Yüksək rütbəli Rusiya məmurlarına vəzifələrindən istefa vermək qadağan edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiyanın “Vajnıye istorii” nəşri məlumat yayıb. Qəzet yazır ki, bu qeyri-rəsmi qadağa Rusiya-Ukrayna müharibəsi başlayandan, xüsusilə də cəbhədə uğursuzluqlar artandan sonra sərt şəkildə tətbiq olunmağa başlayıb.
Qəzet Kremlə yaxın mənbələrə istinadla bildirir ki, artıq azı iki qubernator öz vəzifəsindən istefa vermək istəyib. Həmin qubernatorların adları çəkilmir.
Ancaq qeyd olunur ki, Rusiya Prezident Administrasiyasından onlara sərt xəbərdarlıq edilib: “Onlara sadəcə istefa vermək qadağan edilməyib, həm də cinayət işinin açılacağı ilə bağlı xəbərdarlıq olunub”.
Məlumatda deyilir ki, ümumiyyətlə, Ukraynaya qarşı hərbi əməliyyatlar başlayandan sonra bir çox məmurlar istefa vermək və ölkədən getmək istəyiblər.
Lakin Kreml yüksək vəzifəlilərin istefa istəyini xəyanət kimi qəbul edir və onlardan “birlik nümayiş etdirmələri” tələb olunur. Yalnız səhhətilə bağlı ciddi səbəbləri olan və Kreml rəhbərliyindən birbaşa razılıq alan vəzifəlilər istisna təşkil edir.
Xatırladaq ki, işğalçılıq müharibəsi başlayandan bu yana Putinin ətrafındakı ən hay-küylü istefa onun beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi və yaxın adamlarından biri sayılan Anatoli Çubaysın istefası və Rusiyanı tərk etməsi olub.
“AzPolitika.info”


Şərhlər