazilərdə məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılmasıdır.

Bu səbəbdən də Prezidentin sərəncamına əsasən, “2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”nı təmin etmək üçün Böyük Qayıdışa dair Dövlət proqramı qəbul edilib. Hazırda Böyük Qayıdışın reallaşmsı üçün əsas infrastruktur layihələr (dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı) icra edilir, tikinti işlərinin miqyası genişləndirilir.

Təbii ki, bütün bu planları həyata keçirmək üçün insanların Qarabağda əmək fəaliyyəti ilə məşğulluq dərəcəsini yüksəltmək tələb olunur. Hökumət Böyük Qayıdış planını daha sürətli şəkildə icra etmək üçün işğaldan azad olunmuş ərazilərdə çalışan işçilərə bir sıra güzəştlər və maliyyə yardımları edir.

Ölkə başçısının mayın 8-də imzaladığı qanunvericilik aktı da işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərini, bir sıra güzəştlərin tətbiqini nəzərdə tutur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bura - işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması, hər il 5 gün əlavə məzuniyyət verilməsi, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, əmək miqrasiyası sahəsində bir sıra güzəştlər daxildir.

Bu güzəştlərin işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərdə əmək müqaviləsi ilə işləyən işçilərə aid olduğu deyilir. Bildirilir ki, bu kriteriyalara uyğun olan şəxslər 2028-ci ilə qədər birdəfəlik 600 manat müavinət, aylıq vəzifə maaşına əlavə, hər il 5 gün əlavə məzuniyyət kimi güzəştlərdən yararlana biləcəklər.

Bəs Qarabağda hazırda hansı peşə sahələrinə daha çox tələbat var?

Ötən ilin sonunda Dövlət Məşğulluq Agentliyi Qarabağ üzrə təklif olunan müxtəlif məvacibli işlərin siyahısını açıqlayıb. Siyahıda Qarabağda əsasən, fəhlə, dam ustası, suvaqçı və rəngsaza ehtiyac olduğu qeyd edilib. Bu cür işlərdə çalışanlara 850-900 manat arasında məvacib təklif edilir.

Aktiv vakansiyalar hansılardır? Əməkhaqqı hansı civardadır?

Hazırda Dövlət Məşğulluq Agentliyinin rəsmi internet səhifəsində “Qarabağ” adlı platformada vətəndaşlara bir sıra vakansiyalar təklif olunur. Vakansiyalar işğaldan azad edilən əksər rayonları (Cəbrayıl, Zəngilan, Ağdam, Laçın, Şuşa və Xocavənd) əhatə edir və məvacib də vakansiyalara uyğun olaraq dəyişir. Vakansiyadan asılı olaraq aylıq əməkhaqqı 350-1500 manat aralığındadır. Qeyd edək ki, işəqəbul prosesində məcburi köçkün statusu olan şəxslərə üstünlük verilir.

Hazıra aktiv olan vakansiyaların tam siyahısını təqdim edirik:

Vəzifə              Ünvan      İş rejimi Təhsil əməkhaqqı    yaş tələbi

Qəlibçi             Füzuli        6 gün     orta      380 AZN          23-25

Dəmirçi            Füzuli        6 gün     orta     380 AZN          23-25

Çilingər            Şuşa         3 növbəli  peşə    800 AZN       25-40

Dülgər              Şuşa        3 növbəli  peşə    800 AZN        25-40

İş icraçısı         Füzuli       6 gün      Ali      1500 AZN         30-55

Operator         Füzuli        6 gün     orta      600 AZN          25-45

Qaynaqçı        Füzuli       6 gün     peşə     800 AZN          25-50

Qəlibçi            Ağdam     6 gün       orta      350-670 AZN   18-65

Minaaxtaran  Cəbrayı   l 6 gün       orta      360 AZN           20-40

Qarabağda işləmək üçün hara müraciət etmək lazımdır?

Qeyd edək ki, bunun üçün Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Məşğulluq” altsistemində vakansiya bankı yaradılıb. Həmin vakansiya bankına yerləşdirilən boş iş yerləri arasında işğaldan azad olunan ərazilər üzrə də vakansiyalar mövcuddur. Həmin ərazilərdə hazırda tikinti, quruculuq işləri aparıldığı üçün vakansiyalar əsasən inşaat sahəsi, mühəndis, memar, yük avtomobili sürücüləri və s. istiqamətdədir. Həm vakansiyalarla tanış olmaq, həm də iş yerlərinə müraciət etmək üçün işsiz və işaxtaran vətəndaşlar Bakı şəhəri üzrə DOST mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edə bilərlər.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar