Baxmut istiqamətində Ukrayna ordusunun əks-hücum əməliyyatları davam edir.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Baxmut ərazisindəki hərbçilərlə görüşən Ukrayna Quru Qoşunları komandanı, general Aleksandr Sırskiy döyüşçülərin şücaətini yüksək qiymətləndirib.
General deyib ki, Baxmut istiqamətində ordunun əks-hücum əməliyyatları 3 gündür davam edir və bu, düşməni çaş-baş salıb: “Rusiyalılar bilmirlər ki, hücum haradandır, baş hücum haradan olacaq, Baxmut ətrafında nə baş verir. Onlar faktiki olaraq Baxmutu mühasirəyə aldıqlarını güman edirdilər, indi isə vəziyyət tamamilə başqadır”.
Sırskiy deyib ki, hazırda Baxmutdakı “vaqnerçilər” özlərini “tələyə düşmüş siçan kimi” hiss edirlər. Çünki Ukrayna ordusu həm şimaldan, həm də cənubdan hücumlarını davam etdirir və bu hücumlar uğurludur.
General bildirib ki, əslində Baxmutda baş verənlər daha çox əks-hücum yox, aktiv müdafiə əməliyyatlarıdır və ordu rəhbərliyilə yanaşı, yerlərdəki komandirlər bu istiqamətdə atılacaq növbəti addımları müzakirə edirlər.
“AzPolitika.info”


Şərhlər