“DAHA BİR NEÇƏ BANK BAĞLANACAQ” – Lisenziyası ləğv olunan bankın sahibi Mərkəzi Bankı ittiham etdi

Mərkəzi Bankın 16 may tarixli qərarı ilə daha bir bank – “Günay Bank” ASC bağlanıb. Mərkəzi Bank əsas kimi “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə istinad edərək Bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olmasını, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasını, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyini göstərib. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə düşüb.

Xatırladaq ki, mayın 11-də “Günay Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağının keçirilməsinə dair elan verilmişdi. Gündəliyə bankın nizamnamə kapitalının artırılması məsələsi daxil edilmişdi. Bankın son məlumatlarına görə, nizamnamə kapitalı 64,9 milyon manat təşkil edirdi.

“Günay Bank”ın sahibi Mahmud Məmmədov isə Mərkəzi Bankı qınayıb. O, bildirib ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank "Günay Bank"-a vəsait ayırmayıb. “Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü", - o qeyd edib.

İqtisadçı Samir Əliyev bildirib ki, “Günay Bank” ASC-nin bağlanması xəbəri bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə təhlükə yaratmayacaq, amma proses bununla dayanmayacaq. “Bir neçə bank var ki, onların bağlanmaq ehtimalı yüksəkdir. Bu, həm də ölkədə aparılan bank siyasətinin tərkib hissəsidir. Bu siyasət də ondan ibarətdir ki, neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur. Son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək. Bunun həm də dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir”, - ekspert qeyd edib.

“Günay Bank” ASC 1992-ci ildə yaradılıb. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinovadır. Mərkəzi Bank açıqlamasında qeyd edib ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdikləri filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“AzPolitika.info”

635x100

Şərhlər

2+2=4 2023-05-17 19:17:49

Davamı: Hörmətli Azpolitika! Bank sektorunun stabilliyi, sabit fəaliyyəti iqtisadiyyatda makromaliyyə sabitliyinin təmin olunmasının əsas amilidir və bu baxımdan Mərkəzi bank tərəfindən qəbul olunan qərarların kənardan, mahiyyətlə tanış olmayan şərhçilər tərəfindən şərh edilməsini doğru hesab etmirəm. Yaxşı olardı ki, qəbul olunmuş qərarların izahı, şərhi üçün məhz mərkəzi bankın mütəxəssislərini, analitiklərini dəvət edəsiniz....məsələ ondadır ki, prudensial normalara riayət edilməməsi bankın bağlanması üçün ciddi səbəbdir !!!

2+2=4 2023-05-17 17:20:02

Başa düşmədim....1. “neft pullarının azalması fonunda Azərbaycan iqtisadiyyatı üçün mövcud bank sayı çoxdur”....niyə??? Əksinə, neft pullarının azalması fonunda dövriyyədə olan pul kütləsinin genişlənməsi, artırılması problemi bir azda aktuallaşır...bu səbəbə görə bankların sayı azaldılması bilməz; ....2. «son 10 ildə bankların sayı 45-dən 24-ə endirilib. Yaxın illərdə onların sayı 20-dən də aşağı düşəcək”......bunu da başa düşmürəm burda fəxr olunası nə var??? Əmək bazarına olan neqativ təsirləri qoyaq bir tərəfə (işsizliyin artımı, əhalinin gəlirlərinə azalma istiqamətində təsirlər, peşəkar, ixtisaslı kadrların bazardan çıxması və s.), bu tendensiya iqtisadi aktivliyin yüksəlişinə neqativ təsirlər müəyyənləşdirir;...3. “dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da bunu tələb edir”.... blokçeyn texnologiyasının tətbiqi bankların sayının azaldılmasın tələb edir ??? Niyə??? İnkişaf etmiş elə ölkələr varki hər tində bir bank və ya bank filialı fəaliyyət göstərir.....))))) əgər elektron ticarət inkişaf edirsə mağazaların sayı azalmalıdır ???....)))))))))

Son yazılar