Menu

Rusiya növbəti hücumlarla bağlı xəbərdarlıq edib

20.11.2014, 11:46
Rusiya növbəti hücumlarla bağlı xəbərdarlıq edib

Noyabrın 19-da Rusiyanın xarici siyasət rəhbəri bildirib ki, Ukraynanın separatçıların əllərində olan bölgəyə büdcə ödənişlərini dayandırması növbəti hücumdan xəbər verir.

Ayın əvvəlində Ukrayna rəsmiləri separatçıların əllərində olan bölgəyə 2,6 milyard dollarlıq dövlət yardımını dayandıracaqlarını bildirmişdilər. Bu isə buradakı acınacaqlı iqtisadi vəziyyəti daha da pisləşdirə bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov parlamentə müraciətində bildirib ki, Kiyev məsələni silah gücü ilə həll etmək üçün növbəti hücuma başlaya bilər.

Ötən həftələrdə separatçıların əllərində olan bölgədə onlarla zirehli yük maşını, artilleriya və ağır texnikalar gözə çarpıb. Bu isə tezliklə hərbi əməliyyatların yenidən başlamasına narahatlıq yaradıb. Atəşkəs imzalansa da, hər gün davam edən atışmalar nəticəsində mülki vətəndaşlar və döyüşçülər həlak olur. Gərginliyin artmasından ehtiyat edən Ukrayna prezidenti Petro Poroşenko ayın əvvəlində hökumətin əlində olan bölgələrin müdafiəsi üçün şərq hissəyə əlavə qoşun göndərib.

Bu həftə ağır artilleriya zərbələri separatçıların nəzarətindəki ən böyük şəhərin - Donetskin əksər hissələrini təchiz edən su təmizləyici sistemi zədələyib. Noyabrın 19-da Donetsk hökuməti bildirib ki, qonşuluqda bir çox yerdə su kəsilib. Digər su ehtiyatları isə mərkəzi istilik sistemi üçün saxlanılıb. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol