Noyabrın 19-da prezident Vladimir Putin ABŞ-ın Rusiyadakı yeni səfirini qəbul edib.
Putin Vaşinqtondan Moskvaya bərabərhüquqlu əməkdaş kimi yanaşmağı və ölkəsinin işlərinə qarışmamağı tələb edib. Bu barədə "Reuters" xəbər verir.
Yeni səfir Con Teft etimadnaməsini təqdim etdikdən sonra bildirib ki, məqsədi ayrı-ayrı şəxslər arasında münasibətləri möhkəmləndirməkdir. O, Ukraynaya görə ciddi fikir ayrılıqlarının olduğunu deyib.
Səslənən fikirlər sabiq "soyuq müharibə" düşmənləri arasında uçurum olduğunu göstərir. Hər şeyə yenidən başlamağa çalışan Obamanın Maykl Makfolun yerinə Tefti səfir təyin etməsi ziddiyyətə və gərginliyə səbəb olub. Yeni səfirin qəbul edilməsi ilə bağlı tədbirdə Tefti qarşılayan Putin soyuq davranıb.
"Biz bir-birimizin maraqlarına, bərabər hüquqlarına hörmətlə yanaşmaq və başqasının daxili işlərinə qarışmamaq prinsipləri əsasında müxtəlif sahələrdə amerikalı həmkarlarımızla praktiki əməkdaşlığa hazırıq", - Putin deyib. Budəfəki mülahizələr kobud olsa da, əvvəlki qədər sərt səslənməyib. Putin əvvəllər ABŞ-ı dünyada gedən proseslərdə dominantlığını göstəməkdə və Rusiyanı sıxışdımaqda ittiham edirdi.
Rusiyanın Krımın anneksasiyası və Kiyev hökumətinə qarşı çıxan separatçıları dəstəkləməsinə görə ABŞ və Aİ Moskvaya sanksiyalar tətbiq ediblər.
Mərasimdən sonrakı bəyanatında Teft Rusiya hakimiyyət orqanları ilə "açıq və səmimi dialoq" aparacağını bildirib. "Rusiyanın Ukrayna siyasəti ilə bağlı aramızda ciddi fərqlər var. Prezident Barak Obamanın Brisbendə G20 sammitində dediyi kimi, ümid edirik ki, Rusiya Ukraynanın suverenliyinə hörmətlə yanaşaraq, beynəlxalq qanunlara müvafiq "yeni yol" seçəcək. Biz qlobal iqtisadiyyata tam inteqrasiya olan və öz xalqının mənafeyi üçün inkişaf edən bir Rusiya görmək arzusundayıq. Bu, qlobal problemlərin həllində yenidən birgə əməkdaşlığımıza gətirib çıxara bilər", - o deyib.
Rusiya rəsmiləri Teftə rəğbət bəsləməsələr də, Moskva onun təyinatını təsdiqləyib. Teft 2008-ci ildə Rusiya ilə qısa müharibə vaxtı Gürcüstanın səfiri idi. O, ötən ilin iyul ayınadək 4 ilə yaxın ABŞ-ın Ukraynadakı səfiri vəzifəsində çalışıb. 1990-cı illərin 2-ci yarısında o, Moskvada ABŞ səfirliyində ikinci mühüm adam olub.
Qeyd edək ki, Suriyadakı vətəndaş müharibəsi, silahlanmaya nəzarət, insan hüquqları məsələləri və Putinin öz rəqibləri ilə rəftarı kimi digər məsələlərdə münasibətlərdə gərginlik var. /eunews.az/


Şərhlər